Azərbaycanın yeri və rolu əhəmiyyətli dərəcədə güclənməkdədir

“Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu əhəmiyyətli dərəcədə güclənməkdədir. 28 May – Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Cozef Baydenin Prezidentimiz cənab İlham Əliyevə göndərdiyi təbrik məktubundakı fikirlər bu faktı bir daha təsdiq edir”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, ABŞ Prezidentinin məktubunda Azərbaycanın müstəqilliyi və suverenliyinə dəstək xüsusi vurğulanır.

Məktubda yer alan məqamlar dünyanın supergüc dövləti olan ABŞ-ın Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqları qəbul edilməsinin göstəricisidir. Belə ki, Prezident Cozef Bayden ölkəsinin bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu, Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulmasında kömək etməyə hazır olduğunu ifadə edib. Bu yanaşma, əslində, ABŞ-ın regionumuzda yaranmış reallığı qəbul etməsi, dəstəkləməsi kimi qiymətləndirilməlidir. Ağ ev bu məktubla faktiki olaraq Azərbaycanın sülh təşəbbüslərini dəstəklədiyini ən ali səviyyədə bəyan etmiş olur. Millət vəkilinin sözlərinə görə, təbrikdə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyi, Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığı vurğulanır. Eyni zamanda, ABŞ Prezidenti Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımını təqdir edir.

“Digər vacib məqam isə Azərbaycanın terrorizmə qarşı mübarizədə beynəlxalq koalisiyanın fəal üzvü olmasıdır. Ölkəmizin bu baxımdan prinsipial mövqeyi dünya birliyi tərəfindən daim yüksək dəyərləndirilib. C.Bayden də təbrik məktubunda bu məqama toxunaraq ölkəmizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələri təqdir edib. ABŞ Prezidenti həmçinin, ölkəsinin Azərbaycanla bundan sonra da əlaqələrinin inkişafına maraqlı olduğunu diqqətə çatdırıb. Beləliklə, ABŞ-ın ölkəmizlə münasibətləri genişləndirmək istəyinin olması bir daha sübut edir ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Ölkəmiz bu nailiyyətlərə Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində imza atır. ABŞ Prezidenti tərəfindən Azərbaycana verilən böyük dəyər də məhz Azərbaycan Prezidentinin yürütdüyü siyasət, dövlətimizin başçısı İlham Əliyevin beynəlxalq miqyasda yüksək şəxsi nüfuzu ilə əlaqədardır”,-deyə Fatma Yıldırım vurğulayıb. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə