Paşinyan məğlub durumunu yüngülləşdirməyin yollarını axtarır - DEPUTAT ŞƏRH ETDİ

Paşinyan məğlub durumunu yüngülləşdirməyin yollarını axtarır - DEPUTAT ŞƏRH ETDİ

“Ermənistan həmişə olduğu kimi özünün destruktiv mövqeyində qalmaqdadır. 30 ilə yaxın bir müddətdə biz müşahidə etdik ki, Ermənistan münaqişənin dinc vasitələrlə tənzimlənməsi imitasiyası ilə məşğul olur. Bu müddət ərzində özünün işğalçılıq siyasətini daha da gücləndirib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirib təxribatlar törədib: “44 günlük Vətən müharibəsində biz Ermənistanın işğalçı ordusunu darmadağın edib, torpaqlarımızı işğaldan azad etdik. Ermənistan kapitulyasiya sənədini imzalamaq məcrubiyyətində qaldı. Lakin bundan sonrakı dövrdə də müşahidə etdik ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin ağır, məğlub durumunu yüngülləşdirmək yollarını axtarmaqdadır. Gah Avropaya üz tutur, gah da fərqli cəhdlər edir. Bununla bərabər özünün düşməni sülhə məcbur etmə strategiyasını uğurla davam etdirdi. Bu gün də davam etdirməkdədir. Paşinyanın Ermənistanın ağır, məğlub durumunu qismən də olsa yüngülləşdirmək istiqamətində etdiyi bütün cəhdlər boşa çxdı. Belə olan halda isə o sülhdən danışmaq məcburiyyətində qaldı. Yəni bunu məcburən etdi.

Avropada Şarl Mişelin iştirakı ilə baş tutan görüş zamanı da Paşinyan kifayət qədər üzüyolalıq sərgilədi. Bundan sonra Ermənistan tərəfindən heç bir addım atılmadı.

Sonuncu aprel ayının 6-da Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Paşinyan arasında baş tutan görüş zamanı aprel ayının sonuna kimi sərhədlərin müəyyənləşdirilməsi üçün işçi komissiyasının yaradılması haqqında razılıq əldə edildi. Azərbaycan tərəfi komissiyanın tərkibini müəyyənləşdirdiyi halda Ermənistan tərəfi hansısa texniki məsələləri bəhanə gətirərək, bu günə qədər komissiyanı müəyyənləşdirməyib. Bu özü də onu göstərir ki, Ermənistan yenə də imitasiya ilə məşğul oldu.

Ermənistanın Azərbaycanın irəli sürdüyü beş təklifi qəbul etməsi ilə bağlı sərgilədiyi mövqe müəyyən ümidlər yaratsa da sonradan Ermənistanın təklif etdiyi əlavə 6 variant konkret şəkildə göstərir ki, Ermənistan yenə də hər vasitə ilə sülh müqaviləsini imzalamaqdan yayınır. Məsələn, Ermənistanın təklifləri içərisində göstərilir ki, heç vaxt Azərbaycana qarşı ərazi iddiaları olmayıb və olmayacaq. Təbii ki, heç bir reallığa əsaslanmır. Azərbaycana qarşı ərazi iddiaları olub, 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayıb. O ərazilərdə daşı daş üstündə qoymayıb. Özünün işğalçılıq siyasətini malalamağa çalışır. Ermənistanın irəli sürdüyü digər bənddə yenə Qarabağın statusu məsələsi qabardılır. Biz demişik ki, Qarabağın statusu ola bilməz. Ermənilər Azərbaycan ərazisində yaşayan digər insanların öz mövcudluqlarını davam etdirə bilərlər. Azərbaycanın qanunlarına tam tabe olaraq separatizmdən tam əl çəkərək bundan sonra da yaşaya bilərlər.

Ermənistanın bu təklifləri aydın şəkildə göstərir ki, o öz xoşu ilə sülh sazişini müzakirə etməyəcək. Beləliklə sülh sazişini imzalamaqdan yenə də yayınır. Amma bu gün dünya ölkələri post-münaqişə mərhələsində Azərbaycanın yaratdığı reallıqları qəbul etməkdədirlər. Azərbaycan öz mövqeyini daha da gücləndirməklə, Ermənistanı sülhə məcbur etmə taktikasını və yaxud strategiyasını uğurla sona çatdıracaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə