Azərbaycan və Aİ arasında strateji əlaqələr mövcuddur - POLİTOLOQ AÇIQLADI
“Azərbaycan dövləti həyata keçirmiş olduğu strateji diplomatiya nəticəsində Avropanın enerji təhlükəsizliyində önəmli rol alan geosiyasi faktorlardan birinə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli bildirib.
Onun sözlərinə görə, əvvəldən Avropa İttifaqı ilə Azərbyacan arasında dərinləşən strateji tərəfdaşlıq münasibətlərinə məhz enerji təhlükəsizlik amili ilə yanaşılmasında fayda var: “Çünki Azərbaycan dövləti hazırda Avropanın bir çox ölkəsinin enerjiyə olan tələbatının ödənilməsində fəal şəkildə iştirak edir. Xüsusilə nəzərə almaq lazımdır ki, Avropada artıq ötən ildən başalayaraq enerji və təbii qazla bağlı bir böhran yaşanmaqdadır. Həmçinin Rusiya-Ukrayna müharibəsi fonunda gələn qış və payız aylarında Avropa ölkələrində enerjiyə olan tələbat daha da artacaq. Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında olan enerji sahəsindəki əməkdaşlıq artan dinamika ilə inkişaf edəcək. Azərbaycan və Avropa İttifaqı ilə qeyd etdiyim kimi strateji tərəfdaşlığımız da mövcuddur. Kiçik ölkə olmağımıza baxmayaraq artıq Avropa İttifaqına üzv olan 9-a yaxın ölkə ilə bizim tərəfdaşlıq münasibətlərimiz var. Buna dolayısı ilə Avropa İttifaqının Azərbaycan üçün strateji tərəfdaş olduğunu deməyə əsas verir. Qərbdə çox nüfuzlu bir təchizat rolunda çıxış edən Avropa İttifaqının Azərbaycanla strateji tərəfdaş olması təbii ki, Azərbaycanın xarici siyasətinin uğurlu nəticəsi kimi xarakterizə olunmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə