28 May Azərbaycan tarixində önəmli yerlərdən birini tutur - MİLLƏT VƏKİLİ AÇIQLADI

“1918-ci il 28 May Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. Həmin gün Azərbaycan xalqı 100 illik fasilədən sonra özünün dövlət müstəqiliyini bərpa edə bildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, qısa müddət ərzində həmin dövrün tələblərinə cavab verən müasir bir dövlət qura bildik: “Ancaq çox təəssüf ki, Azərbaycan xalqı müstəqilliyə hazır olsa da, beynəlxalq birliyin qaydaları müstəqiliyimizin uzun müddət yaranmasına imkan vermədi. 23 aydan sonra müstəqiliyimiz itirildi. Bununla belə 23 ay ərzində Cümhuriyyətin ataları tarixin şanlı səhifələrini yazdılar, parlament quraraq ordumuz yaradıldı.

Azərbaycan təhsil sistemi müsasir səviyyədə quruldu, dünya ilə münasibətlərin möhkəmlənməsi üçün çox ciddi addımlar atıldı. Mətbuatımız, ədəbiyyatımız, incəsənətimiz həmin dövrün abu-havasını özündə qoruyub saxlaya bildi. Həmin illər yaradıcı insanların əsərlərində Azərbaycan adının tanıdılması istiqamətində çox böyük işlər görüldü. 23 ayın əks-sədası sonradan 1991-ci ilə qədər Azərbaycan cəmiyyətində dəfələrlə hiss edilərək, nəsillərdən-nəsillərə ötürüldü. Bütün dünya birliyində özümüzün nüfuzlu yerlərdən birini tutması üçün söhbətlər və danışıqlar aparıldı. Nə qədər çalışılsa da, həmin dövrün müsbət əhval-ruhiyyəsi beyinlərdən və düşüncələrdən silinmədi. Müstəqiliyə bağlılıq, 28 may ideallarının əbədi yaşarlığı Azərbaycan cəmiyyətini 1991-ci ildə yenidən dövlət müstəqiliyini bərpa etməyə imkan verdi. Ulu öndər Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi bir dövrdə azərbaycançılığın yaşaması və möhkəmlənməsi uğrunda böyük işlər gördü. Prinsip etibari ilə Heydər Əliyevin fəaliyyəti Azərbaycanı həmin müstəqilliyə hazırladı. Onun 1993- cü ildə yenidən böyük siyasətə qayıdışı müstəqiliyimizi möhkəmləndirdi.

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız özünün müstəqilllik ruhunu yüksək səviyyədə yaşadır. Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan öz ərazi bütövlüynü təmin etdi. İşğaldan azad olunan torpaqların bərpası və məcburi köçkünlərin həmin ərazilərə çatması üçün çox böyük işlər görülür. Bu gün biz ulu babablarımızın ruhu qarşısında onların müstəqillik arzusunu yaşatdığımızı fəxrlə deyə bilərik”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə