“Rusiya Ermənistanla Azərbaycan arasında birbaşa ünsiyyətin qurulmasını istəmir” MÜSAHİBƏ

Politoloq Anar Əliyevin “Səs” qəzetinə müsahibəsi

- Anar müəllim, Brüssel görüşündə əldə olunan razılaşmaya əsasən sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Azərbaycan işçi qrupunu yaratsa da, Ermənistan hələ ki, işçi qrupunun yaradılmasını yubadır. Bunu Ermənistanın üzərinə götürdüyü öhdəlikdən imtinası kimi qiymətləndirmək olar?

- 6 aprel Brüssel görüşü zamanı ən mühüm nəticələrdən biri Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası işi ilə məşğul olacaq işçi qrupun qısa müddət ərzində yaradılması və aprel ayının sonlarına kimi ilk iclasın keçirilməsi ilə bağlı razılaşma idi. Təəssüflər olsun ki, ay yarım müddət ərzində Ermənistan tərəfindən bu istiqamətdə ciddi addım atılmayıb. Azərbaycan tərəfi dəfələrlə bəyan etdiyi kimi, həm işçi qrupun tərkibi, həm də keçiriləcək görüşlə bağlı razılığı versə də, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, Ermənistan tərəfindən bu istiqamətdə addımlar atılmadı. Tam əksinə Rusiyanın ciddi təzyiqləri ilə Ermənistan tərəfi Azərbaycanla birbaşa ikitərəfli əlaqələrin qurulmasından mümkün qədər yayınmağa çalışır.

- Burada Rusiyanın Ermənistana təsirinin mühüm rol oynadığını demək olarmı?

- Bəli, burada vacib amil Ermənistanın hazırkı hakimiyyətinin Ermənistan-Azərbaycan arasında münasibətlərinin tənzimlənməsi ilə bağlı dəqiq planlarının mövcud olmamasından daha çox Rusiyanın müəyyən dairələrinin ciddi təzyiqi ilə üzləşməsi nəticəsində Azərbaycan və Ermənistan arasında birbaşa əlaqələrin qurulmasında mümkün qədər ehtiyatlı davranmağının nəticəsidir. Çünki 6 aprel Brüssel görüşündən sonra Paşinyan Moskvaya dəvət edildi və həmin görüş zamanı Paşinyana ciddi şəkildə Azərbaycanla birbaşa əlaqələrdən yayınıb, yalnız rəsmi Kremlin iştirakçılığı ilə münasibətlərin tənzimlənməsi formatının daha çox diqqət ayırmasını təkidlə tələb etdilər. Eyni zamanda, Paşinyan və onun komandasının 6 aprel görüşündən sonra bir necə dəfə Azərbaycanın müxtəlif səviyyəli rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi məsələn, xarici işlər nazirləri arasında telefon danışıqlarının baş tutması eyni zamanda, Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə Azərbaycan Prezidentinin köməkçisi arasında görüşlərin keçirilməsi Ermənistan tərəfdən Azərbaycanla birbaşa ünsiyyətin qurulmasında maraqlı olduqlarını nümayiş etdirirdi. Lakin Rusiyanın ciddi təzyiqləri xüsusilə də, 25 apreldən başlayaraq Ermənistan daxilində revanşist qüvvələrin hərəkətə gətirilməsi və xalqın hakimiyyətə qarşı müqavimətinin formalaşdırılması istiqamətində addımların atılması, Ermənistan hakimiyyətinin daha ehtiyatlı olmağa və Rusiyanın iştirak etmədiyi birbaşa danışıqlardan çəkinməyə məcbur etdi.

- Demək olarmı Ermənistan həmişə olduğu kimi, bu dəfə də Rusiyanın əlaltısı rolunda olduğunu nümayiş etdirir?

- Bu proseslərin xüsusilə də, Ermənistanla Azərbaycan arasında Brüssel formatının əsas uğuru kimi qiymətləndirilən birbaşa danışıqların zəiflədilməsi və işçi qrupunun yaranması ilə bağlı Ermənistan tərəfindən ciddi addımlar atılmaması yalnız Rusiyanın maraqlarına xidmət edir. Son günlər ərzində Rusiyanın Ermənistana qarşı həyata keçirdiyi ciddi təzyiqlərin nəticəsi kimi qiymətləndirilə bilər. Bundan sonra da həm Ermənistan-Azərbaycan sərhədində müxtəlif istiqamətli təxribatlar, həm də Ermənistanın bu günə qədər üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməsi ilə bağlı xüsusilə də, ikitərəfli nəqliyyat-komissiya xətlərinin aşılması ilə bağlı məsələlərdə ciddi problemlər özünü göstərəcəkdir. Unutmayaq ki, bir necə gün bundan öncə Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova mətbuata açıqlamasında da maraqlı bir fikir səsləndirdi və açıq şəkildə bəyan olundu ki, Rusiya Ermənistan-Azərbaycan arasında, xüsusilə, sərhədlərin delimitasiyası ilə məşğul olacaq işçi qrupunun yaradılmasında maraqlıdır. Lakin burada vacib və fərqli bir məqam bu prosesdə Rusiya tərəfinin iştirakının vacibliyinin zəruriliyinin qeyd olunması idi. Mariya Zaxarova açıq mətinlə bildirdi ki, bu komissiyanın yaradılmasında Rusiya maraqlı olduğu kimi, tərəflər arasında münasibətlərin tənzimlənməsində Rusiya komissiyanın içində iştirak etməklə məsləhətçi, məşvərətçi hüquqlarına sahib olmalıdır. Bu səlahiyyətlərindən istifadə edərək tərəflər arasında münasibətlərin tənzimlənməsində yardım göstərməyə hazırdır. Bütün bunlar onu göstərir ki, bəli, Rusiya Ermənistanla Azərbaycan arasında birbaşa ünsiyyətin qurulmasına qətiyyən imkan vermək istəmir. İndiki situasiyada xüsusilə də Rusiya Ukrayna müharibəsi fonunda demək olar ki, dünyanın əksər dövlətləri tərəfindən blokadaya alınan, iqtisadi sanksiyalar tətbiq edilən Rusiya bir çox digər bölgələrdə də Qərbin mümkün qədər Rusiyanı sıxışdırıb çıxarmağa çalışdığı indiki dövrdə Cənubi Qafqazdakı proseslərdən kənarda qalmaq istəmir. Mümkün qədər Cənubi Qafqazdakı proseslərdən tənzimlənməsindəki özünün mühüm rolunu daha da genişləndirmək və tərəflərin bu roldan Rusiyadan asılı olduğunu daim nümayiş etdirməyə çalışır. Hesab edirəm ki, bəli, indiki şəraitdə Ermənistanla Azərbaycan arasında gərginlik müəyyən dövr üçün davam edəcəkdir. Təbii ki, bölgəmizdə böyük və davamlı sülhün əldə olunmasına xidmət edəcək Ermənistanla Azərbaycan arasında müqavilələrin imzalanmasında müəyyən dövr üçün gecikmələr baş verə bilər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə