Azərbaycan xalqı bu torpaqlara əbədi olaraq qayıdıb - ŞƏRH EDİLDİ

"Bildiyimiz kimi, artıq bir neçə gündür ki, Prezidentimiz cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərdə səfərdədir. Dövlətimizin rəhbəri və Birinci vitse-prezident Füzulidə və Şuşada bir sıra infrastruktur və sosial layihələrin təməlqoyma mərasimlərində iştirak edərək görülən möhtəşəm işlərin vəziyyəti ilə tanış olublar". Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, mayın 12-də isə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilən Beynəlxalq "Xarıbülbül" festifalında iştirak ediblər: "Qürurla qeyd etməliyik möhtərəm Prezidentimizin, eləcə də Birinci vitse-prezidentimizin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına hər səfəri çox əlamətdar və mühüm məqamlarla yadda qaldı.

Öncə qeyd etmək lazımdır ki, ümumiyyətlə, dövlət başçımızın müntəzəm olaraq işğaldan azad olunmuş ərazilərə səfər etməsi onun işğaldan azad edilmiş ərazilərdə görülən hər bir işə şəxsən möhtərəm Prezidentimizin ciddi nəzarət etməsi həm də bəzi qüvvələrə də ciddi mesajdır. Prezidentimiz hər çıxışında səsləndirdiyi “Azərbaycan xalqı bu torpaqlara əbədi olaraq qayıdıb və əbədiyyətə qədər xalqımız bu torpaqlarda sülh, əmin-amanlıq şəraitində və firavan həyat yaşayacaq” və "Qarabağ Azərbaycandır" fikirləri sözsüz ki, İrəvanda ciddi narahatlıq doğurur".

Deputat sözlərinə belə davam edib: "Hesab edirəm ki, bu fikirlər uzun illər xalqımıza düşmənçilik mövqeyində və ərazi iddiasında olan erməni təcavüzkarlarına və onları dəstəkləyən qüvvələrə ciddi xəbərdarlıqdır. Xüsusi vurğulamaq lazımdır ki, bu gün dövlətimizin ən böyük istəyi və məqsədi məcburi köçkünlərin tezliklə öz dədə-baba yurdlarına qaytarılmasıdır. Bununla bərabər Qarabağın, bu torpaqların bəşər sivilizasiyasına çoxsaylı töhfə vermiş bir məkan kimi ən qısa zamanda dünyaya tanıdılmasıdır. Möhtərəm Prezidentimizin sərəncamı ilə 2021-ci ilin Şuşa ili elan edilməsi də məhz bu məqsədə xidmət edir.

Bildiyimiz kimi, Şuşa tarixən mədəniyyətin, incəsənətin beşiyi olub. Bu mənada, 2021-ci ildən başlayaraq Şuşada ənənəvi keçirilən müxtəlif mədəniyyət tədbirlərinin yenidən keçirilməsi həm Qarabağın Azərbaycanın əbədi və əzəli torpaqlarının olmasını sübut edirsə, digər tərəfdən min illər boyu xalqımızın Qarabağda yaratmış olduğu mədəniyyətin dünya mirasının bir parçası olduğunu dünyaya nümayiş etdirməkdir. Bu mənada, Prezident İlham Əliyev və Mehriban Əliyevanın may ayının 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə Şuşa və Füzuliyə növbəti səfəri özlüyündə rəmzi məna daşıyır.

Bildiyimiz kimi, möhtərəm Prezidentimiz ən əziz günləri, hətta ad günlərini belə bölgələrdə, xalqımızın ən sadə nümayəndələri ilə birgə keçirir. Artıq bu bir ənənədir. Son səfəri də öncə çağdaş dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə dövlət başçısının və Azərbaycan xaqlının dərin hörmət və ehtiramının təzahürü kimi qiymətləndirmək olar. Prezidentin Şuşa və Füzuliyə səfəri özlüyündə Ulu Öndər Heydər Əliyevin “Mən Ona özüm qədər inanıram” fikrinin, eləcə də Ata vəsiyyətinin, onun arzularının yüksək səviyyədə yerinə yetirilməsinin bir daha təsdiqini tapmasının və reallaşdığının bariz nümunəsidir.

Qeyd etdiyim kimi, artıq ölkə başçısının Qarabağ və Şərqi Zəngəzura ardıcıl səfərləri silsilə xarakteri alıb. Dövlət başçısı bir yerdə təməlqoyma mərasimində, başqa bir yerdə isə açılış mərasimlərində iştirak edir. Bu baxımdan da biz Prezident İlham Əliyevin “Qarabağda cənnət yaradacağıq” vədinin günbəgün və həm də çox sürətlə gerçəkləşdiyinin şahidiyiq. Onun rəhbərliyi altında işğaldan azad olunmuş bütün ərazilərdə yüksək standartlarla quruculuq işləri sistemli, ardıcıl və sürətlə həyata keçirilir. 30 il erməni silahlı birləşmələrinin işğalı altında qalan, dağıdılan, talan edilən, ekoloji terrora məruz qalan torpaqlarımıza bu gün yeni nəfəs gəlir, canlanır, çiçəklənir. Bu dəfə həmin canlanmanı xalqımız Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində və eləcə də “Shusha Boutique Hotel”də və Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işlərinin fonunda gördü.

Həmçinin Prezident İlham Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında da iştirak etdi. Bütün bunlar işğaldan azad olunmuş tarixi torpaqlarımızda həyata keçirilən quruculuq işlərinin masştabının nə qədər geniş və hərtərəfli olduğunu göstərməklə bərabər, bu torpaqlarda daşı-daş üstünə qoyaraq, erməni vandalizmindən əziyyət çəkmiş tarixi ərazilərimizin bərpasının həyata keçirildiyini göstərir. Bir daha qeyd etmək istərdim ki, bu son səfərin yaddaqalan mühüm hadisələrdən biri də may ayının 14-dək davam edəcək Şuşa şəhərinin salınmasının 270 ilinə və Şuşa ili çərçivəsində keçirilən ənənəvi V Beynəlxalq Xaribülbül festivalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə