Tam 30 il öncə (08.05.1992)

Azərbaycanın əbədi-əzəli, tarixi Qarabağ torpaqlarında yerləşən Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunmuşdu. Bütün Azərbaycan xalqı hər il bu günü böyük kədərlə qeyd edir, lakin heç bir zaman ümidini itirməyərək böyük inamla milli ruhun zəfər çalacağı günü gözləyirdi.
Nəhayət 28 il sonra, ulu öndər Heydər Əliyev ideologiyasını daim rəhbər tutan və bu istiqamətdə əməli fəaliyyət göstərən müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun şücaəti və xalqın birliyi ilə 44 günlük Vətən müharibəsindən əldə etdiyimiz qələbənin böyük sevincini və qürurunu artıq qeyd edirik.

Biz ötən illərdə işğal olunmuş Şuşanı, darmadağın edilmiş tarixi abidələrini, məhv edilmiş mədəniyyət mərkəzlərini, təhqir olunmuş ibadət ocaqlarını, viran edilmiş təhsil müəssisələrini, zorakılığa məruz qalmış təbiətini məyusluqla qeyd edirdiksə, bu gün böyük fəxarət hissi ilə əliyalın Azərbaycan əsgərinin keçməzliyi ilə məşhur olan qayaları aşıb, qalanı keçib Şuşanı necə azad etməsi haqqında danışırıq.

Möhtərəm Prezidentimiz 2022-ci ili "Şuşa ili" elan etməklə bizim sevincimizi daha da taclandırdı.
Bu günlər biz Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada "Xarıbülbül" festivalı, Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı, Dünya Azərbaycanlılarının V Qurultayı, Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması mərasimi və s. tədbirlər keçiririk.

Qalib bir xalq üçün bundan daha böyük qürur hissi varmı?!
Bu sevinci, fərəhi bizə yaşadan müzəffər Komandan və onun əsgərlərinə eşq olsun. Bu Zəfər yolunda qəhrəmancasına döyüşərək canlarını qurban vermiş şəhidlərimizi dərin ehtiramla anır, qazi qardaşlarımıza uca Tanrıdan can sağlığı arzu edirəm.

Uğurlarımız davamlı, zəfərimiz bol olsun!

Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə