Azərbaycan böyük gücə malikdir - DEPUTAT ŞƏRH ETDİ

Azərbaycan böyük gücə malikdir - DEPUTAT ŞƏRH ETDİ

"Dünya Azərbaycanlılarının V Qurultayı Şuşa şəhərində keçirildi. Təbii ki, bu qurultay özgə torpaqda, özgə şəhərdə yox, Azərbaycanın tarixi şəhəri, mədəniyyət beşiyi olan Şuşada keçirildi. Bunun da çox böyük mənası var". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, bu, o deməkdir ki, Qarabağ və Qarabağın ürəyi olan Şuşa Azərbaycanındır: "Şuşa dünya azərbaycanlılarını bir məxrəcə gətirən bir şəhərə çevrilib. Dünya azərbaycanlılarının ən böyük arzularından biri də Qarabağın işğaldan azad olunması idi. Bu istiqamətdə gedən mübarizə və bu mübarizənin nəticəsi olaraq 44 günlük müharibədə Azərbaycan xalqı öz sözünü dedi. Xalq bir dəmir yumruq kimi birləşə bildi. Müzəffər Ali Baş Komandan Ermənistan və onun havadarlarının qarşısından çəkilmədi, onların təzyiqlərinə əhəmiyyət vermədi, ordu isə Azərbaycan torpaqlarını öz canı, qanı bahasına işğaldan azad etdi".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Şuşada V Qurultayın keçirilməsi bir daha onu göstərdi ki, 50 milyonluq xalqın ən böyük arzusu Azərbaycanın işğal altında qalan torpaqlarının azad olunması uğrunda mübarizəsidir: "Bu mübarizə nəticəsində xalq 30 ildən sonra öz ərazi bütövlüyünü təmin edə bildi. Bu gün Şuşa həmçinin mədəniyyət beşiyimiz olması ilə yanaşı Şuşa Azərbaycan xalqı üçün şərəf, namus, qeyrətdir. Azərbaycan əsgəri də dünyaya bəyan etdi ki, bu namusu, qeyrəti qorumaq üçün biz hər bir gücə malikik. Ermənilər tərəfindən işğal olunmuş bu şəhər Azərbaycan əsgərləri tərəfindən azad olunarkən bir güllə belə atılmadan, şəhərin heç bir tikilisinə zərər vermədən işğaldan azad olundu.

Bu gün Qarabağda quruculuq işləri aparılır. Azərbaycan öz tarixində ilk dəfə olaraq ona düşmən olan Ermənistanı darmadağın etdi. Bu baxımdan Şuşada keçirilən qurultay xüsusi əhəmiyyətə malikdir. Bu qurultayda cənab Prezidentin nitqi isə xüsusi əhəmiyyətə malikdir. Cənab Prezident çıxışı zamanı bildirdi ki, əgər, ermənilər növbəti dəfə hər hansı bir xülyaya düşmüş olsalar, bu, Ermənistanın gələcək taleyi ilə bağlı olacaq. Azərbaycan Ermənistanı hədələmir, Azərbaycan Ermənistanın havadarlarına qarşı düşmən mövqe bəsləmir. Azərbaycan öz ərazi bütövlüyünü qoruyub saxlamaq üçün ən böyük gücə malikdir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə