Ukrayna savaşı regional müharibəyə çevrilmək təhlükəsində, növbəti hədəf Moldova ola bilər!
1990-cı ilin 2 sentyabr tarixində Moldovadan ayrılaraq “müstəqilliyini” elan etmiş “Dnestryanı Moldova Respublikası” (“DMR”) separatçı rejim hüdudlarında son iki gündə baş verən iki hadisə diqqətləri cəlb etməyə bilməz. Belə ki, yalnız Moldova hüdudları ilə deyil, həm də Ukrayna ilə sərhəddə yerləşən separatçı rejimin “paytaxtı” Tiraspolda əvvəlcə “Milli Dövlət Təhlükəsizliyi” binasına qumbaraatandan atəş açıldı, daha sonra isə Mayak deyilən məntəqədəki radiotelemərkəzin ərazisində partlayış meydana gəldi.

Artıq bu barədə müxtəlif, eləcə də Moldova KİV-ləri də informasiyalar yayıblar. Xəsarət alanlar haqqında məlumatlar verilməsə də, artıq bu məsələdə ən çox Rusiyanın əlinin olduğu iddiaları irəli sürülməkdədir.
Separatçı rejimin əsas məqsədi isə heç də “müstəqil respublika” kimi qalmaq deyil, əksinə, Rusiyaya birləşməkdən ibarətdir
Məlumdur ki, qondarma “Dnestryanı Moldova Respublikasının” elan edilməsi prosesi məhz SSRİ-nin süquta uğradığı vaxtlardan başladı və separatçılara ən çox dəstəyi də Rusiya göstərdi. Əbəs deyil ki, 30 ildir ki, separatçı rejimin əsas müdafiəsini Rusiya sülhməramlıları kontingenti həyata keçirməkdədir.

Daha dəqiq desək, Rusiyanın müxtəlif hərbi hissələri bu əraziyə cəlb ediliblər. Məhz bu baxımdan, hazırda orada baş verən son olayların analizini aparmamışdan öncə bəzi xatırlatmaları da etmək yerinə düşərdi. Belə ki, bir neçə il davam edən silahlı qarşıdurmalardan sonra “DMR” problemi dondurulmuş münaqişə predmeti kimi də qiymətləndirilir. Separatçı rejimin əsas məqsədi isə heç də “müstəqil respublika” kimi qalmaq deyil, əksinə, Rusiyaya birləşməkdən ibarətdir.

Qeyd edək ki, 2016-cı ilin 17 sentyabr tarixində qondarma rejimin “prezidenti” 17 sentyabr 2006-cı ildə keçirilmiş qanunsuz “referendumun” nəticələrinə istinad edərək “qanunvericilik bazasını” Rusiyanın bazasına müvafiq olaraq “təsdiq” edib, eləcə də növbəti mərhələdə “DMR”in Rusiya Federasiyasının tərkibinə qatılacağını bildirib. Artıq Rusiya Federasiyasının bayrağı separatçı rejimin ikinci dövlət bayrağı kimi “qanunla” müəyyən edilib.
Partlayışları hansı tərəf törədib?
Məhz bu reallıqlardan həm də belə bir nəticə hasil etmək mümkündür ki, hazırda Ukraynada hərbi əməliyyatlar keçirən Rusiya regiondakı mövqelərini möhkəmləndirmək üçün uzun illər dondurulmuş saxlanılan Dnestryanı problemini yenidən qabartmağa cəhdlər göstərir. Bu baxımdan, haqqında bəhs edilən hər iki partlayışın məhz Rusiyanın xüsusi xidmət orqanları tərəfindən təxribat-diversiya məqsədi ilə törədildiyi daha çox ehtimal olunmaqdadır.

Son vaxtlar Moldova Respublikasının xanım prezidenti Maya Sandu Ukraynada baş verən məlum olaylarla bağlı Rusiyanın hərbi müdaxiləsini sərt şəkildə tənqid atəşinə tutub və böhran başlayan andan Moldova Ukraynadan olan qaçqınları qəbul etməklə yanaşı, onların üçüncü ölkələrə çıxışları üçün bütün mümkün şəraitləri yaradıb.
Və bu gün Moldova Respublikasının siyasi dairələri də yaxşı bilirlər ki, bir az da olsa boş dayansalar Ukraynada baş verənlərin qığılcımları bu ölkəyə də sıçraya bilər. Necə deyərlər, “rus ayısının” gözü qızarıb və o, qarşısına çıxan hər maneəni dağıtmağa hazırdır.
2004-cü ildən NATO-ya üzv olan Rumıniyanın məqsədinin Moldovanı yenidən tarixi ərazilərinə geri qaytarması və Moldovanın da bu faktoru dəstəkləməsi kimi paralel maraqları mövcuddur
İddialar var ki, Moldovanın tarixi parçası olduğu Rumıniya da son vaxtlar cərəyan edən hadisələr səbəbindən ehtiyat tədbirlərini görür. Məsələ ondadır ki, 2004-cü ildən NATO-ya üzv olan Rumıniyanın məqsədinin Moldovanı yenidən tarixi ərazilərinə geri qaytarması və Moldovanın da bu faktoru dəstəkləməsi kimi paralel maraqları mövcuddur. Həmçinin bu gün Moldova silahlı qüvvələrində rumın zabitlərinin və yüksək rütbəli komandan heyətlərinin fəaliyyət göstərmələri də artıq sirr deyil.

Və bunu yaxşı bilən, görən və dərk edən Rusiya Ukraynaya qarşı apardığı müharibədə regional strateji mövqelərini itirməməsi, əksinə daha çox qazanması üçün “DMR” kartını yenidən ortaya atmaqla əslində Moldovaya mümkün hərbi müdaxiləsini reallaşdırmaq istəyindədir. Ən azından, bu ehtimallar daha çox görünməyə başlayıb.
Ona görə də “DMR”də baş vermiş hər iki partlayışın Rusiya diversiya qrupları tərəfindən həyata keçirildiyi iddia olunmaqdadır. Buna daha bir səbəb isə Ukraynanın Rusiyaya qarşı güclü müqavimət göstərməsi faktıdır. Hələ fevralın 24-dən əvvəl, yəni hərbi əməliyyatlara qədər iddia olunurdu ki, Rusiya uzağı iki həftəyə Kiyevi mühasirəyə alaraq işini bitirəcək. Ancaq üç ayı keçən hərbi əməliyyatların hətta bir neçə il davam edəcəyi mümkünlüyü də bildirilir. Onda Rusiyanın cəbhə xəttini dəyişərək məhz “DMR” istiqamətindən də hərəkətə keçməsi planları da kifayət qədər mümkün görünür. Buna qədər isə əldə əsas olmalıdır və bu əsas Moldovada rumın zabitlərinin yerləşməsi və NATO ölkəsi olaraq bazalarını qurmaq iddialarıdır.
Beləliklə, bu cür ehtimal və nəticə çıxarmaq olar ki, regionda daha bir dondurulmuş münaqişə ocağının alovlanacağı görünməkdədir. Bu ocağın Moldovada alovlanması isə baş verən iki partlayış olaylarından sonra daha çox görünməyə başlayıb.

Yeri gəlmişkən, Moldovadan ayrılaraq “müstəqilliyini” elan edən və bu gün Rusiyaya birləşmək planını gizlətməyən “DMR” adlı separatçı qurumun Qarabağdakı separatçı rejimlə də əlaqələri mövcuddur və bunu sübut edən fotolar da fakt kimi göstərilə bilər!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB