Ana dili xalqın mövcudluğu deməkdir ŞƏRH

Hər bir xalqın ana dili onun mövcudluğunun əsas şərtidir. Xalqımız çoxəsirlik tarixində müxtəlif istilalara məruz qalmış, fərqli əlifbalardan istifadə etməyə məcbur edilmiş, lakin öz ana dilini heç vaxt unutmamışdır. Türk mənşəli dil olan Azərbaycan dili 1300 ildən artıqdır ki, xalqımızın ünsiyyət vasitəsi olmuşdur. Bu dil böyük inkişaf yolu keçən qədim ədəbi dillərdən biridir. Azərbaycan ədəbi dilinin tarixi bir neçə tarixi mənbənin üst-üstə düşən məlumatına görə XIII əsrə gedib çıxır. Ayrı-ayrı dövrlərdə azərbaycan dili sıxışdırılsa da, xalq öz ana dilini qorumuş və gələcək nəsillərə ötürmüşdür. Sovetlər dönəmində Azərbaycanın SSRİ-nin tərkibinə daxil olduğu dövrdə rus dili əsas dil hesab edilirdi. 1978-ci ilin aprel ayının 21-də qəbul edilmiş Azərbaycan Konstitusiyasına azərbaycan dilinin dövlət dili olması barədə maddənin salınması Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı çoxsaylı xidmətlərindən biridir.

Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildi. Həmin Konstitusiya müttəfiq Respublikalarda hazırlanacaq yeni Konstitusiyalar üçün bir növ nümunə və istiqamət rolunu oynamalı idi. Həmin Konstitusiyaya isə dövlət dili haqqında maddə salınmamış, ayrı-ayrı Respublikalarda qəbul edilmiş Konstitusiyaların heç birində həmin maddə öz əksini tapmamışdı. Ulu Öndər Heydər Əliyev yeni Konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınması üçün əzmlə mübarizə apararaq, ölkə ziyalılarını, alim, yazıçı və şairləri, bütün xalqı bu işə cəlb etdi, sovet rəhbərliyi tərəfindən edilən təzyiqlərə mətanətlə sinə gərdi.

1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Ulu Öndər Heydər Əliyev şəxsən özü rəhbərlik etməklə yeni Konstitusiya layihəsinin hazırlanması üçün xüsusi komissiya yaratdı. Yeni Konstitusiyanın qəbul edilməsi ərəfəsində də Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi ətrafında da çoxlu müzakirələr aparıldı və bu maddə yeni Konstitusiyada da əksini tapdı.

Referendumda Azərbaycanın demokratik, hüquqi, dünyəvi, respublika idarəetmə formasına malik bir dövlət kimi xarakterizə edən Konstitusiyaya xalq böyük bir coşqu ilə səs verdi. İndi dünyanın hər tərəfinə səpələnmiş 50 milyondan çox azərbaycanlı Azərbaycanı öz doğma vətəni hesab edir və azərbaycan dili vasitəsilə bir-biri ilə ünsiyyət saxlayırlar.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə