Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir - ŞƏRH
Dil bizim sahib olduğumuz ən böyük mənəvi sərvətlərimizdəndir. Ana dilimizin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında rolu böyükdür.Azərbaycan dili ötənlərin ağır sınaqlarından keçərək bu günümüzədək yetişmişdir. Dilimiz artıq milli dövlətçiliyimizin əsas göstəricilərindən biri kimi layiq olduğu ali məqama yüksəldilmişdir.SSRİ dövrü dilimizin keçdiyi çətin dövrlərdən biri idi. XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı və zənginləşməsi, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların tribunalarında səslənməsi bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Doğrudur,SSRİ Konstitusiyası qəbul edildikdən sonra milli dillərin sıxışdırılması üçün daha ciddi tədbirlər görülməyə başladı. Xalqını və millətini böyük məhəbbətlə sevən ümummilli lider o dövrün çətinliklərinə baxmayaraq ötən əsrin 70-ci illərində ana dilinə dövlət statusunun verilməsi uğrunda cəsarətlə və qətiyyətlə mübarizə aparmağa başladı.
Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda dil quruculuğu prosesi genişlənmişdir ki, bu, mədəni quruculuğun tərkib hissəsi olmuşdur. Amma Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə onun prinsipiallığı sayəsində 1978-ci ildə Konstitusiyanın 73-cü maddəsinə Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi bir müddəa daxil edilmişdir: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə bu məsələ Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Bununla da,Azərbaycan dili dövlət dili statusunu aldı. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi.
Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunmasından sonra Azərbaycan dilinin istifadəsində və inkişafında yeni mərhələ başladı. Ulu öndərin dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olmuşdur. Müstəqilliyə gedən yolda ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi Ulu öndərin vaxtilə yürütdüyü siyasətin nəticəsi idi.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilini müstəqil dövlətçiliyimizin əsas rəmzlərindən saymaqla,onun inkişafı, zənginləşməsi və saflaşması naminə daim, mərhələlərlə dövlət səviyyəli xüsusi tədbirlər həyata keçirmiş, ideyalar irəli sürmüşdür.Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarı olaraq mənsub olduğu xalqla qürur duyur, bununla fəxr etdiyini deyir və haqlı olaraq doğma dilinin inkişafı üçün əlindən gələni edirdi. O, haqlı olaraq hesab edirdi ki, hər bir dil öz xalqının dünyagörüşünün, intellektual səviyyəsinin və mənəviyyatının başlıca göstəricisidir. Dövlətimizin başçısı cənab İlham Əliyev də bu ali ideyaları,Ümummilli liderimizin müəyyənləşdirdiyi uzaqgörən siyasəti layiqincə və yaradıcı şəkildə davam etdirir, ona yeni impuls verir, ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirir.
İlham Ağayev – Masallı rayon Hişkədərə kənd orta məktəbinin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB