PREZİDENT İLHAM ƏLİYEV: "Əziz Şuşa, biz səni dirçəldəcəyik!"
2020-ci il noyabrın 8-də Qalib Ali Baş Komandan, Prezidenti İlham Əliyev Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən demişdi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!".
"ŞUŞA AZAD EDİLMƏDƏN BU ƏMƏLİYYAT TAMAMLANMIŞ SAYILMAZ, YARIMÇIQ QALAR"
Son 18 ildə xalqımızda Şuşa şəhərinin işğaldan xilas olunacağı günün tezliklə gələcəyinə, doğma Qarabağımızın “döyünən ürəyinin” düşməndən azad ediləcəyinə qəti əminlik vardı. Bu inamı, ümidi Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində silahlı qüvvələrimizin gündən-günə artan gücü və qüdrəti yaratmışdı. Sentyabrın 27-də başlayan əks-həmlə əməliyyatları ilə Silahlı Qüvvələrimiz addım-addım Şuşaya yaxınlaşırdı, bu, dövlətimizin başçısının dediyi kimi, uğura bir nəfəs qədər yaxın olduğumuzdan xəbər verirdi. Ali Baş Komandanımızın Türkiyə mətbuatına verdiyi müsahibələrin birində “Şuşa azad edilmədən bu əməliyyat tamamlanmış sayılmaz, yarımçıq qalar”, söyləməsi də bu qələbəyə yönələn ümid və əminliyimizi daha da artırırdı.
Nəhayət, o gün gəldi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərək dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 8 noyabrın 2020-ci il Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”.
“ƏZİZ ŞUŞA, BİZ SƏNİ DİRÇƏLDƏCƏYİK!”
Prezident İlham Əliyevin noyabrın 8-də xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərkən dediyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin gerçəkləşəcəyi heç kimdə şübhə doğurmur. Dövlətimizin başçısının qətiyyəti, prinsipiallığı, verdiyi vədə hər zaman sadiq olmağı bu əminliyi yaradır. "Mən Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm",-deyən dövlət başçımız bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Dövlət başçısının Qarabağla bağlı vədlərini də yerinə yetirməsinin şahidi olduq. Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirib ki, “Mənim sözüm imzam qədər qüvvətlidir”.
18 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Ulu Öndər Heydər Əliyevin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm", - deyərək son 18 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz - Qarabağ Azərbaycandır! - şüarlı haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət, Qələbə Zəfərimizə nail olduq!
"Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".
Azərbaycan Prezidenti İlham Əliyev son 18 ildə öz vədini yerinə yetirdi və bu gün də xalqı qarşısında bir daha sözü ilə əməli bir olan Liderdir! Bəli, bu, həqiqətən də belədir. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir", deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan da daha böyük uğurlar əldə edəcəyinə inanır. Bu inam, hər il görülən daha böyük uğurların nəticələrini gördükcə, sabaha daha böyük bağlılıqla inanır. Ancaq təəssüf doğuran odur ki, hələ də bəzi məmurlar şəxsi ambisiyalarından əl çəkməyərək çirkin əməllərə əl atır, işğaldan azad olunan torpaqlarda dövlət başçısının dediyi kimi: "Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir".
Ali Baş Komandanımız Prezident İlham Əliyev çıxışlarında ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacağını demişdi. Bu sözlər də artıq reallığa çevrilib və artıq həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşada güllələnmiş büstləri erməni vandalizminin şahidləridir. Birinci Qarabağ müharibəsi dövründə ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Lakin ulu öndər Heydər Əliyevin tədbirləri nəticəsində bu büstlər ermənilərdən pulla alınmışdı və artıq onlar Şuşadadırlar.
QƏLƏBƏMİZİN “ZƏFƏR YOLU” QARABAĞIN TACI OLAN ŞUŞA ŞƏHƏRİNƏ QƏDƏR UZANIR
Şuşanın düşməndən azad edilməsinin və qələbəmizin simvolu olan “Zəfər yolu”nun inşası artıq sona çatıb. Ötən il noyabr ayının 16-da təməli qoyulmuş “Zəfər yolu”nun tikintisi ilə bağlı dövlət başçımızın verdiyi sözün reallığını görürük. Dövlət başçımızın dediyi kimi, cəmi 8-9 ayda bütün bu uğurlu işlər görülüb: "Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları - bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir".
Bütün bu görülən işlərlə yanaşı, üç aeroportun tikilməsi və növbəti ardıcıl olaraq görülən işlər bir daha onu göstərir ki, Qalib liderimizin sözü ilə əməli üst-üstə düşür. Çünki dövlət başçımızın dediyi bu vədlər də artıq reallığı çevrilməkdədir. Bu gün Azərbaycan xalqı da Qalib Liderimiz, Prezident İlham Əliyevin son 18 il prezidentlik fəaliyyəti dövründə bir daha gördü ki, Azərbaycan Prezidenti daima xalqı ilə birlikdədir, onların yanındadır, bütün görülən işləri də xalqına aydın şəkildə çatdırır. Dövlət başçımızın dediyi kimi: "Mən bu ardıcıllıq haqqında Azərbaycan xalqına dəfələrlə demişəm ki, biz hansı işləri görəcəyik, insanlar da bilsinlər".
“ŞUŞA İLİ” ELAN EDİLMƏSİ AZƏRBAYCANIMIZIN DÜNYAYA TANINMASIDIR
Və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yenicə qədəm qoyduğumuz 2022-ci ilin “Şuşa İli” elan edilməsi xalqına, torpağına, Vətəninə olan sonsuz sevgisinin təcəssümüdür. Sərəncamda deyilir: “Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq qərara alıram: 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilsin”.
Dövlət başçısı bildirib: "Azərbaycanın bütün yerlərində inkişaf müşahidə olunur. Regional inkişaf proqramı uğurla icra edilir. Bu il mən bölgələrə çoxsaylı səfərlər sayəsində əlavə imkanların aşkar edilməsi üçün səylər göstərmişəm və mənim səfərlərim müntəzəm xarakter daşıyır. Azərbaycanın bölgələrinə bu il 47 dəfə səfər etmişəm, bu səfərlərin 32-si azad edilmiş torpaqlara olan səfərlərdir. Təkcə Şuşa şəhərinə 7 dəfə getmişəm. Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq.
Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm".
Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev də ölkənin rəhbəri kimi fəaliyyəti ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Əlbəttə, Prezident İlham Əliyevin 18 illik prezidentliyinin əsas məqsədi xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi bütün gücü ilə möhkəmləndirməkdir. Əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi bu misilsiz nailiyyətlər ümummilli lider Heydər Əliyev siyasətinin təntənəsi, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin xalqına olan sonsuz sevgisinin təcəssümüdür.
Ötən ilin 24 dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 60 illik yubileyini qalib sərkərdə, Müzəffər Ali Baş Komandan kimi Zəfərimizin qürur zirvəsi olan Şuşada qeyd etdi, aldığı yubiley təbriklərinə görə Cıdır düzündən təşəkkürünü çatdırdı. Müzəffər lider fəxrlə diqqətə çatdırdı ki, Şuşaya bu il yeddinci səfəridir: “Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada - Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olduğunu bir daha təsdiqləyir. Amma eyni zamanda hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm”.
Bəli, hələ bundan 10 il əvvəl, 2011-ci ilin 24 dekabrında 50 illik yubileyini Qarabağ torpağında - Ağcabədidə Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün ailələri ilə birgə qeyd etdiyi gün İlham Əliyev sərkərdə qətiyyəti ilə dediyi kimi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, elə həmin gün vəd verdiyi kimi işğaldan azad edilən yurdlarımızda böyük quruculuq işlərinə başladı.
Bir sözlə, bütün bunlar onu sübut edir ki, "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 18 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparan Prezident İlham Əliyev buna nail oldu. Dövlət başçısının söylədiyi kimi, son 18 il ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur.
Bir sözlə, ötən bir il ərzində həm siyasi, həm də iqtisadı baxımdan mühüm nailiyyətlərə imza atan Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu, düzgün siyasət bir daha onu göstərir ki, 2022-ci il də əvvəlki illər kimi, Azərbaycanın yüksəlişində növbəti uğurlu dövr olacaq. Və növbəti il üçün əsas maliyyə planı xalqımızın rifahının daha da yaxşılaşmasını və ölkəmizin qüdrətinin yüksəlməsini, Qarabağımızın yenidən dirçələcəyini və iqtisadi inkişafın davamlılığını təmin edəcək.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB