Rus ekspert: “Yerevan Rusiyanın, yoxsa Qərbin yanında olduğuna qərar verməlidir” - RƏY
Artıq bir neçə gündür ki, İrəvanda Ermənistan müxalifətinin Azərbaycanla münasibətlərin normallaşması prosesi ilə bağlı hazırkı hakimiyyətin siyasətinə qarşı etiraz aksiyaları keçirilir. Aksiyalar “Qarabağ və Ermənistanın xilası” şüarı altında keçirilir. Maraqlıdır ki, mahiyyətcə rusiyayönlü müxalifət də Nikol Paşinyanın Rusiyaya səfəri ilə bağlı “qəzəblənir” və baş nazirin Qarabağ məsələsində “daha çox güzəştlərə gedəcəyini” deyirlər.
SİA xəbər verir ki, rusiyalı politoloq Vasili Koltaşov Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin görüşünü Caliber.Az-a şərh edərkən deyib ki, Kreml İrəvana təzyiq göstərir ki, bir tərəfdən sıx əməkdaşlığa diqqət yetirsinlər. Digər tərəfdən də Rusiya Azərbaycan-Ermənistan münasibətlərində gərginliyin aradan qaldırılması üçün əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün çalışır.
“Moskva maraqlıdır ki, Bakı və İrəvan düşmənçiliyi dayandırsın və diqqətini iqtisadi məsələlərə yönəltsin. Londonun, Vaşinqtonun, Brüsselin maraqlı olduğu Cənubi Qafqazda yenidən böyük müharibənin başlaması Rusiyaya sərfəli deyil. Bölgənin inkişaf etməsi, burada tranzitin təmin edilməsi və bütün qarşılıqlı iddiaların aradan qaldırılması Rusiyanın maraqlarına uyğundur. Nəhayət, azərbaycanlılar və ermənilər bir-birinə nifrət etməyi dayandırsınlar və bir regionda dinc yanaşı yaşamağı öyrənsinlər. Yeni müharibə Qafqazda Rusiya, İran və Türkiyənin iştirak edəcəyi böyük münaqişəyə səbəb ola bilər. Azərbaycan və Ermənistan üçün bu, onların ərazisinin döyüş meydanına, bu qüvvələr arasında toqquşma zonasına çevrilməsi ilə nəticələnəcək. İlk növbədə, hadisələrin belə inkişafında Rusiya maraqlı deyil”, - Koltaşov bildirib.
Ermənistandakı daxili siyasi vəziyyətə gəlincə, politoloqun fikrincə, indi İrəvanda dövlət çevrilişi və hakimiyyət dəyişikliyindən danışmağa dəyməz.
“Paşinyan hakimiyyətdə qaldı və Moskva ilə nisbətən balanslı münasibət qura bildi. Bu, artıq o deməkdir ki, İrəvanda son Qarabağ hadisələri ilə bağlı cəmiyyət həddindən artıq gərgin olsa da, Ermənistanda hər hansı daxili siyasi dəyişiklik gözləmək lazım deyil. Ona görə də Paşinyan çətin ki, hakimiyyəti itirsin. Moskva yaxşı başa düşür ki, Ermənistanın daxili siyasi məsələsi ictimai əhval-ruhiyyənin yenidən nəzərdən keçirilməsi yolu ilə həll edilməlidir. Ermənistanın özündə də əvvəlki siyasi liderlər xalqda az inam yaratmışdı. Səbəb odur ki, onlar uzun müddət hakimiyyətdə olublar və onlarla bağlı olan ermənilərin gözləntiləri hakim rejimlərin işinin nəticələrindən qat-qat böyük olub. Ona görə də Ermənistanda cəmiyyətin müəyyən hissəsi ümid edir ki, şəraitə görə Paşinyan hansısa yolla ölkəni böhrandan çıxara biləcək. Paşinyan bu amil üzərində manevr etməyə çalışır.
Öz növbəsində Moskva Paşinyanı devirmək yox, Ermənistan cəmiyyətindəki əhval-ruhiyyəni yenidən nəzərdən keçirmək istərdi. Paşinyan prinsipcə Sorosa və amerikalılara xəyanət etməyə qadirdirmi? Amerikalılar özləri 2020-ci ildə ona xəyanət etdilər. 2020-ci ildə Ermənistan-Azərbaycan müharibəsi zamanı Amerikanın yardımı harada idi? Harada? Əvəzində press-relizlər, şablon bəyanatlar və bəzi bəlkə də əhəmiyyətsiz ianələr var idi. Qətnamələrin qəbulu ilə bağlı bəzi ucqar ştatlarda erməni icmalarının görüşləri kimi bir şey var idi. Ciddi deyil. Bütün bunlar həmrəyliyin ifadəsi üçün heç nə deyil. Amma Paşinyan Qərb himayədarlarından dəstək gözləmirdi. Düşünürəm ki, Paşinyanın Moskvaya səfəri ərəfəsində İrəvanda və ümumilikdə Ermənistanda mövcud hakimiyyətə qarşı etirazlar baş nazir üçün aşağıdakı məqama aydınlıq gətirməlidir: o, hansı yolda tərəddüd etməli olduğuna qərar verməlidir.
Əgər o, hələ yıxılmayıbsa və gücünü itirməyibsə, deməli, bu, onun düzgün istiqamətdə, yəni Moskvaya doğru tərəddüd etməsi ilə bağlı olub. Məhz bu vəzifəni o, davam etdirməlidir”, - Koltaşov bildirib.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB