Azad edilmiş torpaqlarda bərpa işlərinin aparılmasında elektrik təchizatı başlıca amildir
Prezident İlham Əliyev: “Azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək”
30 il işğal altında qalmış torpaqlarımızda düşmən daşı daş üstə qoymayıb. Bütün inzibati və ictimai binalar, mədəniyyət obyektləri, tarixi və dini abidələr, evlərimiz kimi, kommunikasiya sistemi də dağıdılıb. 44 günlük Vətən müharibəsini Zəfərlə başa vuran dövlətimiz tərəfindən müharibədən dərhal sonra azad edilmiş ərazilərimizdə böyük bərpa işlərinə başlanılıb. Bu işlərin əsasını isə həmin ərazilərin elektrik enerjisi ilə təchizatı təşkil edir. Çünki bu torpaqlarda digər bərpa və quruculuq işlərinin həyata keçirilməsi elektrik enerjisindən birbaşa asılıdır. Aprelin 12-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də dövlətimizin başçısı azad olunmuş torpaqlarımızın elektrik təchizatı ilə bağlı məsələlərdən geniş şəkildə bəhs edib, bununla bağlı tapşırıqlar verib, çağırışlar edib.
Düşmən torpaqlarımızı tərk edərkən 30-dan çox elektrik stansiyasını dağıdıb
Bu il elektrik təchizatı ilə bağlı işlərin davam etdiriləcəyini vurğulayan ölkə Prezidenti demişdir ki, azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir. İkisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində. Mənfur düşmən torpaqlarımızı tərk edərkən 30-dan çox elektrik stansiyasını dağıdıb, yandırıb, o stansiyaların qalıqları orada qalıbdır. Xüsusilə Kəlbəcər, Laçın rayonlarında olarkən bunu hər kəs görə bilər. Biz keçən il bu stansiyaların bərpasına başlamışıq. Bu il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq.
Qalan stansiyaların bərpası və ondan sonra işlənməsi sahibkarlar tərəfindən olsa, daha yaxşı olar
Dövlət başçısı müşavirədə “Ancaq qalan stansiyaların bərpası və ondan sonra işlənməsi sahibkarlar tərəfindən olsa, daha yaxşı olar”,- demişdir. Çünki əlbəttə, dövlət də bu işi öz üzərinə götürə bilər, ancaq dövlətin digər başqa xərcləri çoxdur – bu, birincisi. İkincisi, bu, sahibkarlar üçün də əlverişli investisiya ola bilər. Nəzərə alsaq ki, azad edilmiş bütün bölgələr bu gün Azərbaycanın digər bölgələri ilə elektrik xətləri ilə birləşdirilib, ona görə orada istehsal olunacaq enerji ümumi sistemə daxil ediləcək.
Prezident cənab İlham Əliyev: “Mən hesab edirəm ki, sahibkarlar üçün bu, çox cəlbedici ola bilər. Mən bilirəm ki, İqtisadiyyat Nazirliyi və Prezident Administrasiyası bu işlə məşğuldurlar və təkliflər də verildi. Hesab edirəm ki, hər bir stansiya üzrə təkliflər verilsin və bəlkə bu müşavirədən sonra sahibkarlar da bu məlumatı məndən eşidib daha da həvəsli olacaqlar. Yaxşı olar ki, bu məsələ ilə maraqlanan sahibkarlar üçün qalan stansiyaların yerləri ilə bağlı xüsusi bir təqdimat keçirilsin, təkcə ermənilər tərəfindən dağıdılmış stansiyalardan söhbət getmir. Hazırda xüsusilə, Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər bizə müraciət edirlər. Əgər xarici şirkətlər üçün bu, maraqlıdırsa, deməli, burada mənfəət olacaq. Yerli şirkətləri də cəlb etməliyik, ya xarici şirkətlərlə birlikdə, ya da ki, ayrı-ayrılıqda. Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı həddindən artıq böyükdür. Yəni, bütün bunlardan biz səmərəli şəkildə istifadə etməliyik. Həm bərpaolunan enerji növlərinin ümumi enerji balansımızdakı payını 30 faizə artırmalıyıq, - mən bu göstərişi vermişdim, bəlkə də gələcəkdə daha çox olacaq, - həm də ki, təbii qaza qənaət edib onu indiki yüksək qiymətlərlə ixrac edə biləcəyik”.
Keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilmişdir
Prezident cənab İlham Əliyev müşavirədə onu da qeyd edib ki, artıq bütün bölgələri birləşdirən xətlər var. Keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilmişdir. Bu, çox böyük göstəricidir. Eyni zamanda, ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkildi - Daşkəsəndən Kəlbəcərə. Orada dağların hündürlüyü 3500 metrdir, ağır, çətin şəraitdə, qış aylarında biz bunu bacardıq. “Azərenerji”nin mütəxəssisləri yüksək qiymətə layiqdirlər. Bu il “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir. İran İslam Respublikası ilə danışıqlar aparılır və hesab edirəm ki, daha da sürətlə aparılmalıdır ki, biz tezliklə burada da razılığa gələk. Çünki bu stansiyaların potensialı çox böyükdür - 240 meqavat gücündədir və bu stansiyalar inşa ediləndən sonra bunun yarısı bizə çatacaq. Beləliklə, biz bu imkanlardan da istifadə edə bilərik. “bp” şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi üzrə danışıqlar gedir. Ümid edirəm ki, yaxın gələcəkdə bir nəticə də olacaq. Hesab edirəm ki, bu stansiyanın çox böyük potensialı olacaq.
Biz dünyanın aparıcı xarici şirkətlərindən çoxlu təkliflər alırıq
Dövlət başçısı bərpa olunan stansiyaların gücündən də danışaraq qeyd edib ki, bütövlükdə artıq bu rəqəmi mən səsləndirmişdim. Təkcə azad edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min meqavatdan çox potensialı var və biz dünyanın aparıcı xarici şirkətlərindən çoxlu təkliflər alırıq. Nəzərə alsaq ki, bizim qonşu ölkələrlə elektrik xətləri mövcuddur və ixrac imkanlarımız genişlənir və keçən il elektrik enerjisinin ixracatı 2020-ci ilə nisbətdə daha da artıb. Burada doğrudan da həm ölkə üzrə, həm Xəzər dənizini nəzərə almaq şərti ilə çox unikal bir potensial var. Amma mən bu gün azad edilmiş torpaqlarda görüləcək işlər haqqında danışarkən, məhz bu məsələni diqqətinizə çatdırmaq istərdim. Eyni zamanda, Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərin çəkilişi də gündəlikdə duran məsələlərdəndir.
Memorandumda elektrik xətlərinin çəkilişi ilə bağlı müddəa var
Keçən ay İranla Azərbaycan arasında körpülərin, dəmir yolu körpülərinin tikintisi ilə bağlı memorandum imzalandığını vurğulayan dövlət başçısı eyni zamanda, o memorandumda elektrik xətlərinin çəkilişi ilə bağlı müddəaların olduğunu da bildirmişdir. Prezident demişdir: “Ona görə biz bu işlərə də tezliklə başlamalıyıq. Hər halda, Azərbaycan ərazisində görüləcək işlərlə bağlı bu il konkret təkliflər verilməlidir. Cəbrayıl yarımstansiyasından Zəngilana qədər xətlərin çəkilməsi və İran İslam Respublikası ilə son razılaşmaya gələndən sonra artıq İran üzərindən bu xətt gedə bilər”.
Bu gün azad edilmiş torpaqlarda aparılan bərpa işləri Azərbaycanın qüdrətli bir ölkə olduğunun göstəricisidir. Ağır müharibədən çıxmış bir ölkə üçün belə böyük işlərin görülməsi bunu bütün dünya qarşısında təsdiq edən amildir. İndi hər bir azərbaycanlı qürur duyur ki, həm hərbi, həm iqtisadi gücü ilə dünyanın diqqətini cəlb edən ölkənin vətəndaşıdır. Biz torpaqlarımızın azad olunması üçün nə qədər maraqlı idiksə, həmin torpaqların tezliklə bərpasını da bir o qədər arzulayırıq. Çünki bu bərpa işləri yurd həsrətli insanların ata-baba torpaqalarına qayıtmalarını şərtləndirən amildir.
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB