Zəngəzur dəhlizi açılmalıdır

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə nəticəsində torpaqlarımız işğaldan azad olundu, bir sıra problemlərimizin həlli üçün addımlar atıldı. Onlardan biri də Zəngəzur dəhlizidir.

Zəngəzurun bir hissəsi Ermənistan ərazisində olan qədim Azərbaycan torpağıdır. 1920-ci ildə Sovet Rusiyasının Ermənistana verdiyi bu torpaq Azərbaycanla Naxçıvanı bir-birindən ayrı salmışdı. Bir zamanlar türkdilli ölkələri parçalayan tarixi diyarımız bu gün yenidən o ölkələri birləşdirəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibəsində qeyd edib ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir.

“Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Zəngəzur dəhlizi sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabrda imzalanan üçtərəfli atəşkəs bəyanatında qeyd olunan məsələlərdən biri də Naxçıvanı Azərbaycanın digər hissələri ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasıdır. Prezident İlham Əliyevin tələbi ilə 9-cu maddənin salınması çox mühüm diplomatik qələbə idi. Bu maddə ilə bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Naxçıvana dəmir yolu əlaqəsinin bərpası üçün şərait yaranır. Eyni zamanda, dəhlizin qitələrarası əhəmiyyəti, Çindən Qərbə doğru yeni nəqliyyat yolunun açılması deməkdir. Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya edilməsi üçün Zəngəzur dəhlizi Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi çıxış etmək potensialı daşıyır.

Zəngəzurdan keçəcək nəqliyyat, kommunikasiya, infrastruktur layihələri digər ölkələr üçün də əlavə imkanlar yaradacaq. Dəhliz, eyni zamanda, Azərbaycanın Türkiyə ilə əlaqələrini gücləndirəcək və ölkəmizin yeni geoiqtisadi əhəmiyyətini daha da artıracaqdır.

Türkiyə əsas iqtisadi tərəfdaşlarından olan Azərbaycana quru yolu ilə birbaşa çıxış əldə edəcək. Bu, onlar arasında turizm və iqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək. Digər tərəfdən, Zəngəzur dəhlizi Türkiyə üçün Mərkəzi Asiyaya qapı rolunu da oynayacaq. Bu, Ankaranın türk dünyası ilə iqtisadi əlaqələri gücləndirməsinə imkan verəcək. Bundan başqa, bu gün Türkiyə Qars-Naxçıvan dəmir yolu layihəsi üzərində çalışır. Bu layihə Naxçıvanla Türkiyəni birləşdirəcək. Növbəti mərhələdə bu dəmir yolunun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb bölgələri ilə birləşdirilməsi Bakı ilə Ankara arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına yeni təkan verəcək. Rusiya qatarları Azərbaycan ərazisindən Zəngəzur dəhlizinə keçə, bununla da Ermənistan, Türkiyə, İran və Cənubi Asiya ölkələrinə istiqamətlənə bilər. Ermənistanın Rusiya ilə, İran ilə dəmiryol əlaqəsi yoxdur. Naxçıvan Muxtar Respublikası vasitəsi ilə bunu təmin edə bilər. Amma Ermənistan Zəngəzur dəhlizinin bütün üstünlüklərindən bir şərtlə faydalana bilər: o təxminən 30 il davam etdirdiyi qonşulara təcavüz siyasətini regional əməkdaşlıqla əvəzləməlidir.

6 aprel Brüssel görüşündə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası ilə bağlı fikir mübadiləsi aparılmışdır. Prezident Şarl Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yollarının bərpası üçün effektiv həll yolları tapmağa çağırıb. Qeyd olunub ki, Aİ öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə, qarşılıqlı əlaqələrin inkişafına dəstək verməyə hazırdır.

Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq Horadiz-Ağbənd dəmiryolu xəttinin qurulması ilə Bakı-Tiblisi-Qarsdan sonra Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmiryolu şəbəkəsi yaranacaq.

Horadiz-Ağbənd dəmir yolu xətti 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğal edilməsindən sonra dağıdılmış və fəaliyyətini dayandırmışdı. İşğaldan sonra qatarların son dayanacağı Füzuli rayonunun Horadiz stansiyasıdır. Lakin düşmən üzərində qələbədən sonra bu xətt yenidən bərpa olunur.

Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulduğunu və bu dəmir yolunun Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcəyini bəyan etdi. Sözügedən dəmir yolu xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq. Dəmir yolunun inşası ilə bağlı işlər sürətlə davam etməkdədir. 100 kilometr uzunluğu olan dəmir yolunun 60 kilometri artıq hazırdır. Birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq, həmçinin layihə çərçivəsində ümumilikdə 300-dən artıq süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.

Ümumiləşdirərək söyləmək olar ki, Zəngəzur dəhlizi sülh şəraitində əməkdaşlığa, iqtisadi inkişafa, eyni zamanda təhlükəsizliyə şərait yaradacaq. Bu səbəbdən də dəhliz mütləq açılmalıdır.

Vətən müharibəsi bizlərə bir daha öyrətdi ki, əldə etdiklərimizi qoruyub saxlamalı və daha da inkişaf etməliyik. Eyni zamanda, bütün dünya ölkələrinə sübut etdik ki, ordumuzun və Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasəti nəticəsində hər zaman torpaqlarımızı qoruyacaq, inkişafı üçün xalq olaraq daim dəstək olacaq, qələbə tariximizi daha çox yeniləyəcəyik.

Səfərova Təranə

Xəzər rayonu, 262 №li tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə