Prezident İlham Əliyev: "Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq"
Artıq iki ildən çoxdur ki, COVID-19 pandemiyası ilə bərabər yaşayırıq. Bütün dünya ölkələri bu pandemiyanın nə vaxt sona yetəcəyini səbirsizliklə gözləyir. Amma unutmamalıyıq ki, sözügedən virusla birgə yaşamağı öyrənməliyik. Hər dəfə yoluxma sayının aşağı düşməsi bizdə ümidlər artırmış olsa da, sonrakı mərhələlərdə yenidən iki rəqəmlinin üç və dörd ilə əvəzlənməsinin şahidi olmuşuq. Təbii ki, hər an bu xəstəliyə yoluxa biləcəyimizi düşünməliyik və bunun üçün istənilən yerdə tələb olunan əməllərə riayət etməyimiz vacib məsələdir. İlk günlərdən dövlət başçısının "Biz birlikdə güclüyük!" çağırışı pandemiyaya qarşı mübarizədə hər kəsi həmrəy olmağa səslədi və hər bir insan tələb olunan qaydalara əməl etməyə vətəndaş olaraq borcludur. Pandemiyanın dünya ölkələrində "hökmranlıq" etməyə başladığı zamandan yeni ştammlar peyda oldu. Son bir neçə mutasiyada virusun yoluxuculuğunun zəiflədiyini şahidi olduq və törətdiyi xəstəliyin ağır gedişatına çox nadir hallarda təsadüf etdik.
AZƏRBAYCAN VƏTƏNDAŞI ÇAĞIRIŞLARA LAQEYD QALMADI
Heç şübhəsiz ki, COVID-19 infeksiyası əleyhinə vaksin olunmaq əsas məsələlərdəndir. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyonu ötüb. Son statistik rəqəmlərə nəzər salsaq görərik ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 558 min 968, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 331 min 706, ikinci mərhələ üzrə 4 milyon 833 min 723, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 159 min 255, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 234 min 284-dür. Bu rəqəmlər onu göstərir ki, Azərbaycan vətəndaşı pandemiya və çağırışlara laqeyd deyil. Məsuliyyət hiss insanları vaksinasiya prosesinə cəlb edib.
Azərbaycanda yeni növ koronavirus COVID-19 infeksiyasına yoluxanların sayının kəskin aşağı düşməsi ürəkaçandır. Son günlərdə bu iki rəqəmliyə enib. Bu rəqəm də ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir. İndiyədək ölkədə ümumilikdə 792 mindən artıq nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. 9 min 700-dən artıq insan vəfat edib ki, bu da kifayət qədər böyük rəqəmdir. Amma dünya ölkələri ilə nisbətdə bir o qədər də yüksək göstərici deyil. Bildiyimiz kimi, vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi 2021-ci il yanvarın 18-də başlayıb. Bu proses "2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası" çərçivəsində aparılır.
ÖTƏN HƏFTƏ DÜNYADA İKİ İL ƏRZİNDƏ ÖLÜM HALI ƏN AŞAĞI GÖSTƏRİCİ OLUB
Son göstəricilər bizdə arxayınçılıq yaratmamalıdır. Peyvəndlənmə əhatəsi əksər ölkələrdə aşağıdır və infeksiyanın ötürülmə səviyyəsi də yüksək olaraq qalmaqdadır, ÜST-ün COVID-19 ilə bağlı fövqəladə vəziyyətə dair iclasında baş direktor dünyada ölüm hallarının sayının azalması meyilinə (ötən həftə ölüm halları barədə məlumatların sayı iki il ərzində ən aşağı göstərici olub) baxmayaraq, pandemiyanın sonu hələ çox uzaqdadır. Baş direktorun bildirdiyi kimi, pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması infeksiyanın genişlənməsinə imkan verir ki, bu da yeni ştammların yaranma riskini gücləndirir.
ÜST rəhbəri pandemiyanın indiki mərhələsində olduqca mühüm əhəmiyyət kəsb edən üç amilə diqqəti çəkib ki, onlardan birinci amil kimi əhalinin sosial izolyasiyadan, məktəblərin bağlanmasından və iş yerləri ilə bağlı nizamsızlıqdan yorulmasını göstərib.
Yeni ştamlar peyda olur və insanlar ehtiyatlı olmalıdır. Artıq Belçikada koronavirusun yeni variantı – "omikron" BA.4-ə yoluxma faktı qeydə alınıb. Koronavirus infeksiyasının yeni versiyası BA.4, eləcə də BA.5 artıq Cənubi Afrika, Botsvana, Almaniya, Danimarka və Böyük Britaniyada aşkar edilib. Yaponiyada isə koronavirusun yeni "omikron-XE" ştammına ilk yoluxma halı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı "omikron" ştammının XE xəttini pandemiya tarixi ərzində ən yoluxucu növ elan edib. Bu gün ölkəmizdə lazımı tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb və bir çox yumşaldılmalar olub. Təbii ki, COVID-19-la mübarizədə qalib gəlmək üçün virus əleyhinə peyvəndlənmə vacibdir. Kollektiv immunitet ya vətəndaşların virusa yoluxub sağalması, ya kütləvi vaksinasiya vasitəsilə mümkündür.
Ölkəmizdə vətəndaşlara vaksinasiya zamanı "CoronaVac", "Vaxzevria", "Sputnic V", "Pfizer", "Sinovac" kimi peyvəndləri istifadə edilir. Son dövrün statistikası və mütəxəssislərin gəldiyi qənaətə əsasən, COVID-19 testi pozitiv olanların 90 faizindən çoxu peyvənd olunmamış şəxslərdir. Mütəxəssislərin fikrincə, elmi araşdırmaların nəticələrinə əsasən müəyyən olunub ki, peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub.
PLANETİMİZİN SAKİNLƏRİNİN ÜÇDƏBİRİ VAKSİNİN BİRİNCİ DOZASINI BELƏ ALMAYIBLAR
Ölkəmizdə COVID-19-la mübarizə dövlətimizin maliyyə resursları hesabına həyata keçirilir. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edib. Bütün bunlarla yanaşı olaraq Azərbaycan dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərib. Bütün bunlarla yanaşı, qeyd olunmalıdır ki, Azərbaycan pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan bir sıra qlobal təşəbbüslər irəli sürüb. Cənab Prezidentin qeyd etdiyi kimi, "2020-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil etmişdir. Zirvə toplantısı zamanı Mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsini təklif etdim. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən artıq dövlət tərəfindən dəstəkləndi". Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə Görüşünün əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi idi. Dövlət başçısı inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə, ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmışdı.
Xatırladaq ki, vaksinlərin ədalətli bölgüsü və əlçatanlığının təmin edilməsi məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən dövlətlərdən biri də Azərbaycan oldu. Əlbəttə ki, peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır. ÜST-ün məlumatına istinadən, yüksək gəlirə sahib ölkələrin vətəndaşları artıq dördüncü dəfə peyvəndləndiyi halda, planetimizin sakinlərinin üçdəbiri vaksinin birinci dozasını belə almayıblar. Afrikada isə əhalinin 83 faizi peyvəndlənməyib.
Azərbaycanda həyata keçirilən tədbirlər deməyə əsas verir ki, vətəndaşlarımızın sağlamlığının qorunması dövlətimizin daim diqqətindədir. İstənilən halda yarana biləcək növbəti dalğalardan da hər zaman olduğu kimi, minimum itkilərlə çıxmaq gücündədir. Dövlət başçısının bildirdiyi kimi, "Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB