Erməni təxribatları nə zaman sonlanacaq? - POLİTOLOQ DANIŞDı

Erməni təxribatları nə zaman sonlanacaq? - POLİTOLOQ DANIŞDı

“Ermənistanın təxribatları Paşinyan hakimiyyətinin çıxılmaz durumda olmasından qaynaqlanır. Üçtərəfli bəyanatın imzalanmasından keçən dövr ərzində üzərinə götürdüyü öhdəliklərin icrasıyla bağlı heç bir konkret addım atmayan, daha sonrakı istər Rusiya, istərsə də Brüsseldə keçirilən görüşlərdə isə diplomatik müstəvidə də Azərbaycana uduzan Ermənistan yeganə çıxış yolunu müxtəlif bəhanələrlə vaxtı uzatmaqda görürdü”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, onlar düşünürdülər ki, Fransanın Avropa İttifaqına rəhbərliyi dövründə bu qurum tərəfindən Azərbaycana təzyiqlər edilməsinə nail olacaqlar və bu təzyiqlər də Paşinyana götürülmüş öhdəliklərdən yan keçmək və ya onları yumşaltmaq imkanı verəcək: “Lakin Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son iki Brüssel görüşü və həmin görüşlərin nəticəsi olaraq verilmiş bəyanatlar Ermənistanı faktiki olaraq xəyal qırıqlığına uğratdı. Belə ki, bildiyiniz kimi, hər iki bəyanatda da nə “Dağlıq Qarabağ” ifadəsi, nə “status”, nə də Ermənistanın bütün vasitələrlə yenidən proseslərə qoşmaq istədiyi “ATƏT Minsk qrupu” haqqında ifadələr yer almadı. Əksinə, son Brüssel görüşü Cənubi Qafqazda geopolitik proseslərin istiqamətini ciddi şəkildə dəyişmək yolunu seçdi və tərəflərin sülh prosesinə başlaması üçün Azərbaycanın təqdim etdiyi 5 maddəlik təkliflər əsas olaraq qəbul edildi. Lakin bu görüşdən sonra Ermənistan tərəfdən, bu dövlətin ayrı-ayrı rəsmiləri tərəfindən səsləndirilən açıqlamalar, verilmiş bəyanalar onu deməyə əsas verir ki, Ermənistan sülhə hazır deyil və bu baxımdan da, münasibətlərin gərginləşməsi ilə sülh danışıqlarını pozmağı hədəfləyib. Lakin təəssüf ki, sülh prosesində maraqlı olmayan təkcə Ermənistan deyil, həm də regionda hərbi mövcudluğunu qoruyub saxlamaq istəyən Rusiyadır. Belə ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması və nəticədə sülh sazişinin imzalanması Rusiyanın sülhməramlı missiyasına ehtiyac qalmaması ilə nəticələnəcək. Bu isə o deməkdir ki, Rusiya nəinki indi nəzarət zonasında olan Azərbaycan ərazilərindən, həm də tədricən ABŞ və Avropaya yaxınlaşmaq istəyən Ermənistandan da öz hərbi kontingentini çıxarmaq məcburiyyətində qalacaq. Buna yol vermək istəməyən Rusiya bütün vasitələrlə prosesin uzadılması üçün səy göstərir. Başqa sözlə, Kreml özünün nəzarətindən kənar aparılan danışıqları, Avropa İttifaqı vasitəçiliyi ilə keçirilən görüşləri və razılaşdırılmış məsələləri Rusiyanın regional maraqlarına açıq təhlükə kimi qəbul edir. Brüssel görüşündən əvvəl və sonra baş verən hadisələr Rusiyanın Cənubi Qafqazda mövqelərini qorumaq üçün hərəkətə keçmək məcburiyyətində qaldığını göstərir. Kreml ABŞ və Qərbin Rusiyanı regiondan sıxışdırmağa, geopolitik proseslərdə oyundankənar vəziyyətə salmağa çalışdığına əmindir. Ona görə də, Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə orbitrlik imkanlarının əlindən çıxa biləcəyindən narahat olan Kreml əks addımlar atmağa başlayıb.

Əvvəlcə Ermənistanda Rusiyaya bağlı siyasi qüvvələrin aktivləşdirilməsi ilə Paşinyan hakimiyyətinə "çevriliş mesajı" verildi. Ardınca separatçı rejimin nəzarətində olan ərazilərdəki ermənilərin Rusiya vətəndaşlığını qəbul etmək istəməsi ilə bağlı məsələ dövriyyəyə buraxıldı və nəhayət, Paşinyan hakimiyyətindən Brüssel görüşünə yönəlik hesabat tələb olundu. Bu baxımdan da, 19 apreldə nəzərdə tutulan Paşinyan-Putin görüşünün Ermənistan üçün ağır keçəcəyi şübhəsizdir. Bütün vasitələrlə Ermənistanı nəzarətdə saxlamaq istəyən Rusiyanın rəsmi İrəvana müxtəlif vədlər verdiyi də atrıq gün kimi aydındır. Elə 2 gün əvvəl Lavrov və Mirzoyan arasında keçirilən görüşdə Lavrovun Rusiyanın Ermənistanın müdafiə qabiliyyətinin gücləndirəcəyi və sərhədlərin qorunmasında köməklik göstərməyə davam edəcəyi ilə bağlı bəyanatı onu deməyə əsas verir ki, erməni təxribatlarının davamı gələcək. Ancaq Rusiya xarici işlər nazirinin açıqlamaları reallaşdırılarsa, bu, Kremlin rəsmi Bakı ilə münasibətlərində müəyyən problemlər yarada bilər. Çünki Rusiyanın Ermənistana hərbi dəstəyinin rəsmi Bakı tərəfindən məmnunluq ilə qarşılanmayacağı qətiyyən şübhə doğurmur. Üstəlik, Kremlin belə davranışlarının Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsinə uyğun olub-olmadığı da ciddi müzakirə mövzusuna çevrilə bilər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə