Sabitlik adası Azərbaycanda insan azadlıqları -ŞƏRH

Sabitlik adası Azərbaycanda insan azadlıqları -ŞƏRH

Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi demokratik prinsiplərə əsaslanır

Mövcud faktlara və reallıqlara əsaslanaraq demək olar ki, Azərbaycanda qəbul edilən qanunlar, imzalanan Prezident fərman və sərəncamları insanların daha yaxşı, firavan və təhlükəsiz yaşamasına hesablanır. Məhz bu baxımdan da, bu gün Azərbaycan dünyada ən inkişaf etmiş, demokratik dövlətlərdən biri kimi tanınır və qəbul edilir. 1991-ci il oktyabr ayının 18-də Azərbaycan parlamenti tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”yə və hamılıqla qəbul edilmiş başqa beynəlxalq hüquq sənədlərinə qoşulduğunu bəyan etmiş, onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsinin təmin olunmasını öz öhdəsinə götürmüşdür. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi insan hüquq və azadlıqlarının təmin olunması ən ümdə məsələlərdən olmuşdur. Aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində demokratiya cəmiyyət quruculuğuna nail olunmaqla insan hüquqlarının ən yüksək səviyyədə təmin olunmuşdur.

Razılaşmaq lazımdır ki, ölkəmiz əldə etdiyi bugünkü uğurları ağır proseslərdən keçməklə əldə edib. Müstəqilliyimizin ilk illərində Azərbaycan dövləti və xalqı ciddi problemlərlə üzləşməli oldu. Mütəllibov hakimiyyətinin, daha sonra AXC-Müsavat iqtidarının səriştəsiz siyasəti nəticəsində dövlətçiliyimiz məhv olmaq, xalqın sabaha olan inamı alt-üst olmuşdu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitlik təmin olundu, zorakı dövlət çevrilişlərinin qarşısı alındı, qanunçuluq və hüquq qaydaları möhkəmləndirildi, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının qorunması dövlətin başlıca vəzifəsinə çevrilməyə başladı. Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.

Azərbaycanda hüquqi islahatlar keyfiyyətcə yeni mərhələ təşkil edir

Konstitusiyada əksini tapmış bu strateji məqsəd, ilk növbədə, hüquqi islahatları və insan haqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Konstitusiyanın qəbulundan sonra Azərbaycanda hüquqi islahatların keyfiyyətcə yeni mərhələsi başlanmış, yeni qanunvericilik aktları hazırlanaraq qəbul edilmişdir. Konstitusiyanın III fəsli, bütövlükdə, yəni 48 maddə insan hüquq və azadlıqlarına həsr olunmuşdur. Əsas Qanunun 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir, bu hüquqları və azadlıqları qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qarşısında mühüm vəzifə kimi qoyulur. İnsan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşması vasitəsilə xalqın hakimiyyət funksiyasının həyata keçirilməsində iştirakı, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və bu kimi digər məsələlər Əsas Qanunumuzun mahiyyətini təşkil edir. Milli və ümumbəşəriliyin vəhdətini özündə əks etdirən Azərbaycan Konstitusiyası dünyanın bütün demokratik ölkələrinin təcrübəsinə əsaslanmaqla yanaşı, həm də milli xüsusiyyətləri də nəzərə almışdır. Konstitusiyamızın üçdə birini təşkil edən "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" fəslində əksini tapdı. Sonradan bu sahədə ardıcıl iş davam etdirilərək, Konstitusiyanın özü daha da təkmilləşdirildi. Ulu Öndər Heydər Əliyev hələ Konstitusiya layihəsinin hazırlanması zamanı demişdir: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplə, əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır".

Dövlət siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır

Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Dahi Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiq olunub. Dövlət proqramı çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq-mühafizə fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılmışdır. Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin yürütdüyü iqtisadi, siyasi və hüquqi islahatların əsasında da məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələsi dayanır. Dövlət başçısının 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Bu sənəd insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət siyasətinin təməlində vətəndaş mövqeyinin əhəmiyyətini vurğulamaqla, cəmiyyətdə hər bir vətəndaşın, hər bir insanın qənaətə gəldiyi rəyə dövlətin münasibətinin hiss edilməsini bildirmişdir: "Azərbaycan dövləti sosial dövlətdir, çünki siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat rifah içində yaşaması bizim başlıca borcumuzdur".

Demokratik islahatlar ardıcıl xarakter daşıyır

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi möhtəşəm islahatlar nəticəsində demokratik vətəndaş cəmiyyəti, hüquqi və dünyəvi dövlət quruculuğu konstitusiyası, bazar münasibətlərinə əsaslanan güclü iqtisadiyyat, balanslaşdırılmış xarici siyasət və digər sahələrdə mütərəqqi uğurlar əldə olunmuşdur. Milli Məclisin komitə sədri Əli Hüseynli, haqlı olaraq qeyd edir ki, "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət idarəetməsinin cəmiyyət üzvlərinin maraqları çərçivəsində həyata keçirilməsinin təmin olunması istiqamətində prinsipial addımların atılması xüsusi nəzarətdə saxlayır. Azərbaycanda həyata keçirilən inzibati islahatların başlıca hədəfi idarəetmənin cəmiyyətin gözləntilərinə cavab verməsini təmin etməkdən ibarətdir". Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Aydın siyasi iradənin, çağdaş hüquqi dövlət quruculuğu işində qısa müddətdə mühüm uğurlar əldə edilməsinin, cəmiyyət həyatının bütün sferalarını əhatə edən demokratik islahatların qətiyyətlə və ardıcıl həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycan BMT-nin yeni yaradılmış İnsan Hüquqları Şurasına üzv seçilmişdir. 2006-cı il mayın 9-da BMT Baş Assambleyasında keçirilən seçkilər nəticəsində Azərbaycanın bu quruma üzv seçilməsi ölkə­mizin əldə etdiyi ən mühüm nailiyyətlərindən biridir. Azərbaycan-BMT əlaqələrinin inkişafı, möhkəmlənməsi və ölkəmizin bu təşkilatda böyük nüfuz qazanmasını göstərən ən əhəmiyyətli hadisə isə 2011-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu quruma rəhbərlik etməsi olmuşdur. Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycan "İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına" qoşuldu. Bu zaman o öz üzərinə milli qanunvericiliyin beynəlxalq Avropa standartlarına uyğun təkmilləşdirilməsi öhdəliyini götürdü. Bu istiqamətdə atılan addımlardan ən mühümü Ombudsman təsisatının yaradılması idi. 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu. Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları uzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan hüquqları aylığı keçirilir. Aylığın məqsədi insan hüquqları sahəsində ötən dövrdə əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir. Azərbaycan Prezidenti İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq etmişdir. İnsan hüquqları aylığı çərçivəsində “Milli Fəaliyyət Proqramı”nın müddəalarına əsaslanmaqla, ölkəmizin bütün regionlarında dövlət qurumları, QHT və KİV-lər, beynəlxalq təşkilatlar, icmalar tərəfindən insan hüquqlarının effektiv müdafiəsinə yeni mərhələ açan, əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif maarifləndirmə tədbirləri və müzakirələr təşkil olunur.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə