Brüssel faktoru: İlham Əliyevin şərtləri dəyişilməz və qətidir! ANALİTİK+AKTUAL
Danışıqlar yalnız Bakının irəli sürdüyü 5 maddədən ibarət təkliflərin əsasında aparılır
Beləliklə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü və vasitəçilyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın bir araya gəldikləri ikinci Brüssel görüşü başa çatdı və bu, yalnız daha əvvəlki – 14 dekabr 2021-ci ildəki görüşün davamı deyil, həm də ölkələr arasındakı sülh gündəliyinin daha dərindən dəqiqləşdirilməsi baxımından əhəmiyyəti ilə seçildi. Daha dəqiq desək, təkcə Şarl Mişelin vasitəçiliyi ilə deyil, eyni zamanda, məhz Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi fonunda baş tutan Brüssel görüşü özündə digər bir sıra məqamları ehtiva etməkdədir. Hansılardır həmin məqamlar?
4 saat yarımlıq görüşdə irəliləmələr qeydə alınıb
Xatırlatmaq yerinə düşərdi ki, mövcud formatdakı ilk üçtərəfli görüşdə Prezident İlham Əliyev və Aİ Şurasinin rəhbəri Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Aprelin 6-na qədər isə ilk görüşün davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib, müəyyən razılaşmalar baxımından dəqiqləşdirmələr aparılıb. Ancaq buna baxmayaraq, kifayət qədər məhsuldar və zaman cəhətindən çoxmüddətli keçən 4 saat yarımlıq görüşdə irəliləmələr qeydə alınıb. Bunu jurnalistlərə brifinqi zamanı Şarl Mişel də bəyan edib. Aİ Şurasının rəhbəri tərəfindən verilmiş bəyanatda təsbit edilib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlasın, eləcə də hər iki ölkənin XİN-nə bununla bağlı təlimatlar da verilib.
Maddələrin hər birinin təməlində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi amili dayanmaqdadır
Və təbii ki, bu təlimatlar, yəni qarşıda dayanan vəzifələr bilavasitə rəsmi Bakının irəli sürdüyü 5 maddədən ibarət təkliflərin əsasında nəzərdə tutulub. Söz yox ki, həmin maddələrin hər birinin təməlində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi amili dayanmaqdadır. Əbəs deyil ki, bəyanatda tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və ilkin olaraq sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Təkcə bu maddənin icrası nəticəsində, yəni delimitasiya mexanizmi işə salınarkən sərhəddə gərginlik aradan qaldırılır – tərəflər komissiyalar şəklində dövlət sərhədlərinin müəyyən olunması üçün qarşılıqlı fəaliyyətə başlayırlar.
Lakin biz unutmamalıyıq ki, torpaqlarımızın işğala məruz qaldığı 30 ilə yaxın dövr ərzində ərazilərimizdə yüz minlərlə müxtəlif istiqamətli minalar quraşdırılıb və onların hər biri ayrı-ayrı təhlükələr saçmaqda davam edirlər. Hazırkı dövrə qədər Ermənistanın Azərbaycana təhvil verdiyi mina xəritələrində isə nəticə 100 faizlik deyil, cüzidir. Əbəs deyil ki, münaqişə başa çatandan hazırkı vaxta qədər onlarla insanımız bu və ya digər şəkildə düşmənin basdırdığı minalar səbəbindən həyatını itirib, əlil qalıb və s. Və bu xüsusda, Aİ-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olunur.
Aİ-nin qərəzsizlik reallığı - ATƏT MQ fəaliyyətsizliyi və qərəzləri ilə özünü mövcud arenadan təcrid etdi
Təbii ki, sülhün əldə ediləcəyi təqdirdə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması da vacib istiqamətə yönəlir və bu haqda da Brüssel görüşündə təsdiq edilib.
Ən əsası isə, qəbul edilmiş sənəddə Dağlıq Qarabağ ifadəsi və ya keçmişin qalığı olan ATƏT MQ həmsədrlik instituna istinad yoxdur. Bu institut öz fəaliyyətsizliyi və qərəzləri ilə özünü mövcud arenadan təcrid edib. Artıq danışıqlar prosesi məhz Aİ-nin vasitəçiliyi ilə aparılır. Bununla da Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır ki, burada əsas məqsəd ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.
Beləliklə, fakt budur ki, Avropa İttifaqı mövcud fəaliyyəti və vasitəçiliyi ilə qərəzsiz yanaşma tərzi nümayiş etdirir və ən əsası, qurumun rəhbəri Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları da belə qənaətə gəlməyə zəmin yaradır ki, həmin reallıq sülhün bərqərar olması üçün əhəmiyyət kəsb etməkdədir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB