Erməni cəmiyyəti Sarqsyan və Koçaryanı zibilliyə tullayıb BRÜSSEL REALLIĞI
Armenianreport: “Paşinyanı sevməmək olar, amma serjikçilərə və koçaryançılara olan nifrət dəfələrlə güclüdür”
Baş tutana qədər ətrafında çoxsaylı müzakirələr və müxtəlif mülahizələr, rəylər, müzakirələr aparılan növbəti Brüssel görüşü başa çatdı və söz yox ki, bu əhəmiyyətli randevunun əsas nəticələrindən biri də əldə edildi – Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçilyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşündə sərhədlərin delimitasiyası ilə bağlı ilkin razılaşmalara start verildi. Artıq bununla bağlı hər iki ölkənin rəhbərləri prosesin həyata keçirilməsi üçün XİN-nə tapşırıqlarını da veriblər. Ən əsası isə, növbəti Brüssel görüşü bilavasitə Azərbaycan Prezidenti İlham Əliyevin bugünə qədər irəli sürdüyü tələblərinin və bəyanatlarının realizə olunması istiqamətində keçirildi.

Lakin bu görüşün Ermənistanda necə qiymətləndirilməsi, erməni cəmiyyətinin, siyasi-ictimai çevrələrinin, habelə KİV-lərinin münasibətləri də istər-istəməz maraq doğurmaqdadır.
Erməni müxalifətinin rüsvayçılığı: Sarqsyan-Koçaryan cütlüklərinin növbəti Brüssel görüşünə qarşı çıxmaları niyə uğursuzluqla nəticələndi?
Əbəs deyil ki, Brüssel görüşü ərəfəsində Ermənistanın eks-prezidentləri timsalında fəaliyyət göstərən revanşist qüvvələri müxtəlif cəhdləri ilə onun baş tutmamasına səylər göstərdilər.

Misal üçün, ölkə daxilində anti-Rusiya ruhunun formalaşdığını, bunun arxasında məhz Nikol Paşinyan hakimiyyətinin dayandığını sübut etməyə çalışdılar. Və belə bir məqamda, aprelin 5-də İrəvanda mitinq keçirən revanşçılar, həm də Rusiyadan dəstək alacaqlarını sandılar. Amma onların aksiyalarının uğursuzluqla nəticələnməsi, həm də onu göstərdi ki, bu gün erməni cəmiyyətinin əksər çoxluğu artıq bütün bunlardan, xüsusilə də “sabiqlərdən” bezib.
Tevos Arşakyan: “Ölkənin miqyası baxımından azölçülü mitinq göstərdi ki, fəaliyyətdə olan hakimiyyətin ötən il parlament seçkiləri nəticəsində qazandığı etimad mandatı saxlanılmaqdadır”

SİA xəbər verir ki, Ermənistanın armenianreport analitik saytının siyasi şərhçisi Tevos Arşakyan sözügedən mövzu ilə bağlı çıxış edərək müxalifətin mitinqinin uğursuzluqla nəticələndiyini bildirib. Xüsusilə, aksiyaya qatılanların sayının 10-11 min nəfərdən ibarət olmasını ölkə əhalisinin yalnız 1 %-ni təşkil etdiyini yazan erməni analitiki məhz bu reallığın çox şeydən xəbər verdiyini bildirib və maraqlı statiskikanı təqdim edib. SİTAT: “Birincisi, paytaxt Paşinyana sarı, ya da qırmızı kart göstərmədi. Nikol Vovayeviçin ölkədə hakimiyyəti ələ aldığı 2018-ci ilin baharını xatırlayaq. Nə qədər xalq onu dəstəkləməyə çıxmışdı? Müxalifətin dünən (aprelin 5-ni nəzərdə tutur-R.R.) çıxardığı insanlardan dəfələrlə, hətta on dəfələrlə daha çox. Ölkənin miqyası baxımından azölçülü mitinq göstərdi ki, fəaliyyətdə olan hakimiyyətin ötən il parlament seçkiləri nəticəsində qazandığı etimad mandatı saxlanılmaqdadır”.
Erməni analitiki: “Paşinyanın Brüsselin vasitəçiliyi ilə Əliyevlə danışıqlar aparmasına cəmiyyətdə güclü tələb mövcuddur”

“İkincisi, müxalifət Paşinyanı məğlub siyasət yürütməsinə, Ankaranın və Bakının maraqlarına xidmət erməsinə görə ittiham edir. Lakin xalq buna getmədi... Bununla yanaşı, cəmiyyətdə ruh və texniki sarıdan müharibəyə hazırlığın olmadığı, yeni müharibənin daha böyük kədər və problemlər yaradacağı anlayışı var”, deyən erməni analitki digər faktlara da toxunub: “Bizdə heç Baş qərargah rəisi də yoxdur ki, müharibəni aparsın. Ona görə də Paşinyanın Brüsselin vasitəçiliyi ilə Əliyevlə danışıqlar aparmasına cəmiyyətdə güclü tələb mövcuddur”.
“Üçüncüsü, mitinq göstərdi ki, “müharibə partiyasının”, “keçmişlərin”, ilk növbədə Sarqsyannın və Koçaryanın reytinqi çox aşağı səviyyədədir. Paşinyanı sevməmək olar, amma serjikçilərə və koçaryançılara olan nifrət dəfələrlə güclüdür”, deyə armenianreport-un təhlilçisi yazır və qeyd edir.
Xatırlatma: “Biz ağır günlərimizi keçiririk, amma onların hakimiyyətlərindəki “gözəllikləri” də xatırlayırıq, çünki amneziyadan əziyyət çəkmirik”
“Paşinyan, belə demək mümkündürsə, Ermənistanın siyasi sahəsində pislər qarşısında mövcud olanlardan ən yaxşısıdır. Mübahisəsizdir ki, bu gün Ermənistan son 100 ildə özünün ən ağır dövrünü yaşayır, ancaq belə bir vəziyyətdən nə Koçaryanın, nə də Sarqsyanın vasitəsi ilə çıxa bilməmək artıq dəqiq olaraq kömək etməyəcək”, deyə Arçakyan yazır və əlavə edir: “Onlar hələ də öz hakimiyyətlərini bərpa etmək üçün ciddi-cəhdlər göstərirlər, ancaq bu da dəqiqdir ki, belə cəhdlər erməni xalqının marağını əks etdirmir. Biz ağır günlərimizi keçiririk, amma onların hakimiyyətlərindəki “gözəllikləri” də xatırlayırıq, çünki amneziyadan əziyyət çəkmirik”.

Daha sonra bildirilir ki, müxalifətin mitinqlərinin əsas təşkilatçısı məhz Rusiyadır: “Dördüncüsü, bu mitinqin haradan əsməsi erməni cəmiyyətinə aydındır – Rusiya tərəfindən. Moskva ondan çox narahatdır ki, Qərb bizim regiondakı proseslərə yüksək maraq göstərməyə başlayıb, Brüsseldə Əliyevlə Paşinyanın görüşünü təşkil edib. Və mitinqin tarixi də təsadüfən seçilməyib – Brüssel görüşünə bir gün qalmışa qədər. Hədəf – Paşinyana xəbərdarlıq etməkdir”.
Son qərar: “İnamla deyə bilərik ki, aprelin 5-i yerləri parlamentin divarları arasında və Ermənistanın siyasi həyatında deyil, məhz tarixin zibilliyində olan Rusiyayönlü müxalifətin rüsvayçı və süquta uğrayan günüdür”
Tevos Arşakyan qeyd edir ki, mitinqə bir sutka qalana qədər “Ermənistan” fraksiyasının deputatları Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkindən məsləhətlər almağa qaçdılar. Seyran Ohanyan, Armen Gevorkyan, Vage Akopyan, Armen Rustamyan və Aqnesa Hamoyan aksiyada özlərini necə aparacaqları, nə danışacaqları, diqqəti hansı vasitələrlə aksentləşdirmələri ilə bağlı dəqiq instruksiyalar aldılar: “Müvafiq “məsləhətlər” bizim cəmiyyətin diqqətindən kənarda qalmadı. Və bu gün Rusiyanın hansı reytinqə malik olması və bizim həmvətənlərimizin ona necə münasibət göstərməsi kimsəyə sirr deyil.

Lakin “sabiqlər” öz işlərində qazanc əldə etmək istəyirlər və hər kəsi inandırmağa çalışırlar ki, anti-Rusiya münasibətləri erməni dövlətçiliyinə arxadan vurulan zərbədir. Bundan əlavə, kimlər ki, Rusiyaya etibar etmirsə, onlar belə insanları anormal adlandırırlar. Bəli-bəli, məhz bu cür “artsaxın xarici işlər naziri” (dırnaqlar bizimdir – R.R.), “sabiqlərin” güllə darağında olan David Babayan hesab edir. Yəni ya Rusiya uğrunda fəaliyyət apar, ya da səni anormal elan edəcəklər.
Ümumiyyətlə, şəxsi nöqteyi-nəzərinə olan qadağa Koçaryanla Sarsyanın metodları olaraq qalmaqdadır. Bəs biz “sabiqlərin” anlayışına və qanunlarına geri dönmək istəyirikmi? İnanıram ki, yox. Paşinyan necə olursa-olsun, amma dəqiq budur ki, o özünün siyasi opponentlərinin ağızlarını bağlasa da əhalinin ağzını bağlamır. Və son 4 ildə biz buna alışmışıq. Ona görə də inamla deyə bilərik ki, aprelin 5-i yerləri parlamentin divarları arasında və Ermənistanın siyasi həyatında deyil, məhz tarixin zibilliyində olan Rusiyayönlü müxalifətin rüsvayçı və süquta uğrayan günüdür.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB