Azərbaycanda korrupsiyaya qarşı mübarizə gücləndirilir TƏHLİL

Azərbaycanda korrupsiyaya qarşı mübarizə gücləndirilir TƏHLİL

Dövlət başçısının Sərəncamı ilə təsdiqlənmiş Milli Fəaliyyət Planı dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılmasına töhfə verəcək

Sosial ədalət və demokratik prinsiplərə əsaslanan islahatlar ölkəmizdə milli və müasir idarəetmə modelinin qurulması istiqamətində mühüm rol oynayır. İslahatların əsas məqsədi səmərəli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılmasıdır. Əlbəttə ki, həyata keçirilən tədbirlər ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunmasına istiqamətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar ən müasir demokratik mexanizmlərin yaradılması və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelinin, vətəndaş - dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin, eləcə də korrupsiyaya şərait yaradan halların aradan qaldırması üçün zəmin yaradıb.
Xatırladaq ki, son illərdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır. 2004-cü il yanvarın 13-də qəbul olunmuş "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun tətbiqi ilə əlaqədar "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqamının (2004-2006-cı illər) layihəsi hazırlanaraq Azərbaycan Prezidentinin 3 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Korrupsiyaya qarşı səmərəli mübarizə mexanizmlərini müəyyənləşdirən Dövlət Proqramı uğurla icra olunmuşdur. Belə ki, ölkədə şəffaflığın təmin olunmasını və korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha geniş miqyasda aparılmasını təmin etmişdir. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yaradılması da bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən biridir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üçün 2007-2011-ci illərdə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" uğurla icra edilmişdir. "2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında" dövlət şəffaflığın artırılması, hesabatlılığın, yeni texnologiyaların tətbiqi əsas prinsiplər kimi təsbit olunmuşdur.

ÖLKƏMİZDƏ SOSİAL DÖVLƏTİN YENİ MODELİ FORMALAŞIB

Bu, ölkəmizdə insanların yüksək sosial rifahına yönəlib. Görülən işlərin davamı olaraq dövlət başçısı "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sənədin təsdiqlənməsi dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədi daşıyır. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən bu çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir. Korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır. Hazırda ölkəmizdə sosial dövlətin yeni modeli formalaşmışdır.

KORRUPSİYANIN QARŞISININ ALINMASI İLƏ BAĞLI MÜASİR EFFEKTİV MEXANİZMLƏR TƏTBİQ EDİLİR

Məlumdur ki, korrupsiya qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına da mane olur. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılması, sahibkarlığın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılması istiqamətində ölkəmizdə kifayət qədər işlər görülmüş və dövlət rəhbərliyi tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Milli Fəaliyyət Planında qeyd olunduğu kimi, korrupsiya tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən olmuşdur və bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qalmaqdadır. Korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zəruridir və bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməlidir.

KORRUPSİYADAN AZAD MÜHİT VƏ ŞƏFFAFLIQ KİMİ KOMPONENTLƏR İNKİŞAFIN BAŞLICA AMİLLƏRİDİR

Milli Fəaliyyət Planında o da qeyd olunur ki, Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin azad edilməsi ilə ölkəmiz üçün yeni inkişaf mərhələsi açılmışdır. Xarici və yerli investorların həmin ərazilərdə infrastruktur layihələrinin icrasına cəlb edilməsi, bu torpaqlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi kimi dövlətin yeni strateji prioritetləri bölgənin gələcək inkişafının carçısıdır. Korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər isə məhz bu inkişafın başlıca amilləridir. Ölkəmizin hazırkı inkişaf mərhələsi korrupsiyaya qarşı mübarizə sahəsində görülməli olan sistem xarakterli tədbirlərin effektivliyini və davamlılığını təmin edəcək yeni bir sənədin - Korrupsiyaya qarşı mübarizəyə dair yeni Milli Fəaliyyət Planının qəbul edilməsini şərtləndirir.
Milli Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək tədbirlərin müvafiq icraçı qurumlar üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin səmərəli və keyfiyyətli olması üçün dövlət səviyyəsində tədbirlər görülür və bu mübarizə aşkarlıq şəraitində aparılır. Azərbaycan hakimiyyəti bir çox dövlətlərin təcrübəsini nəzərə alaraq, bu sosial bəlaya qarşı qətiyyətlə mübarizə aparır, təkamül və islahatlar yolu ilə korrupsiyanın aradan qaldırılmasına çalışır. Cəmiyyətin inkişafına mənfi təsir göstərən neqativ təzahürlərə qarşı mübarizə dövlət başçısının daim diqqət mərkəzində olmuş, bununla əlaqədar müvafiq qərarlar qəbul edilmiş və tədbirlər həyata keçirilmişdir. Milli Fəaliyyət Planında əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına müsbət təsirini göstərəcəkdir. Eyni zamanda, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xidmət edəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə