Məlum olduğu kimi sabah yəni aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir. Bəs, bu görüşlərdən gözləntilər nələr ola bilər?
SİA məsələ ilə bağlı politoloq Sahil İskəndərovun fikirlərini öyrənib.
Onun sözlərinə görə, bu cür görüşlərə böyük ümid bəsləmək və bunların böyük nəticələr verə biləcəyini gözləmək sadəlöhvlük olar: “Amma istənilən halda əgər ötən ilin dekabrında yenidən Brüsselin vasitəçiliyi ilə keçirilən görüşdə çox ümidverici nəticələrin alınması, sonrakı bəyanatların müsbət məcrada olması sabahkı görüşdən də müəyyən gözləntiləri artırır.
Amma bu o demək deyil ki, biz konkret olaraq çox tezliklə Ermənistanın konstruktiv mövqe tutmasının şahidi olacağıq. Mən düşünürəm ki, bu əsla belə deyil. Lakin istənilən halda müsbət məqamlar ola bilər. Ən azından nəzərə alaq ki, indiki şəraitdə, yəni Rusiya ilə Qərbin kəskin və sərt geosiyasi qarşılanması konteksində Avropanın Cənubi Qafqazda öz mövqelərinin möhkəmləndirmək cəhdlərinin müsbət nəticə verməsinin və bundan da asılı olaraq Azərbaycanla Ermənistan arasındakı münasibətlərin daha müsbət məcraya yönəlməsi konteksində müəyyən irəliləyişlərin olmasını gözləmək olar.
Bu da konkret olaraq bəyanatlardan yox, ilk növbədə Brüsselin bu müstəvidə aparacağı siyasətdən asılı olacaq. Ötən ilki Brüssel görüşündən əvvəl Soçidə Rusiya Prezidentinin iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüş keçirilmişdi. Orada müsbət səpkili üçtərəfli bəyannamədən sonra Brüssel görüşünün nəticəsiz olması Avropa İttifaqının nüfuzunun sıfır dərəcəsində olmasına gətirib çıxarır. Bu baxımdan biz orada məhz Avropa Şurası sədrinin dilindən əslində elə 2020-ci ilin 10 noyabr üçtərəfli bəyannaməsində nəzərdə tutulan müsbət müddəaların həyata keçirilməsində Avropanın maraqlı olduğunu eşitdik. Bu konteksdə yanaşsaq sabahkı görüşdən müsbət nəticələr gözləmək olar”.
Politoloq sözlərinə belə davam edib: “Onu da diqqətə çatırım ki, Ermənistan tərəfi əvvəllər Azərbaycanın təklif etdiyi 5 prinsipə bir qədər müxtəlif şərhlərlə razı olub-olmadığını bildirsə də, indi konkret bir neçə dəfə Ermənistanın bu təklifə müsbət yanaşma sərgilədiyini görürük. Amma hələ bu da heçnə deyil. Burada daha çox əməli addımlardan söhbət gedir.
Mən düşünürəm ki, Avropa İttifaqı və Avropa ölkələrinin bu müstəvidə müsbət yanaşması, yəni ən böyük xidməti ondan ibarət ola bilər ki, əgər Ermənistan Azərbaycanın 5 təklifinin onları qane etdiyini deyirsə Aİ bütün nüfuzunu işə salıb Ermənistanın konstruktiv müstəvidə addımlar atmasını şərtləndirməlidir.
Əsas məqamlardan biri Brüsselin həqiqətən də Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olmasında maraqlı olduğunu göstərən əsas amil o olacaq ki, həqiqətən də Brüssel post-münaqişə dövründə 2020-ci il 10 noyabr üçtərəfli bəyannaməsində öz töhfəsini verməsindən asılıdır. Amma çox təəssüflər olsun ki, biz bunu görmədik. Ermənistan və Aİ tərəfindən hələ ki bununla bağlı Ermənistana ciddi təsir görmədik. Çünki əgər bu təsir olsaydı bütün kommunikasiyaların, həmçinin Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan konstruktiv mövqe nümayiş etdirmir. Azərbaycan artıq bu məsələlərə ümidli olmağı bir kənara qoyub”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB