“Aprel döyüşləri Böyük Qələbəyə gedən yolun başlanğıcı idi” – DEPUTAT
“Aprel döyüşləri Azərbaycanın 44 günlük Vətən müharibəsində mənfur düşmən üzərində qazandığı tarixi qələbənin başlanğıcı idi. Xalqımızın oğulları, Ordumuzun əsgər və zabitləri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tariximizin şanlı səhifələrindən birini yazdılar. Düşmənin məğlubedilməzlik mifini darmadağın etdilər, 25 il ərzində yaratdıqları keçilməz sədləri aşıb keçdilər, erməni işğalçılarını qaçmağa məcbur etdilər. Azərbaycan Ordusu dastan yazdı, bayrağımızı Lələtəpə yüksəkliyində dalğalandırmaqla gələcək qələbələrimizin ilk müjdəsini verdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, bu qələbə həm də xalqımızın vətənpərvərlik ruhunu oyatdı, Qarabağımızın azad olunmasında ən mühüm amil olan xalqın qələbəyə inamını özünə qaytardı: “Xalqımız Lələtəpə dastanı ilə qələbənin dadını hiss etdi, özünə güvənci artdı, yeni-yeni qələbələr üçün səfərbər oldu. Ermənistanda isə əksinə, işğalçı dövlətin ideoloji əsasları sarsıldı, orduları haqqında yaradılan yalançı məğlubedilməzlik sindromu paramparça oldu. Ən əsası isə Ermənistan cəmiyyəti parçalandı, iqtidarın, hakimiyyətdə olanların yalanları üzə çıxdı. Ali Baş Komandan, Prezident İlham Əliyev Aprel döyüşlərinin bir illiyi münasibətilə bir qrup hərbçi ilə görüşündə demişdir: “Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib”. Bəli, Azərbaycan 4 günlük Aprel döyüşlərində nə etmək lazım idisə onu da etdi. Kimsənin tələbi ilə yox, özünün istəyi ilə əks-hücumu dayandırdı. Bu, Qarabağın azadlığı əməliyyatının ilk məşqi və əldə edilən ən önəmli qələbə idi. Aprel döyüşləri nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu. Bu qələbənin davamı olaraq Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi də işğalçılardan təmizləndi, soydaşlarımızın 25 illik yurd həsrətinə son qoyuldu. Azərbaycan Aprel müharibəsi ilə regionda maraqları olan dövlətlər və ermənlərin havadarlarına sübut etdi ki, regionun təhlükəsizliyi daha çox Azərbaycandan asılıdır. Cənubi Qafqazda təhlükəsizliyi və əməkdaşlığı təhdid edən, buna mane olan regiondaxili amil Ermənistandır. Rəsmi Bakı aprel hadisələri ilə beynəlxalq güclərə, erməni lobbisinə, havadarlarına ərazilərini hərb yolu ilə azad etməyə qadir olduğu ismarışını da verdi. Dörd günlük müharibə 4 ildən sonra 44 günlük Vətən müharibəsi ilə davam etdi. Qələbə paradı ilə yekunlaşdı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB