Azərbaycan münaqişənin həlli üçün səy göstərir - DEPUTAT ŞƏRH ETDİ

Azərbaycan münaqişənin həlli üçün səy göstərir - DEPUTAT ŞƏRH ETDİ

“Rusiya və Ukrayna arasında yaranmış münaqişənin həlli istiqamətində son günlərdə qardaş Türkiyənin vasitəçiliyi ilə baş tutan görüşlər mühim siyasi əhəmiyyət kəsb edir və sülh danışıqlarında ilkin müsbət nəticələrin əldə olunması dayanıqlı sülh və yekun barışı sənədinin imzalanmasına böyük fürsətlər yaradır. Hazırda Rusiya və Ukrayna arasında davam edən müharibənin dayanadırılması, dərhal sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində ən çox səy göstərən ölkələrdən biri Azərbaycan və qardaş Türkiyədir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu münaqişənin dinc yolla, daha tez həlli üçün əlindən gələni edir, bir çox dövlətlərin vəziyyəti daha da gərginləşdirmək cəhdlərinin əksinə olaraq biz bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsini istəyirik: “Bu günlərdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Prezident İlham Əliyev arasında telefen zəngi zamanı da bu məsələ xüsusi qabardıldı. Cənab İlham Əliyev sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd edərək münaqişənin qısa zamanda bitməsini arzuladığını bəyan etdi. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilsin. Bu, Azərbaycanın bölgədə çoxsahəli, müstəqil xarici siyasət yürütdüyünü təsdiqləyir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Ukrayna Azərbaycanın yaxın strateji tərəfdaşıdır: “Siyasi əlaqələrin dinamikası çox genişdir. GUAM çərçivəsində çox yaxın münasibətlər qurulub. İki ölkə arasında strateji müttəfiqlik münasibətləri beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir. Hər iki ölkə beynəlxalq aləmdə bir-birinin mövqeyini dəstəkləyir. Həmçinin, Azərbaycan Rusiya Fedreasiyası ilə də strateji əlaqələrə malikdir. Rusiya siyasi münasibətlər baxımından Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir, Rusiya Azərbaycanın ən yaxın iqtisadi tərəfdaşıdır, respublikamızın ticarət dövriyyəsində 3-cü yerdə dayanır. Rusiya Azərbaycanın əsas idxal tərəfdaşıdır və qeyri-neft məhsullarının ixracında birinci yerdədir. Rusiyanın Cənubi Qafqaz regionundakı ticarətinin 45%-i Azərbaycanın payına düşür. İki ölkə arasında 2021-ci ilə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 3 milyard dollar təşkil edib. Rusiya Azərbaycanın qeyri-neft ixracında birinci yerdə dayanır. Xüsusilə də kənd təsərüfatı məhsullarının ixracı bazarında bu ölkə lider mövqeyə malikdir. Ona görə də, hər iki ölkə bizim üçün önəmlidir və onlar arasında dayanıqlı sülhün bərqərar edilməsi arzuolunandır”.

A.Hüseynov qeyd edib ki, indiki çətin və mürəkkəb geosiyasi şəraitdə, Azərbaycan üçün ən strateji məsələ ölkəmizin milli maraqlarıdır, özünün tərəfsiz, balanslaşdırılmış yürütdüyü siyasətin uğurlarıdır: “Cənab İlham Əliyev nəyi necə və nə vaxt etməyi daha yaxşı bilir. Cənab Prezident dünyanın gerçək üzünü də yaxşı tanıyır, dünya liderlərinin siyasi hərəkətlərini də hamıdan daha yaxşı təhlil edir. Onun üçün müstəqil Azərbaycanın milli təhlükəsizliyi hər şeydən üstündür. Ona görə də, Azərbaycan Prezidentinin savaşı alovalandırmağı təhrik edən bir çox ölkələrin liderlərindən fərqli olaraq Rusiya və Ukraynanın dövlət başçılarını, iki slavyan xalqını barışdırmaqdır”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə