Mövcudluğu yalnız iyanələrdən, yardımlardan asılı olan Ermənistan artıq bu baxımdan da məhrumiyyətlərlə üzləşmək məcburiyyətindədir. Bu zamana qədər Amerika Birləşmiş Ştatları kimi fövqəl dövlətdən və digərlərindən yardım alan ermənilərin belə yardımların məbləğinin davamlı şəkildə artacağı ümidləri də puça dönməkdədir. Dünya dövlətləri artıq işğalçı ölkənin məkrli niyyətlərindən nəinki xəbərdardır, ümumiyyətlə, belə məkrli niyyətlər üçün artıq vəsait ayırmaq marağında da deyillər və əslində bu mənada doğru yoldadırlar. Xüsusilə Bayden adminstrasiyasının gələn ilin maliyyə yardımlarında Ermənistana ayrılacaq vəsaitin az miqdarda olması barədə çağırışı deyilənləri təsdiq edir və həmin ölkənin də, onun hakimiyyətinin də movqeyini sərgiləyir.
Ağ Evin 2023-cü maliyyə ili üçün büdcə təklifində Bayden Adminstrasiyasının ABŞ Konqresini Ermənistana 23 milyon dollar maliyyə yardımı ayırmağa çağırması ümumilikdə erməni cəmiyyətini məyus etməyə bilməz. Bir qədər əvvəl Ermənistan üçün ayrılması nəzərdə tutulan məbləğin az qala yarısının ayrılması barədə çağırış, təkcə işğalçı ölkə vətəndaşlarına deyil, bütövlükdə dünya ermənilərinə təsirsiz ötüşə bilməz. Ələləxüsus ANCA adı ilə məşhur olan Amerika erməni milli komitəsinin, bütövlükdə erməni lobbisinin, erməni diasporunun bu çağırışdan məyus olması gözləniləndir. Bunu təkzib etmək olmaz. Əvvəla ona görə ki, bu təşkilat, diaspor və lobbi Ermənistana yardım etmək əvəzinə, onlar Ermənistana olunan yardıma gözlərini dikirlər və bu iyanələrdən qidalanırlar. Bu isə o deməkdir ki, həmin təşkilatların özlərinin də payından kəsilir və əl-qolları qismən bağlanmış olur. Digər tərəfdən də həmin təşkilatlar yaxşı bilirlər ki, Ermənistan belə yardımlar olmadan mövcudluğunu qoruyub saxlaya bilməyəcək və belə olan halda da onların özləri də mövcud olmayacaqlar. Ümumilikdə götürəndə, Ermənistan üçün ayrılan yardımın, iyanənin yarıya qədərinin azalması bu ölkənin də, onun lobbisinin də imkanlarının yarıya qədər azalması deməkdir və əgər bu zamana qədər ayaqda dura bilməyiblərsə, bundan sonra hansı şəklə düşəcəkləri elə özləri üçün sual olaraq qalır. Təsadüfi deyil ki, ermənilər bu çaığırışı Ermənistana Qərbdən zərbə hesab edirlər.
Ermənistan artıq Qərbdən zərbələr alacağına çoxdan hazırlaşırdı və ermənilər bu zərbələrin onların mövqeyi, daha doğrusu mövqesizlikləri ilə bağlılığını da özləri yaxşı bilirlər. Bilirlər ki, işğalçılıqdan başqa heç bir fəaliyyət sərgiləməyən bir ölkə kimi Qərbin rəqbətini qazana bilməyəcəklər və ələlxüsus Qərbin istəyinə zidd olaraq Rusiyanın Ukraynada işğalçılığı fonunda Bayden Adminstrasiyasının belə bir çağırış edəcəyi gözlənilən idi. Əslində, aydın məsələdir ki, Qərb öz imici, öz nüfuzu naminə də olsa, ermənilərin hərəkətlərinin timsalında işğalçılığı ən azından bu anda dəstəkləyə bilməz. Yəni, bir tərəfdən Rusiyanı işğalçılıqda ittiham edən Qərb, digər tərəfdən Ermənistanın işğalçı siyasətini dəstəkləyə, bunun üçün maliyyə yardımı ayıra bilməz və bunu etməsi onun əleyhinə səslənə bilər. Bu baxımdan ermənilər yaxşı bilirdilər ki, bu gözlənilən idi və hətta yarıbəyarı azaldılsa belə bu qədər məbləğ heç ayrılmamalı idi Ermənistana, amma yenə də bu məbləğ onların yırtığına yamaq ola bilməyəcək deyə, məyusdurlar.
Məsələ burasındadır ki, təkcə maliyyə yardımının azaldılması çağırışı deyil, Ağ Evin 2023-cü il üçün büdcə təklifində Qarabağla bağlı məsələ də diqqətçəkən məqamdır və bu erməniləri heç də az qıcıqlandırmır. Təsəvvür edəndə ki, 2022-ci ilin dövlət büdcəsindən minaların təmizlənməsi məqsədi ilə Vaşinqton Qarabağa 2 milyon dollar ayırdığı halda, 2023-cü ilin büdcə təklifinə bu məsələni birmənalı şəkildə daxil etməyib ermənilərin kürkünə birə düşür. Ona görə ki, bu, Bayden Adminstrasiyasının Azərbaycanın bölgədə yaratdığı reallığı qəbul etməsi deməkdir və bu da ermənilər üçün Qərbdən daha bir zərbə oldu.
Təbii ki, Ermənistan, yaxud bu işğalçı ölkə vətəndaşları üçün ABŞ-ın, yaxud hansısa ölkənin bu zamana qədər belə yardım ayırması doğru addım olmayıb, çünki işğalçını təmin etmək işğala dəstək vermək deməkdir. Sözsüz ki, bu dəstəyi göstərənlər, işğalçılığa yardım edənlər bunun adekvat təsirləri ilə qarşılaşmalı oldular və məhz Rusiyanın bütün Qərb ölkələrini hesaba belə almadan işğalçı siyasət yürüdərək Ukraynaya daxil olması Qərb üçün bir dərs oldu. Qərb öz dərsini almış oldu ki, işğalçılığa dəstək verməklə bunun acı nəticələri ilə rastlaşmalı olacaq. Bu baxımdan indi Ermənistana yardımın azaldılması çağırışı anlaşılandır. Əslində, belə bir yardım ümumiyyətlə edilməməli idi və çağırış da bu istiqamətdə olmalı idi. Həm də ona görə ki, ayrılan yardımlar kriminal-terrorçu rejim tərəfindən, eləcə də erməni lobbisi, diasporu tərəfindən mənimsənilirdi. Bunun, bu yardımların erməni xalqına zərrə qədər aidiyyatı olmurdu, əksinə onun məhvinə, digərlərinin isə zərə çəkməsinə səbəb olurdu. Nəticə etibarı ilə xoşagəlməz sonluğa gətirib çıxardığı üçün bu yardımların ayrılması zamanında tamamilə dayandırılmalı idi, amma yenə də bu, yəni Bayden Adminstrasiyasının yardımın məbləqini yarıbəyarı azaltmaq çağırışı bir müsbət nəticədir və bu nəticə Qərbdən Ermənistana zərbə kimi görünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB