Heç kimə sirr deyil ki, bu gün Azərbaycan dövləti tarixdə heç vaxt olmadığı qədər güclüdür. Ölkəmiz dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının etibarlı üzvü, Avropanın enerji təhlükəsizliyinin təminatçısı, bir-biri ilə ziddiyyətli münasibətdə olan böyük güclərin dialoq məkanı, irqindən, dinindən asılı olmayaraq bütün xalqların dinc və sülh şəraitində yaşadığı sabitlik adasıdır. Bütün bunlar ölkə rəhbərliyi tərəfindən illərlə aparılmış düzgün siyasətin, güclü iradə və qətiyyətin, multikulturalist dəyərlərin təbliğinin, davamlı modernləşməyə və sosial rifaha xidmət edən islahatların nəticəsidir. Ancaq təəssüf ki, ölkəmiz hər zaman indiki qədər sabit və güclü olmamışdır. Tariximizin bir çox dövrlərində xalqımız etnik təmizlənməyə və soyqırımılarına məruz qalmışdır. Təbii ki, gənc nəslin daha çox məlumat sahibi olduğu azərbaycanlıların İrəvandan 1988-1989-cu illərdə deportasiyası və Birinci Qarabağ müharibəsidir. Bu mənada 1918-ci ilin mart soyqırımı tarixin açılmamış səhifələrindən biridir desək yəqin ki, yanılmarıq.
31 Mart Soyqırımı və ya Mart Hadisələri-1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Bu qırğın nəticəsində minlərlə azərbaycanlı kütləvi şəkildə qətlə yetirilmiş və işgəncələrə məruz qalmışdır. 31 Mart Soyqırımı öz miqyasına görə sadəcə xalqımızın tarixində deyil, bəşər tarixində də ən böyük faciələrdən, kütləvi terror aktlarından biridir. Beləliklə, Martın 31-i Azərbaycan tarixinə unudulmaz günlərdən biri olaraq həkk olunmuşdur. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz olur. 31 mart bizim üçün ikinci günlərdəndir. Bu gün hələ də bu soyqırımının dünya ictimaiyyəti tərəfindən layiqli hüquqi qiymətini ala bilməməsi isə əlbəttə ki, təəssüfləndirici amma bir o qədər də təəccüb doğurmayan faktdır. Çünki həmin beynəlxalq birlik cəmi 30 il öncə baş verən, hələ də şahidləri sağ olan, dəhşətin miqyasını gözlər önünə sərən videokadrlar, beynəlxalq jurnalistlərin foto və məlumatları mövcud olduğu halda təcavüzkarı öz adı ilə çağırmaqdan acizdirlər. Belə olan halda 100 il öncə baş verən hadisələrə obyektiv münasibət gözləmək yəqin ki, xəyalpərəstlikdən başqa bir şey olmazdı. Hərçənd ki, eyni dairələrin qondarma “erməni soyqırımı”na qarşı münasibəti kifayət qədər fərqlidir. Yaxın tarixə nəzər salsaq, ötən ilin aprel ayında qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidenti Cozef Baydenin bəyanatı bu mənada tutarlı fakt olaraq qarşımıza çıxır. ABŞ Prezidentinin erməni anım günü ilə bağlı bəyanatı açıq şəkildə tarixi həqiqətlərin təhrif olunması faktı idi. Beləliklə, dünya siyasətçilərinin təqdimatında qondarma “erməni soyqırımı” ilə bağlı yüz il bundan əvvəl baş vermiş hadisələr yanlış şəkildə təqdim edilərkən, cəmi 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymət verilməməsi qərəzlilik və ikili standart nümunəsi, beynəlxalq riyakarlığın açıq təcəssümüdür.
Yenidən 31 Mart azərbaycanlıların Soyqırımına qayıtsaq, hadisələrin 80-ci ildönümündə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı qeyd etmək istərdim. Fərman xalqımızın başına gətirilən faciələrin dünya ictimaiyyəti tərəfindən tanıdılmasında mühüm rol oynamaqdadır. Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkarlanmışdır. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat artıq olduğunu sübuta yetirmişdir.
Rauf Əliyev
Pirallahı rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB