Rusiya və Ukrayna münasibətləri normalaşacaq? - BEYNƏLXALQ EKSPERT AÇIQLADI
“Rusiya-Ukrayna münaqişəsinin masada, diplomatiya yolu ilə həll edilməsi zamanı yetişib. Artıq Rusiya tərəfi də bunu dərk edərək qarşıdakı günlərdə daha böyük itkilər verəcəyini nəzərə alaraq Türkiyənin səmimiyyətinə inanaraq Ukrayna prezidenti ilə görüşə razılıq verib”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev bildirib.

Onun sözlərinə görə, Ukrayna ilə Rusiya arasında münaqişənin sülh yolu ilə həll olunmasında Türkiyədən başqa heç bir dövlət səmimi yanaşmır: “Xüsusilə də Avropa və Amerika Rusiyanın Ukraynada daha uzun müddətli qalmasını və ciddi zərbələr almasını istəyir. Ona görə bu gedişatı düzgün dərk edən tərəf Türkiyədir. Fikrimcə, ilkin görüşdə çox ciddi praktik nəticələr əldə olunmasa da, hər halda liderlərin görüşməsi çox böyük irəliləyişdir. Bundan sonra da münaqişənin hərbi fazasının bitməsi və diplomatik yolla nəticələrin müzakirə mərhələsinin başlanılmasını müşahidə edə bilərik. Ukrayna tərəfi artıq Amerika və NATO mütəffiqlərinin əlində Rusiyaya qarşı alətə çevirdiyini dərk edib. Buna görə də Rusiyanin irəli sürdüyü bir sıra tələbləri, xüsusilə də Ukraynanın neytral ərazi elan olması ilə bağlı məsələdə razılığını bildirib. Ukraynanın bundan sonra heç bir hərbi bloka xüsusilə də, NATO-ya qoşulmayacağına dair məsələ ilə bağlı demək olar ki, yekdil razılıq əldə olunub. Rusiya vaxtilə Amerika və onun Qərb mütəffiqləri qarşısında qoyduğu ultimatum xarakterli tələblərə nail ola bilib. Hesab edirəm ki, Krım, Donetsk və Luqansk respublikalarının statusları məsələləri artıq müzakirə mövzusuna çevrilməlidir. Fikrimcə, Rusiya və Ukrayna arasındakı məsələlər böyük ehtimalla Türkiyənin vasitəçiliyi ilə sülh mərhələsinə daxil olacaq və bu iki dövlət arasındakı məsələlər böyümədən sonlandırılacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB