“Rusiya Müdafiə Nazirliyi qərəzli bəyanatını geri götürməlidir” AÇIQLAMA

“Rusiya Müdafiə Nazirliyi qərəzli bəyanatını geri götürməlidir” AÇIQLAMA

“Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ordusunun Fərrux yüksəkliyində mövqelərini möhkəmləndirməsi ilə bağlı bəyanatı tamamilə yolverilməzdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, 10 noyabr bəyanatının 4-cü maddəsində qeyd olunur ki, Rusiya sülhməramlıları bölgəyə Ermənistan silahlı qüvvələrinin bölgəni tərk etməsi ilə paralel şəkildə yerləşdirilir. Hələ də bu maddə öz icrasını tapmamışdır”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, maddənin icra olunmaması bölgədəki gərginliyin yaradılmasına eləcə də, mövqelərimizin atəşə tutulmasına gətirib çıxarır: “22 fevral tarixində Rusiya ilə Azərbaycan arasında imzalanan müttəfiqlik, qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədə qeyd olunur ki, hər iki dövlət bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır və münasibətlər keyfiyyətcə müttəfiqlik səviyyəsinə qalxır. Lakin hüquqi sənədlə göstərilən davranış arasında fərqlərində olduğunu biz müşahidə edirik. Bu, tamamilə yolverilməz bir haldır. Eyni zamanda, 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr tarixində imzalanmış bəyanatların ruhuna da zidd formada bir siyasi bəyanat kimi qiymətləndirilir. Buna görə də, Rusiya ilə Azərbaycan arasında olan strateji müttəfiqlik münasibətlərinin pisləşməməsi üçün daha praqmatik və ədalətli yanaşmanın sərgilənməsi daha uyğun olardı. Ona görə də, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətin nümayiş olunması ən ədalətli və düzgün bir yanaşmadır”.

Politoloq onu da bildirdi ki, bu gün bütün dünyada da transformasiya dövrüdür və islahatlar geniş xarakter almalıdır: “Lakin Rusiya ilə Azərbaycan arasında olan mehriban qonşuluq siyasəti çərçivəsində inkişaf edən münasibətləri bu cür qərəzli bəyanatlarla kölgə altına qoymaq olmaz. Bu baxımdan, Rusiya Müdafiə Nazirliyi, eləcə də Xarici İşlər Nazirliyi bu qərəzli bəyanatı geri götürməli və məhz münasibətlərə rasional baxışdan mövqe sərgiləməlidir. Yalnız bu formada cərəyan edən münasibətlər sistemi inkişafa gətirib çıxara bilər. Bunu Rusiya qəbul edib onunla barışmalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə