Azərbaycanın hər bölgəsi turizmin inkişafına yeni yollar açır - TƏHLİL
Zəngin və geniş turizm imkanlarına malik ölkə olan Azərbaycanda mədəni turizm, sağlamlıq turizmi, idman turizmi, çimərlik turizmi, ekoloji turizm və s. mövcuddur. Bütün bunların olması xarici turistlərin ölkəmizə cəlb olunmasında əsas amillərdir. Bu sərvətlərdən doğru və düzgün istifadə turist ölkəsi olaraq Azərbaycanın dünyada tanıdılmasında mühüm əhəmiyyət kəsb edir. Xüsusi olaraq vurğulamalıyıq ki, Azərbaycanın dinamik inkişafı, ölkəmizdəki əsaslı dəyişikliklər, respublikamızın siyasi-iqtisadi və mədəni mərkəz, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi çıxış etməsi ölkəmizin dünyada olan imicini daha da yüksəldib. Bütün sahələrdə həyata keçirilən layihələr Azərbaycanın hər bir bölgəsində turizm üçün geniş imkanlar açıb. Pandemiyaya qədər ölkəmizə səfər edən turistləri sayının günbəgün artmasına səbəb əlbəttə ki, bu sahədə həyata keçirilən islahatlar və dövlət proqramlarının uğurla icrası əsas rol oynamışdır. Azərbaycanın hər bir bölgəsi turizm üçün yararlıdır.
Əlbəttə ki, 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın da turizm potensialı genişdir. 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə işğal altındakı tarixi torpaqlarımızın azad olunmasını təmin etmiş oldu. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər bu ərazilərin turist məkanına çevriləcəyini təsdiqləyir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfərləri çərçivəsində dövlət başçısının Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməlini qoyması bu ərazilərdə turizmin inkişafı üçün yaradılacaq geniş imkanlardan xəbər verir. Ərazinin minalardan təmizlənməsindən, dağıdılmış tikililərin qalıqlarının yığışdırılmasından, çoxillik bitkilərin budanmasından sonra burada abadlıq işlərinə başlanılacaq və əraziyə uyğun bitkilər əkiləcəkdir. Ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaqdır. Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyekti yaradılacaqdır. Suqovuşan Turizm Kompleksində işlər cari ilin sonunadək başa çatdırılacaq, növbəti mövsümdə turistlərə xidmət göstərəcəkdir.
Əlbəttə ki, görülən işlər deməyə əsas verir ki, işğaldan azad olunan ərazilərin turizm potensialı böyükdür. Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və s. turistlərin diqqətini cəlb edəcəkdir. Ərazilərdə aparılan abadlıq-quruculuq işləri tezliklə ilk insan məskənlərindən olmuş məşhur Azıx mağarası, Qaraköpək, Üzərliktəpə kurqanları, Şuşada Tarix Muzeyi, Daş Sənətkarlığı Muzeyi, Dərman Bitkiləri Muzeyi, Mir Möhsün Nəvvabın ev muzeyi və s. çoxsaylı turistlərin ziyarətgahına çevriləcək. Bu, onu deməyə əsas verir ki, yaxın zamanlarda Azərbaycanın turizm məkanlarının coğrafiyası daha da genişlənəcəkdir.
Öz təbii sərvətləri ilə seçilən torpaqlarımızın səfalı və müalicəvi əhəmiyyət daşıyan yerləri, flora və faunasının başqa bir ab-havası var. Kəlbəcər rayonu ərazisindəki İstisu mineral suları, Şuşanın Cıdır düzü və saymaqla bitib-tükənməyən nümunələri böyük maraq doğurur.
Vurğulamaq yerinə düşər ki, istifadəyə verilən Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı turizmin ikişafında rol oynayacaq. Dünya standartlarına uyğun inşa olunan hava limanına istənilən tip hava gəmisinin eniş etməsi mümkündür. Burada sərnişinlərin və turistlərin rahatlığı üçün hər cür şərait mövcuddur. Hazırda Zəngilan və Laçında da beynəlxalq hava limanları inşa olunur. Bunlar başa çatdırıldıqdan sonra bu bölgəyə yerli turistlərin, eləcə də xarici ölkələrdən səyahət etməyə gələnlərin sayı xeyli artacaq. Adları qeyd olunan ərazilərdəki tarixi və dini abidələr, çinar meşələri diqqətdn kənarda qalmayacaq. Təbiətinin zənginliyinə görə bu bölgənin gələcəyi daha çox ekoturizmlə bağlı olacaq.
Təbii ki, hər rayonun özünəməxsus turizm potensialı var. Dövlət başçısı çıxışlarının birində vurğuladığı kimi, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB