Prezident İlham Əliyev: "Artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir"
Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq idman arenasında artıq özünə layiqli yer tutub. İstər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə bu imicə sahib olub. Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin bütün sahələrində, eləcə də idman sahəsində böyük nailiyyətlər əldə olunub. Dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda yüzlərlə beynəlxalq yarışlar keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb.
"AZƏRBAYCAN İDMAN DÖVLƏTİDİR VƏ HƏM BÖYÜKLƏR, HƏM GƏNCLƏR ARASINDA KEÇİRİLMİŞ BEYNƏLXALQ YARIŞLARDA BİZİM İDMANÇILARIMIZ ÖZ GÜCÜNÜ, DÖVLƏTİMİZİN QÜDRƏTİNİ NÜMAYİŞ ETDİRİRLƏR"
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün güləş özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə müstəqillik əldə etdikdən sonra bütün olimpiya oyunlarında bu idman növü üzrə medallar qazanılıb. Bu, bir daha sübut edir ki, milli idman növü güləş Azərbaycan idmanının aparıcı sahəsidir. Bu günlərdə Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atıblar. Belə ki, bu yarışda idmançılarımız 16 medal qazanıb ki, onlardan 7-si qızıl medaldır. Bu da Azərbaycan güləşi tarixində rekord nəticədir. Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən çıxışında bildirdiyi kimi, "Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər".
"HƏM İDMANÇILAR, HƏM İDMAN MÜTƏXƏSSİSLƏRİ, BÜTÜN AZƏRBAYCAN VƏTƏNDAŞLARI BU QƏLƏBƏNİ BÖYÜK QÜRUR HİSSİ İLƏ QARŞILAYIBLAR"
Vurğulamaq yerinə düşər ki, ölkəmizdə idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməyə imkan yaradır. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir. Bu da gəncləri idmana olan marağını daha da artırır və mövcud şərait onları daha da ruhlandırır. "Mən bilirəm ki, idmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir", - deyən Prezident sözü gedən çempionatda Dövlət Himnimiz yeddi dəfə səsləndirildiyini diqqətə çəkib: "Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar."
"BUGÜNKÜ QƏLƏBƏNİ MƏN GÖRÜLƏN BU İŞLƏRİN İLK TƏZAHÜRLƏRİNDƏN BİRİ KİMİ QƏBUL EDİRƏM"
Cənab Prezident çıxışında "Mən Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən qarşıya məhz bu vəzifəni qoydum ki, biz idmançılara şərait yaratmalıyıq, onlardan isə nəticə gözləməliyik. Bax, bu iki əsas amil bizim böyük uğurlarımızın əsasını təşkil edirdi. Ona görə əminəm ki, Güləş Federasiyası Gənclər və İdman Nazirliyi ilə, məşqçilərlə birlikdə düzgün addımların atılmasına nail olacaq və bugünkü qələbəni mən görülən bu işlərin ilk təzahürlərindən biri kimi qəbul edirəm."
Dünyanın ən mötəbər idman tədbirlərindən olan Olimpiya Oyunlarında Azərbaycan idmançılarının möhtəşəm qələbələr qazanması xüsusi qeyd edilməlidir. Olimpiya Oyunlarında Azərbaycan komandasının əldə etdiyi nəticələrə nəzər salsaq, çox böyük uğurların əldə edildiyinin şahidi olarıq. "Atlanta-1996"da 1, "Sidney-2000"də 3, "Afina-2004"də 5, “Pekin-2008"də 7, "London-2012"də 10 medal qazanan Azərbaycan komandası "Rio-2016" Yay Olimpiya Oyunlarında tarixi qələbəyə imza ataraq 18 medal əldə etdi. İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Son illərin idman nailiyyətlərinə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq edib. Başqa sözlə, idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. Birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. IV İslam Həmrəyliyi Oyunlarında isə idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasətinin nəticəsi olaraq, idmançılarımızın sorağı mötəbər yarışlardan qalib kimi eşidilir. Minskdə keçirilən İkinci Avropa Oyunlarında Azərbaycan millisinin 10-cu yerdə qərarlaşması idmanımızın növbəti uğuru oldu. 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşdı. Komandamız Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurdu. Bütün bunlar Azərbaycanda idmana dövlət qayğısının müsbət nəticələrini və idmanın inkişaf səviyyəsini əyani göstərir. İlham Əliyev "Ölkəmizdə keçirilmiş və bundan sonra keçiriləcək idman yarışları da müntəzəm xarakter almalıdır. Çünki ölkəmizin həm imkanları, həm Azərbaycanda qonaqpərvərlik, idman infrastrukturunun mövcudluğu sayəsində biz bütün istənilən idman yarışını keçirə bilərik, - deyərək bildirib ki, Avropa Oyunlarında 5 mindən çox idmançı iştirak edirdi və onların bir çoxu qeyd edirdi ki, bu Oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilir: "Yəni, bütün bu şəraiti biz yaratmışıq ki, həm idmançılar dövlətimizin şöhrətini həmişə yüksəkliklərdə saxlasınlar, həm də idman kütləvi xarakter alsın. Gənclər və idman naziri qarşısında, yeni rəhbərlik qarşısında qoyduğum vəzifələrdən biri də məhz budur - idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək. Çünki bizdə hər bir bölgədə müasir olimpiya idman kompleksləri vardır, 50-yə yaxın belə bir kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə etməliyik".
Azərbaycan idman ölkəsi statusunu qoruyub saxlayır. Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB