Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyindəki rolu - TƏHLİL

Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyindəki rolu - TƏHLİL

Prezident İlham Əliyev: “Ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir”

Bu gün Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır. Xüsusilə son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini yeni enerji mənbələrini təmin etməyə sövq etdi. Bu baxımdan regionun əsas neft ölkələrindən biri kimi Azərbaycana diqqətin artması təbiidir. Avropa gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini qiymətləndirməyə bilməzdi. Məhz Avropa dövlətlərinin alternativ enerji təminatçısı kimi üzünü ölkəmizə çevirməsi anlaşılandır. Çünki Azərbaycan həm də sabit və etibarlı imici ilə diqqət çəkir. Buna görə də ekspertlərin “Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır” qənaəti hər kəs tərəfindən şəksiz qəbul edilir və Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir. Bir sözlə, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Beləliklə, 28 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən iri şirkətlərin nümayəndələri Bakıda bir araya gələndə çox az adam düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək.

“BU STANSİYASININ AÇILMASI ƏLBƏTTƏ, GENERASİYA GÜCLƏRİMİZİ BÖYÜK DƏRƏCƏDƏ ARTIRACAQ”

Qeyd edək ki, cari ilin fevral ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobu” Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışından sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində də bildirdi ki, ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir.Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasiminin keçirilməsi Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyətinin getdikcə artdığını göstərir.

“QARADAĞ GÜNƏŞ ELEKTRİK STANSİYASININ TƏMƏLİNİN QOYULMASI ÇOX ÖNƏMLİ HADİSƏDİR”

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında bildirib ki, ölkəmizin energetika sahəsində çox əlamətdar bir gün olduğunu və bu stansiyanın həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək: "Bu gün Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Doğrudan da çox önəmli bir hadisədir, 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək".

“AZƏRBAYCAN ELEKTRİK ENERJİSİNİN BÖYÜK İSTEHSALÇISI VƏ İXRACATÇISI OLACAQDIR”

"Bütövlükdə Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır",-deyən dövlət başçısı onu da bildirib ki, artıq bu işin təzahürləri görünür: "Onu da nəzərə almalıyıq ki, qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac vardır. Biz elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edirik - təbii qaz, su, günəş və külək. Bir daha demək istəyirəm ki, Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Əminəm ki, biz yaxın gələcəkdə yeni layihələrin başlanmasına start verəcəyik".

“BİZİM SİYASƏTİMİZ, İLK NÖVBƏDƏ, AZAD EDİLMİŞ TORPAQLARI BƏRPA ETMƏK VƏ ÖLKƏMİZİN DAYANIQLI İNKİŞAFINI TƏMİN ETMƏKDİR”

Prezident İlham Əliyev təməlqoyma mərasimində çıxışı zamanı vurğulayıb ki, bu gün əsas məqsəd ilk növbədə, azad edilmiş torpaqları bərpa etməkdir: "Bizim siyasətimiz, ilk növbədə, azad edilmiş torpaqları bərpa etmək və ölkəmizin dayanıqlı inkişafını təmin etməkdir".

Dövlətimizin başçısı qeyd edib ki, elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, birinci, əsas şərtdir. Xoşbəxtlikdən Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir: "Müasir infrastruktur vardır - həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bir çox dostlarımız var, onlardan biri də Birləşmiş Ərəb Əmirlikləridir. Mən bütün sərmayə maraqlarını, biznes maraqlarını nəzərə alaraq onu da bildirməliyəm ki, əgər iki ölkə arasında yaxın dostluq əlaqələri olmasaydı, yəqin ki, bu layihəni də biz görməzdik. Yəni, bütün bu amillərin vəhdəti çox gözəl bir imkan yaradır. Hesab edirəm ki, biz bu imkandan böyük səmərə ilə istifadə edirik və edəcəyik".

“BÖYÜK POTENSİAL İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏDİR”

Dövlət başçısı vurğulayıb ki, bu gün böyük potensial işğaldan azad edilmiş ərazilərdədir: "Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Artıq ilkin addımlar da atılır, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Ümid edirəm ki, bu danışıqlar da uğurla nəticələnəcək. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər. Bildirməliyəm ki, işğal dövründə 30 il ərzində ermənilər və Ermənistan dövləti o vaxt işğal altında olan torpaqlarda bütün infrastrukturu, bütün binaları, tarixi, dini abidələrimizi dağıtmışlar, bunu təsdiqləyən bir çox sənədlər, video-foto məlumatlar vardır. O cümlədən Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyasını məhv etmişlər və biz artıq azad edilmiş torpaqlarda genişmiqyaslı işlərə başlayaraq, o cümlədən elektroenergetika sahəsinə böyük diqqət göstərmişik".

“AZAD EDİLMİŞ TORPAQLARDA CƏMİ BİR İL ƏRZİNDƏ 7 YARIMSTANSİYA YARADILIBDIR”

Prezident İlham Əliyev çıxışında söyləyib ki, keçən il 4 su elektrik stansiyasını bərpa edilib ki, onların da ümumi generasiya gücü 20 meqavatdır: "Bu il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Düzdür, digər stansiyalarla müqayisədə həcm o qədər də böyük deyil. Lakin bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və bu, su elektrik stansiyalarıdır. Güləş və külək elektrik stansiyalarının yaradılması üçün təbii ki, daha böyük potensial var. Yenə də demək istəyirəm ki, bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıbdır".

"Mən çox şadam ki, bu böyük layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkətidir, - deyən dövlət başçısı qeyd edərək bildirib ki, “Masdar” şirkətinin bu sahədə çox böyük təcrübəsi var, bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir: "Əlbəttə ki, bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir. Azərbaycanda çox gözəl investisiya iqlimi vardır və eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir".

“QEYRİ-NEFT SEKTORUNA BÖYÜK HƏCMDƏ XARİCİ SƏRMAYƏNİN QOYULMASI BİZİM ƏSAS PRİORİTETLƏRİMİZDƏN BİRİDİR”

"Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması bizim əsas prioritetlərimizdən biridir. Çünki uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulub. Bu, bizə imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq".Bu fikirləri Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında söyləyib.

Bu gün Azərbaycanın həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi ixrac edən ölkə olduğunu diqqətə çatdıran dövlətimiz başçısı deyib: "Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Biz dörd qonşu ölkəyə ixracı artıq təmin etmişik və əminəm ki, gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxacağıq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması qeyd etdiyim kimi, bizim ixrac imkanlarımızı da artırır".

“AZƏRBAYCAN DÜNYA MİQYASINDA O ÖLKƏLƏRDƏNDİR Kİ, XARİCİ DÖVLƏT BORCU ÇOX AŞAĞI SƏVİYYƏDƏDİR, CƏMİ 7,4 MİLYARD DOLLARDIR”

“Müstəqillik dövründə Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, sənaye və iqtisadiyyatımız artır”,- deyən dövlət başçısı Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, xarici dövlət borcu çox aşağı səviyyədə olduğunu bildirib.

“Bu ilin iki ayında ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artmışdır. Bütün bunlar postpandemiya dövründə əldə edilmiş nailiyyətlərdir və onu göstərir ki, Azərbaycanda aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır”, - deyə dövlətimizin başçısı vurğulayıb.Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır: “Əgər istəsək, biz bu borcu bir gün ərzində sıfırlaya bilərik. Əlbəttə ki, həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar”.

"AZƏRBAYCAN DÜNYA MİQYASINDA BÜTÜN ENERJİ KOMPONENTLƏRİNİN İNKİŞAFINA GÖRƏ QABAQCIL ÖLKƏLƏRDƏNDİR"

Dövlət başçısı çıxışı zamanı müstəqilliyimizin ilk illərində enerji sahəsində çətinliklərdən danışaraq bildirdi ki, bu mövcud olan stansiyalar yararsız vəziyyətdə olmağından irəli gəlirdi: "Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə pulumuz yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir".

“Bu, əlbəttə ki, son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışdılar. Mən orada çıxış edərkən dedim ki, biz etibarlı tərəfdaşıq, öz öhdəliklərimizi yerinə yetiririk, buna gücümüz də çatır, iradəmiz də çatır, məsuliyyətimiz də çatır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Göründüyü kimi, bütövlükdə, son illərdə respublikamızda elektrik enerjisi infrastrukturuna böyük həcmdə sərmayələr yatırılmaqdadır. Bu isə, Azərbaycanda enerji təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını, ölkəmizin həm bölgədə, həm də qitədə çox etibarlı enerji təchizatçısına çevrildiyini isğat edir. Bir sözlə bütün bunlar onu göstərir ki, Azərbaycan həm də enerji keçidi ilə bağlı qlobal çağırışların uğurla reallaşdığı ölkələrdəndir və bundan sonra da uğurları daha çox olacaq.

Prezident İlham Əliyevin dediyi kimi: "Əlbəttə ki, növbəti planlarımız da var. Həm daxildə, həm xaricdə artan tələbatı ödəmək üçün bizim böyük planlarımız var, onlar reallaşır, o cümlədən bərpaolunan enerji növləri ilə bağlı planlarımız. Əminəm ki, bu gün burada qeyd etdiyimiz açılış və buna bənzər açılışlar bundan sonra da çox olacaq".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə