Onların müharibə aparmasından çox narahatıq - ŞƏRH EDİLDİ

Onların müharibə aparmasından çox narahatıq - ŞƏRH EDİLDİ

"Antalya Diploması Forumu çərçivəsində Rəcəb Tayyip Ərdoğan çıxışında bildirmişdir ki, "Rusiya və Ukrayna həm qonşumuz, həm də dostumuzdur. Onların müharibə aparmasından çox narahatıq. Savaş ən çox bizi narahat edir”. Türkiyə münaqişənin ilk günündən vasitəçilik təklif etmiş, Rusiya və Ukrayna dövlət başçıları ilə dəfələrlə həm görüşmüş, eyni zamanda telefon danışığı aparmışdı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, Türkiyə həm Qara dəniz ölkəsi olması, Montrö sazişinə əsasən boğazlar üzərində müəyyən hüquqlara malik olması, habelə tatarlarla tarixi əlaqələri baxımından burada marağı olan ölkədir: "Ərdoğan qeyd edib ki, "Rus mədəniyyətinə qarşı faşist addımlar qəbuledilməzdir. Almaniyada Putinin dostu istefaya göndərilir. Başqa Avropa ölkəsində Dostoyevskinin əsərləri qadağan edilir. Bu, İraqda hulakilərin vandallığını xatırladır. Biz yeni hulakilər istəmirik. İnsanlıq buna layiq deyil. Biz sabitliyin bərpası üçün çalışırıq”.

Politoloq sözlərinə belə davam edib: "Bununla bərabər, Ərdoğan Ukraynanın yalnız qoyulduğunu dilə gətirib. Lakin Türkiyə üçün bu mənzərə tanışdır. Suriyada da Türkiyə öz NATO müttəfiqləri tərəfindən terrorla mübarizədə yanlız buraxıldı, 2016-cı ildə həmin müttəfiqlər Türkiyədə çevrilişə cəhd etdilər və s. Bu, Ukraynanı Rusiya ilə münaqişəyə sürükləyən Qərbin imperialist gücləridir. Hansı ki, 30 il Ermənistanın işğalına göz yumub, bu gün də ATƏT-in Minsk qrupu adlanan diplomatik ad altında pərdələnib öz imperialist maraqları naminə ermənilərə status tələb edirlər. Azərbaycanın da, Rusiyanın da, Türkiyənin də, hətta mən deyərdim Ukraynanın da düşməni həmin qüvvələrdir. Ümid edək ki, Ukrayna hakimiyyəti bundan nəticə çıxaracaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə