Dövlət çevrilişi cəhdinin qarşısı müdriklik və qətiyyətlə alındı - ŞƏRH
Yaşadığımız tarixdən məlumdur ki, müstəqillik qazandıqdan sonra Azərbaycan xalqı çox əzab-əziyyətlə qarşılaşmış, torpaqlarının işğalçılardan azad edilməsi, ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə çoxlu qurbanlar vermişdir. Məhrumiyyətlərə düçar olan xalqımız çətinliklə qazandığı müstəqilliyin müdafiəsində mətanətlə dayanmış, mücadilə etmişdir.
Etiraf edək ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan səriştəsiz, bacarıqsız qüvvələrə haqlı olaraq narazılıqlar var idi. Dövlətçiliyinin itirilməsi təhlükəsi qarşısında qalmış Azərbaycan xalqı zəngin dövlət rəhbərliyi təcrübəsinə və siyasi nüfuza malik olan Ulu Öndər Heydər Əliyevi özünə rəhbər tələb etdi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə respublikada yaranmış son dərəcə gərgin vəziyyətin sabitləşdirilməsi üçün sağlam qüvvələrin köməyi ilə qardaş qırğınının, Azərbaycan dövlətinin parçalanmasının qarşısını alındı. Ulu Öndər tərəfindən ölkəmizdə milli birliyə aparan siyasət xətti həyata keçirilməyə başlanıldı. Qısa bir zamanda cəmiyyət həyatının bütün sahələrində yeni münasibətlərə yol açmaq, islahatların əsaslarını yaratmaq üçün tədbirlər görülür və davam etdirilirdi.
1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan həyatında yeni başlanğıcın əsasını qoydu. Bu saziş Azərbaycan cəmiyyətinin inkişafına, iqtisadiyyatın dirçəlməsinə, beynəlxalq mövqemizin möhkəmlənməsinə, xalqın vəziyyətinin yaxşılaşmasına töhfə verdi. Görülən işlərdən xoflanan cinayətkar ünsürlər, Azərbaycan Respublikasının müstəqilliyini öz çirkin məqsədlərinə qurban verməyə hazır olan, Azərbaycanı başqa dövlətlərin himayəsində görmək istəyən qüvvələr dərhal təşvişə düşdülər və məkrli planlar həyata keçirməyə başladılar. Bunlardan biri də 1995-ci ilin mart hadisələridir. Azərbaycan dövlətçiliyinə və müstəqilliyimizə qarşı yönəlmiş dövlət çevrilişi cəhdindən artıq 27 il ötür. 1995-ci il mart ayında müstəqilliyimizə qəsd etmək istəyənlərin məkrli niyyətləri bu gün də insanların yaddaşından silinməyib. Bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər.
ULU ÖNDƏRİN XALQA MÜRACİƏTİNƏ CAVAB OLARAQ YÜZ MİNLƏRLƏ İNSAN GECƏYARISI PREZİDENT APARATININ QARŞISINA TOPLAŞDI
Xatırlatmaq yerinə düşər ki, buna qədər 1994-cü il oktyabrın 2-də Surət Hüseynov və Rövşən Cavadovun başçılığı ilə dövlət çevrilişinə silahlı cəhd göstərildi. Ümummilli Liderin vəziyyəti sabitləşdirmək üçün görüyü tədbirlər, xalqın əzmi çevriliş etməyə çalışan qüvvələri taqətdən saldı. Böyük siyasi xadim bu hadisələrdə də ilk növbədə xalqın köməyinə arxalandı. Oktyabrın 4-də axşamdan xeyli keçmiş Ulu Öndər xalqa müraciət etdi. Bu müraciətə cavab olaraq yüz minlərlə insan gecəyarısı Prezident Aparatının qarşısına toplaşdı. Oktyabrın 4-dən 5-nə keçən gecə Prezident Aparatının qarşısında başlanan və on minlərlə insanın iştirak etdiyi möhtəşəm mitinq səhərədək davam etdi. Oktyabrın 5-də gündüz Azadlıq meydanında bir milyona yaxın insanın iştirak etdiyi ümumrespublika mitinqi keçirildi. Bütünlükdə 4 və 5 oktyabr mitinqləri xalq-iqtidar birliyinin parlaq təcəssümü idi. Həmin birlik qarşısında heç bir pozucu qüvvə tab gətirə bilməzdi. Yerlərdəki sağlam qüvvələr bu birliyə arxalanaraq müstəqilliyimizə və dövlətçiliyimizə qarşı çıxanları yerində oturtdular.
Azərbaycanda dövlət çevrilişinə cəhd mart hadisələri 1995-ci ilin mart ayının 12-dən 13-nə keçən gecə ölkənin ən ucqar nöqtəsində - Qazaxda və Ağstafada başladı. Həmin gün "OMON"-un Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edildi. Hər iki rayonda dövlət əleyhinə faktiki qiyam baş verdi. Lakin mart ayının 15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən qiyam yatırıldı.
16-17 mart tarixində isə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərmək istəyirlər. Hələ martın 14-də daxili işlər naziri "OMON"-un buraxılması və onun üzvlərinin 3 gün ərzində silahı təhvil verməsi barədə əmr imzalamışdı. Əmrə görə, silahı könüllü təhvil verənlər törətdikləri əməllərə görə cəzalandırılmayacaq və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Bundan 2 gün sonra, yəni silahlı qarşıdurma ərəfəsində Ulu Öndər Heydər Əliyev "OMON"-çuları bağışlanmaq imkanı yaradan xüsusi Fərman imzalayır.
Onu da bildirək ki, Ümummilli Lider Heydər Əliyev 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciətində Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının, onlarla həmrəy olan radikal müxalifət nümayəndələrinin dövlət çevrilişi cəhdini pisləyərək, qeyri-qanuni silahlı qruplaşmalara qanunsuz əməllərindən əl çəkmələri barədə dəfələrlə xəbərdarlıq etmişdi, onları əfv edəcəyini bildirmişdi. Hətta Cavadov qardaşlarının atası Bəxtiyar Cavadovla da söhbət aparmış, ona oğlanlarını vətəndaş müharibəsi və silahlı qarşıdurma yaratmaqdan çəkindirməyi tövsiyə etmişdi. Lakin bütün mümkün vasitələrdən istifadə edilməsi müsbət nəticə verməmişdir. Rövşən Cavadov açıq-aşkar dövlət çevrilişi etmək üçün hazırlığı genişləndirmiş, müxtəlif cinayət qrupları ilə, adamlarla, cürbəcür siyasətbazlarla danışıqlar aparmışdır.
"CƏMİYYƏT, XALQIMIZIN MİLLİ BİRLİYİ, VƏTƏNDAŞ BİRLİYİ ONLARIN HAMISINI YOLUMUZUN ÜSTÜNDƏN KƏNARA ATACAQDIR"
Cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq kütlələri bütün bu hoqqabazlıqlara, xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. R.Cavadovun adamlarının, eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri isə, heç bir nəticə vermirdi. Əksinə, belələri ictimaiyyətin qınağına tuş gəlir və ağır ifadələrlə təhqir olunmaqdan belə yan keçə bilmirdilər.
1995-ci il martın 16-dan 17-nə keçən gecə isə paytaxtın 8-ci kilometr qəsəbəsindəki "OMON" - çuların qərargahı yaxınlığında başlanan atışmada dünənədək cəbhə bölgəsində, erməni təcavüzkarları ilə savaşda səngər yoldaşı olmuş döyüşçülər üz-üzə dayandılar. Ermənistan silahlı qüvvələri torpaqlarımızı işğal etdiyi bir vaxtda, Azərbaycanın paytaxtında bir qrup vəzifə hərisi hakimiyyəti ələ keçürmək üçün dövlətçiliyimizə qəsd edirdi. Onların hakimiyyət hərisliyi nəticəsində, qardaş qanı töküldü. Cavadov qardaşlarının hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək cəhdləri 22 hərbçi, 7 mülki şəxs, 1 polis və 8 XTPD əməkdaşının ölümünə səbəb olmuşdu. Hadisə nəticəsində, 105 nəfər yaralanmışdı. XTPD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat etmişdi.
Belə ağır zamanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir. 1995-ci il martın 13-17-də xüsusi təyinatlı polis dəstəsinin və onların havadarlarının hakimiyyəti ələ keçirmək məqsədi ilə sui-qəsd düzəltməsi 1994-cü il 2-4 oktyabr hadisələrinin əvvəlcədən düşünülmüş davamı və dövlət çevrilişinə cəhd kimi qiymətləndirildi. Ulu Öndər deyirdi:" Azərbaycanda bu ağır vəziyyətdən istifadə edərək öz şəxsi mənafelərini güdən adamları xəbərdar edirəm: onlar heç nəyə nail ola bilməyəcəklər. Cəmiyyət, xalqımızın milli birliyi, vətəndaş birliyi onların hamısını yolumuzun üstündən kənara atacaqdır. Qoy buna heç kəsin şəkk-şübhəsi olmasın. Ancaq belə ünsürlər indi Azərbaycanda iqtisadiyyatın ağır vəziyyətdə olmasından istifadə edərək qarmaqarışıqlıq yaratmaq istəyirlər." Belə də oldu. Ulu Öndər Heydər Əliyevin dövlət çevrilişlərinin qarşısını qətiyyətlə alması Azərbaycan xalqının sabaha, gələcəyə ümidini daha da artırdı. Ulu Öndər Heydər Əliyev düşmənlərimiz tərəfindən təşkil olunmuş dövlət çevrilişi cəhdlərinin qarşısını almaqla Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.
Bu hadisələrdən keçən 27 ildə Azərbaycan müstəqil dövlət kimi daha da inkişaf etdi, əlaqələri genişləndi və mövqeləri möhkəmləndi. Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, xalqına, Vətəninə, millətinə olan sonsuz məhəbbəti, qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik qorunub-saxlanıldı.
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır, dövlətimiz durmadan yüksəlir, inkişaf edir və yeni uğurlar qazanır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB