Forum iki qardaş ölkə üçün çox uğurlu keçib - SABİQ SƏFİR AÇIQLADI

Forum iki qardaş ölkə üçün çox uğurlu keçib - SABİQ SƏFİR AÇIQLADI

"İkinci Antalya Diplomatik Forumu Türkiyə və Azərbaycan üçün çox uğurlu keçib". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, forum çərçivəsində bölgəmiz üçün narahatlığa səbəb olan Ukrayna ilə Rusiya arasındakı münaqişənin həlli üçün hər iki dövlətin xarici işlər nazirləri bir araya gəldilər: "Bu problemin həll olunması həm Azərbaycan, həm Türkiyə, həm də region üçün çox əhəmiyyətlidir. İkincisi, forum çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev, Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov mühüm görüşlər keçiriblər. Bu baxımdan Antalya Diplomatik Forumu Azərbaycanın dünyaya tanıdılması üçün əhəmiyyətlidir.

Bundan əlavə uzun illərdən sonra ilk dəfə bu forumda Türkiyə və Ermənistanın xarici işlər nazirləri görüşüblər. Bu görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi gündəmə gəlib. Bildiyimiz kimi Antalya Diplomatik Forumuna 17 dövlət və hökumət başçısı, 80 nazir, 39 beynəlxalq nümayəndə olmaqla ümumilikdə 3 min nəfər qatılıb. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə bu qədər böyük bir forumda iştirak edib. Ümumilikdə bu forum iki qardaş ölkə üçün çox uğurlu keçib".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə