Ukraynada insanlıq faciəsi yaşanır - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

Ukraynada insanlıq faciəsi yaşanır - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

“Azərbaycan daim beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olan bir dövlətdir. Beynəlxalq hüquq da dövlətlərin ərazi bütövlüyünə hörmət anlayışını diktə edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya-Ukrayna müharibəsinin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir: “Amma müharibə başlayan gündən xalqlar üçün yaranan nəticələri hamı görür. Ona görə də əminliklə deyə bilərik ki, müharibənin qazanan tərəfi olmur. İstənilən halda müharibə aparan ölkələr həm iqtisadi, həm insani, həm də mənəvi olaraq ciddi itkilərə məruz qalırlar. Bu yaraların sağalması üçün uzun illər lazım gəlir.

Bizim həm Rusiya, həm də Ukrayna ilə siyasi-iqtisadi və mədəni əlaqələrimiz var. Ona görə də müharibənin tezliklə başa çatmasını istəyirik. Müharibə ilk növbədə Rusiya və Ukraynaya, həmçinin digər ölkə iqtisadiyyatlarına mənfi təsir edir. Eyni zamanda qaçqın ordusu yaranır, vətəndaşlar öz evlərindən, yurd-yuvalarından didərgin düşürlər. Bu gün Ukraynada insanlıq faciəsi yaşanır. Milyonlarla insan isti ocaqlarını tərk etmək məcburiyyətində qalır. Bu mənzərə Azərbaycana tanışdır. Biz də erməni separatizmindən əziyyət çəkmişik. Ermənistanın işğalı nəticəsində bir milyondan çox vətəndaşımız məcburi köçkün həyatı yaşamağa məcbur olub. Müharibənin ağrı-acısını çox yaxşı bilən xalq olaraq dünyanın heç bir nöqtəsində münaqişə ocaqlarının yaranmasını istəmirik.

Digər tərəfdən sülh şansları hələ tükənməyib. Bu istiqamətdə qardaş ölkə Türkiyənin fəaliyyətini yüksək qiymətləndirirəm. Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı həm Rusiya prezidenti Putin, həm Ukrayna prezidenti Zelenski ilə, eyni zamanda ABŞ prezidenti başda olmaqla 20-dən artıq ölkə rəhbəri ilə telefonla danışması, çıxış yolları ilə bağlı müzakirələr aparması diplomatik uğurdur. Bundan başqa Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun vasitəçiliyi ilə Antalyada Rusiya və Ukrayna xarici işlər naziri ilə birlikdə üçlü zirvə təşkil edilməsi diplomatik kanalların hələ tükənmədiyini göstərir. Doğrudur, Rusiya-Ukrayna savaşı böyük problemdir və bir-iki görüşlə həll olunmayacaq. Amma ümumilikdə götürdükdə Türkiyənin bu addımı təqdirəlayiqdir. Onu da qeyd edim ki, Türkiyə hazırda dünyada azsaylı ölkələrdəndir ki, istənilən zaman həm Rusiya, həm də Ukrayna prezidentləri ilə sülh istiqamətində danışıqlar apara bilir və sözü eşidilir.

Bir daha qeyd edirəm ki, hər iki tərəflə müxtəlif sahələrdə əlaqələrimiz var. Həm Rusiyada, həm də Ukraynada çoxsaylı vətəndaşlarımız yaşayır və çalışırlar. Bu səbəbdən müharibə müxtəlif ölkələrlə yanaşı bizə də təsirsiz ötüşmür. Bütün bunlardan öncə isə biz, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyirik, müharibənin tezliklə başa çatmasını və sülhün əldə olunmasını arzu edirik”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə