Azərbaycan-Fransa münasibətləri yeni inkişaf mərhələsində TƏHLİL
Azərbaycanın xarici siyasətində dünya ölkələri, o cümlədən Avropanın böyük dövlətləri ilə olan əlaqələr müstəsnadır. Dünyada etibarlı tərəfdaş imicini ölkəmizə qazandıran beynəlxalq layihələrdə göstərilən etimad, Bakıda keçirilən möhtəşəm beynəlxalq tədbirlər, yarışlar, dövlətimizin beynəlxalq və regional layihələrdə əsas iştirakçı qismində çıxış etməsi bu əlaqələrin yüksək səviyyədə olmasına dəlalət edir. Regionda, dünyada Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarını birmənalı şəkildə göstərmiş olur. Bu sırada Azərbaycan-Fransa əlaqələrini də qeyd etməliyik. Azərbaycanın xarici siyasətində Fransa ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Fransa ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. Azərbaycan və Fransa arasında mülki müdafiə, aeronavtika, elmi əməkdaşlıq, turizm, qadın və uşaqların cəmiyyətdə yeri məsələləri haqqında sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir.
Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Azərbaycan ilə Fransa Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti Cənab İlham Əliyevə ünvanladığı təbrik məktubuna görə Prezident İlham Əliyev təşəkkürünü bildirib. Azərbaycan Prezidentinin təbrikində deyilir: "Ötən dövr ərzində Azərbaycan-Fransa əlaqələri dinamik inkişaf etmiş, səmərəli əməkdaşlıq münasibətləri formalaşmış və bir çox sahələrdə yaxşı nailiyyətlər əldə olunmuşdur".
Xatırladaq ki, Fransa 1992-ci il fevralın 21-də Azərbaycan ilə diplomatik münasibətlər qurdu, martın 19-da isə Bakıda öz səfirliyini açdı. Avropanın siyasi, iqtisadi, mədəni həyatında mühüm rol oynayan Fransa ilə Azərbaycanın diplomatik münasibətləri, dövlət və hökumət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin ildən-ilə güclənməsinə müsbət təsir göstərmişdir. 1993-cü ildə Azərbaycanın dövlət başçısı, Prezident Heydər Əliyev xarici ölkələrə ilk rəsmi səfərini məhz Fransadan başladı. Azərbaycan-Fransa tərəfdaşlığı Prezident İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərlik etdiyi müddətdə daha da dərinləşdi. Prezident İlham Əliyev də ilk xarici və rəsmi səfərini Fransaya etdi. Bu cür siyasi gedişlər Azərbaycanın xarici siyasət kursunda Fransaya böyük önəm verildiyini göstərirdi. Azərbaycan 2009-cu ildə daxil olduğu "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Avropa ilə fəal dialoq aparmağa başladı. Bu işdə Fransa xüsusi önəm kəsb edirdi. 2014-cü ilin may və 2015-ci ilin aprelində Bakıya rəsmi səfərlər edən Fransa Prezidenti Fransua Olland ilə Prezident İlham Əliyev arasında görüş səmimi və konstruktiv xarakter daşıdı.
Təsadüfi deyil ki, Azərbaycanın xarici siyasətində, eləcə də Avropaya inteqrasiya prosesində Fransa mühüm yer tutur. Qloballaşan dünyanın əsas güc və siyasət mərkəzlərindən biri olan Fransanın Cənubi Qafqazda ticarət tərəfdaşı olan Azərbaycan ilə xüsusən telekommunikasiya, şəhərsalma, nəqliyyat, yüngül sənaye və digər sahələrdə əməkdaşlığı getdikcə möhkəmlənir.
Mahiyyət etibarilə, Azərbaycan-Fransa münasibətləri sülh və təhlükəsizliyə xidmət etməklə yanaşı, iqtisadi tərəqqiyə də geniş imkanlar açır. Sözsüz ki, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu əməkdaşlıq bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir və gələcəkdə qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyacağı da şübhəsizdir. Ötən illərin ənənəsinin davamı olaraq Prezident İlham Əliyevin 2018-ci ilin iyulunda Fransaya rəsmi səfəri səmərəli və məhsuldar oldu. Səfər zamanı 2,3 milyard dollarlıq sazişlər imzalandı. Həmçinin səfər çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli işgüzar görüşlər keçirildi. Ümumiyyətlə, Azərbaycan-Fransa münasibətləri öz xarakterinə və mahiyyətinə görə sülh və təhlükəsizliyə xidmət etməklə yanaşı, eyni zamanda, Avropada və Cənubi Qafqazda iqtisadi tərəqqiyə geniş imkanlar açır. Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu əməkdaşlıq hər iki dövlətin və xalqın qarşılıqlı milli maraqlarına xidmət edir. Bu gün iki ölkə arasında münasibətlər bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Əminliklə demək olar ki, yaxın gələcəkdə qarşılıqlı münasibətlər daha yeni zirvələrə yüksələcəkdir.
İQTİSADİ SAHƏDƏ ƏMƏKDAŞLIQ ÜÇÜN BÖYÜK POTENSİAL MÖVCUDDUR
Azərbaycanın ilk peyki – "Azərspace-1" Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan – Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan "Ariane-5" daşıyıcı raketi ilə orbitə buraxılıb. Bu, iki ölkə arasında yüksək kosmik texnologiyalar sahəsində qurulan sıx tərəfdaşlıq nəticəsində mümkün olmuşdur.
Təqdirəlayiq haldır ki, BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransına evsahibliyi edən Fransa, qlobal istiləşməyə qarşı mübarizə sahəsində üzərinə düşən öhdəliyi yerinə yetirdiyinə görə Azərbaycanı alqışlayıb. Əlbəttə ki, iqtisadi əlaqələr dövlətlərarası münasibətlərin inkişafında xüsusi yer tutur. Bu sahədə müşahidə edilən müsbət dinamika Azərbaycan Fransa arasındakı əlaqələrinin daha da genişlənməsinə töhfələr verir. Ölkələr arasında qeyri-neft sektorunda həyata keçirilən layihələr, Fransa şirkətlərinin Azərbaycanın özəl qurumları ilə işgüzar əlaqələri və digər amillər əməkdaşlıq sahəsində əhəmiyyət kəsb edir. İqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur və Azərbaycanda 50-dən artıq fransız şirkəti fəaliyyət göstərir. Qeyd edək ki, Fransa şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyət göstərməsi və onların həm investor kimi, həm də podradçı qismində bu gün bir çox layihələrdə iştirakı önəmlidir. Fransanın "Elf - Aquitaine" şirkəti "Şahdəniz" neft yatağının istismarına dair müqaviləyə qoşulub. Azərbaycan Dövlət Neft Şirkəti və Fransanın "Total" və "Elf - Aquitaine" şirkətləri arasında Azərbaycanın "Lənkəran - dəniz" və "Talış - dəniz" yataqlarının birgə işlənməsi barədə müqavilə imzalanıb. Bu istiqamətdə artıq bir sıra konstruktiv addımlar atılmışdır. İki ölkə arasında münasibətlərə hüquqi baza yaratmaq məqsədilə artıq 40-dan artıq sənəd imzalanmışdır. Hazırda qloballaşan dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri olan Fransanın Azərbaycanla əməkdaşlığının daha da dərinləşməsinə, respublikamızın Avropa strukturlarına dinamik inteqrasiyasına marağı daha da artıb. Həmçinin, Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olan Azərbaycan ilə telekommunikasiya, şəhərsalma, nəqliyyat, yüngül sənaye, şərabçılıq və digər sahələrdə əməkdaşlığı getdikcə möhkəmlənir.
"SON İLLƏR FRANSA İLƏ AZƏRBAYCAN ARASINDA HUMANİTAR ƏLAQƏLƏR YENİ SƏVİYYƏYƏ YÜKSƏLMİŞDİR"
İki ölkə arasında münasibətlərin belə yüksək səviyyəyə çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyətinin də özünəməxsus rolu olub. Fondun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva bu əlaqələri daim diqqət mərkəzində saxlayır, öz fəaliyyəti ilə ölkələrarası münasibətlərə töhfə verib. Cənab Prezident təbrik məktubunda bildirdiyi kimi, "Bu gün Fransa şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edir, Bakıda Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir. Mehriban Əliyevanın bilavasitə rəhbərliyi altında ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına göstərilən diqqəti xüsusilə qeyd etmək istəyirəm. İnanıram ki, iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir".
Ölkəmizlə Fransa arasında əlaqələrinin inkişafından danışarkən humanitar sahədə olan əməkdaşlığı da vurğulamalıyıq. Bu əlaqələrin tarixi kökü olsa da bu gün yeni müstəvidə inkişafdadır. Mehriban Əliyeva çıxışlarının birində qeyd etdiyi kimi, tarix boyu dilindən, dinindən asılı olmayaraq insanları, xalqları birləşdirən humanitar sahəyə biz diqqətlə yanaşırıq: "Mən çox şadam ki, son illər Fransa ilə Azərbaycan arasında humanitar əlaqələr yeni səviyyəyə yüksəlmişdir". Azərbaycan dövləti Luvr muzeyinin İslam İncəsənəti Departamentinin bərpasında iştirak edib, Heydər Əliyev Fondunun səyləri ilə Strasburqun Kafedral kilsəsi, Fransanın digər rayonlarında tarixi və memarlıq abidələri bərpa olunub. Müasir dövrdə müstəqil Azərbaycan digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də Fransa dövləti ilə əlaqələrini möhkəmləndirir və çox yüksək dəyərləndirir. Fransanın paytaxtında və regionlarında Azərbaycanın mədəniyyət günləri təşkil olunur, müxtəlif sərgilər, festivallar, konsertlər keçirilir.
Azərbaycanda fransız dilinə və ədəbiyyatına böyük maraq var, ölkəmizin 300-dən çox məktəbində fransız dili tədris olunur. Bundan əlavə, Azərbaycan Dillər Universitetində fransız dili və ədəbiyyatı mərkəzi, Bakı Slavyan Universitetində fransız dili mərkəzi, Bakı Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir. Bu gün Fransanın ali məktəblərində yüzlərlə azərbaycanlı tələbə təhsil alır, bir çox Fransa universitetlərində Azərbaycan dili və tarixi tədris olunur. Azərbaycanın paytaxtı Bakıda fransız liseyi fəaliyyət göstərir. Bakıda Fransız-Azərbaycan Universitetinin yeni tədris binasının açılışı bu əlaqələrin daha da inkişafına töhfələr verir. Qeyd edək ki, bu ali təhsil ocağı 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaranıb. Bu, ölkələr arasında əlaqələrin möhkəmlənməsi və genişləndirilməsində daha bir addım oldu.
Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtında və iyirmi şəhərində Qafqazın mirvarisi olan Azərbaycanın mədəniyyətini təmsil edən sərgilər, konsertlər və digər tədbirlər keçirilib. Parisdə dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfranslar keçirilib. Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifə çoxillik işğal nəticəsində dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Artıq bu istiqamətdə addımlar atılmışdır. Aparılan abadlıq-quruculuq işlərinə dost ölkələri də töhfələrini verir. "Biz azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesinə Fransanın verdiyi dəstəyi yüksək qiymətləndiririk", deyə qeyd edən Cənab Prezident onu da vurğulayıb ki, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi zamanı 4000-ə yaxın itkin düşmüş soydaşımızın taleyinin aydınlaşdırılması məsələsinə ölkənizin göstərdiyi diqqəti alqışlayırıq. Əlbəttə ki, ikitərəfli əlaqələr bundan sonra da dostluq və etimada əsaslanaraq inkişaf edəcəkdir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB