30 İL - BÖYÜK İNKİŞAF YOLU KEÇƏN YAP YENİ PROQRAMLA MÖHTƏŞƏM ZİRVƏLƏRƏ DOĞRU TƏHLİL
Prezident İlham Əliyev: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”
Düz 30 il öncə tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, müstəqil Azərbaycanımızın firavan gələcəyinin dünəni, bu günü və gələcəyi naminə öz fəaliyyətini göstərən siyasi partiyadır. Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”.
Ulu Öndər Heydər Əliyev ideologiyasının tərənnümü və tarixi reallığı əsasında yaranan və artıq 30-cu ildönümünə doğru inamla addımlayan YAP bu gün də öz uğur və tərəqqi sözünü deməkdədir. Məhz Azərbaycan xalqının və dövlətinin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, xalqımızın həmrəyliyi və dönməzliyi sayəsində, ölkəmizin ən çətin məqamlarında yaranan YAP bu gün regionumuzun ən böyük siyasi təşkilatı olaraq bir sıra əhəmiyyətli, qlobal məsələlərdə söz sahibi kimi çıxış edir. Və bu gün partiyamızın 30 ilini Qarabağımızın 30 ildən sonra 44 gün ərzində Ali Baş Komandanımız, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Qələbə günümüzün ikinci ilinin sevincini yaşadığımız günlərdə qeyd edirik. Məhz bu baxımdan da, bu gün Azərbayacanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Həmçinin, 30 ilə yaxın şərəfli yolda Azərbayacanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də VII qurultayının keçirilməsi də böyük tarixi hadisə idi. Çünki bu qurultay birliyimizin, həmrəyliyimizin nümayişi olmaqla, həm də bu 30 illər ərzində Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə, yeniləşməyə doğru getdiyinin bir daha əyani şəkildə sübutu idi.
YAP-IN VII QURULTAYI - YENİ HƏDƏFLƏRƏ, VƏZİFƏLƏRƏ DOĞRU
Cəmiyyət daim yeniləşir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bütün bunlar da öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Burada bir məqamı xüsusilə qeyd etməliyik ki, YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir.
Məhz bundan irəli gələrək, bir il öncə 2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı da ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisə kimi yadda qalıb. Bu gün Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi genişmiqyaslı islahatlar bütün sahələri, o cümlədən siyasi sferanı da əhatə edir. Dövlətimizin başçısı, partiyanın Sədri İlham Əliyevin söylədiyi kimi, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbi ölkədə və regionda yaranmış yeni reallıqlardır. Artıq bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən islahatlar siyasi partiyaların da fəaliyyətinə öz müsbət təsirini göstərir. Yeni Azərbaycan Partiyanın VII Qurultayının keçirilməsi və qurultayda yeni Nizamnamənin qəbul olunması, müəyyən yeniliklərin edilməsi, struktur dəyişikliyi siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirilə bilər. Eyni zamanda, qurultaydan keçən bir il ərzində YAP bir sıra ölkələrin siyasi partiyaları ilə əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıb. Xüsusilə, Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ötən il iyun ayının 2-də imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Hər iki partiyanın birgə təşkilatçılığı ilə ötən il videoformatda konfranslar keçirilib, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutub. Partiya liderləri arasında olan dostluq münasibətləri AK Parti və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında, digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir.
Həmçinin, YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürdü. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”.
PREZİDENT İLHAM ƏLİYEVİN APARDIĞI SİYASƏTİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ, EYNİ ZAMANDA, ONUN SƏDRİ OLDUĞU PARTİYANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ DEMƏKDİR
Bəli, bu gün Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri, eyni zamanda, onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapmışdır. Partiyanın yeni proqramı beş fəsildən - “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” ibarətdir. Hər bir fəsil sosial-iqtisadi, siyasi, mənəvi-mədəni, ordu quruculuğu, xarici siyasət, vətəndaş cəmiyyəti və s. sahələri əhatə edən bölmələrə ayrılır. Hər bir bölmədə partiyanın qarşısında dayanan hədəflər və vəzifələr göstərilir.
YAP-ın proqramında partiyanın inkişaf tarixinə və uğurlarına nəzər salınır, onun Heydər Əliyev yoluna və irsinə sadiqliyi, qarşısına qoyduğu məqsəd və vəzifələri böyük məsuliyyətlə, layiqincə yerinə yetirdiyi vurğulanır. Hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatı münasibətlərinin inkişafı istiqamətində YAP-ın fəaliyyətinin tarixi-siyasi əhəmiyyəti qeyd olunur. Bildirilir ki, xalqımızın Heydər Əliyevə dərin inam və etimadı nəticəsində YAP yarandıqdan sonra respublikanın bütün bölgələrində onun təşkilatlanması prosesi başladı, partiyanın sıraları sürətlə genişləndi. Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqil dövlət quruculuğunda əldə olunan uğurlar, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi YAP-ın xalq arasındakı nüfuzunu getdikcə artırdı. 30 il şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə heç bir seçkidə rəqib tanımadı. Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Bu, həm də hər bir vətəndaşın Prezidenti olduğunun göstəricisi, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə xalq-iqtidar birliyini göstəricisidir. Məhz bu gün sevinirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir. Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev demişdir: «Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır».
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev martın 5-də partiyanın keçirilən VII qurultayında çıxışı zamanı bir çox məsələlərə toxunaraq partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunu bildirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayından üç il ötdüyünü və bu illər ərzində böyük nailiyyətlər və qələbələr əldə olunduğunu deyib: “Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir».
Bəli, bu Qələbə həqiqətən də bizim qürur mənbəyimizdir. Bu reallığı Azərbaycan xalqı görür və bəlkə də bu, son 30 ildə bu qədər qürurlu olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı, Bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: “Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
YENİ AZƏRBAYCAN PARTİYASININ VII QURULTAYININ KEÇİRİLMƏSİ HƏM DƏ PREZİDENT İLHAM ƏLİYEVİN İSLAHATLAR SİYASƏTİNİN DAVAMI OLDU
Qurultayda yeni hədəfləri müəyyən edən Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan dünyada tam müstəqil siyasət yürüdən ölkədir. Heç kim Azərbaycanla diktə dili ilə danışa bilməz. Azərbaycan indiyədək heç kimə hesabat verməyib, bundan sonra da bu siyasət davam etdiriləcək. Və VII qurultayının keçirilməsi də Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı oldu. Çünki 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmışdı. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini ortaya çıxarmışdı. Beləliklə, yeni idarəetmə modelini tətbiq etməyin zamanı yetişmişdi. Bu baxımdan hesab etmək olar ki, VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə səbəb oldu.
Beləliklə, Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Belə ki, partiyanın Nizamnaməsi tələb və çağırışlarına uyğunlaşdırıldı. Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edildi. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edildi, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edildi. VII qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edildi, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçildi. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olundu.
Hazırda YAP-da yeni kadr siyasətinin əsas meyarları peşəkarlıq, dövlətçilik və vətənpərvərlikdir. 2021-ci il sentyabr 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin ediləndə də bu meyarlar əsas götürülmüşdür. Bu kadr siyasəti zamanı 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olundu. Sədrlərin orta yaş həddi isə 59-dan 50-yə endi.
Ötən bir ildə YAP-ın fəliyyətində diqqət çəkən məqamlardan biri də partiyanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsidir ki, bu da ölkənin xarici siyasətinin davamıdır. Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Belə ki, ötən il iyun ayının 2-də iki ölkənin hakim partiyaları arasında əməkdaşlığa dair niyyət protokolu imzalandı. Hər iki partiyanın birgə təşkilatçılığı ilə videoformatda konfranslar keçirildi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutdu. 2021-ci il dekabrın 3-də isə Kiyev şəhərində Yeni Azərbaycan Partiyası ilə Ukraynanın hakim “Xalqın Xidmətçisi” Partiyası arasında da əməkdaşlıq memorandumu imzalandı. Ötən il YAP Çin Kommunist Partiyasının videoformatda təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak etdi, həmçinin, oktyabrın 29-da iki partiya arasında videoformatda keçirilən görüş zamanı əməkdaşlığın yeni perspektivləri müzakirə olundu. Bundan başqa, YAP-ın Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos və Kambocanın da hakim partiyaları ilə əlaqələri mövcuddur. YAP Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin, dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir. Bütün bunlar onu deməyə əsas verir ki, hakim partiya ildən-ilə öz beynəlxalq əlaqələrini daha da genişləndirir. Bu da öz növbəsində xarici siyasət sahəsində Azərbaycanın nüfuzunun güclənməsi və uğurlarının artmasına təsirsiz ötüşmür.
YAP-ın VII qurultayında qəbul edilən qərarlar Azərbaycan gəncliyinin ölkə və cəmiyyət həyatına daxil olan mütərəqqi yeniliklərin əsas mərkəzi qüvvəsi rolunda çıxış etməsi tendensiyasını da gücləndirdi. Milli dövlətçilik düşüncəmizdə gəncliyə xitab çox önəmli məsələdir. Azərbaycan gəncliyi tarix boyu ona olan ümidləri doğruldub. Üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Bu gün YAP üzvü olan, partiyada məsul vəzifələrdə çalışan gənclilərimiz qarşısında da böyük bir vəzifə var. YAP sədri, Prezident İlham Əliyevin tarixdə ən qüdrətli mərhələsinə gətirib çıxardığı müstəqil dövlətimizin daha böyük nailiyyətlər qazanması üçün çalışmaq, onu böyük strateji hədəflərinə yetirmək gəncliyimizin ali vəzifəsidir.
Beləliklə, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan YAP-ın VII qurultayından ötən dövr ərzində həyata keçirilən islahatlar fonunda ölkədə yeni siyasi mühitin formalaşması, siyasi və milli həmrəyliyin daha da güclənməsi, hakim partiyanın fəaliyyətində, idarəetmədə yeni keyfiyyət dəyişiklikləri müşahidə olunur. Həmçinin həyata keçirilən islahatlar partiyanın fəaliyyətində çeviklik və səmərəliliyin artmasına səbəb olub. Partiyamızın Sədri cənab İlham Əliyevin dediyi kimi, “indi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”.
Bir sözlə, Yeni Azərbaycan Partiyasının VII Qurultayından keçən bir il ərzində Partiyamız ciddi irəliləyişlərə nail olub. Əminik ki, Partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq bundan sonra da ölkəmizdə gedən siyasi proseslərin mərkəzində olacaq, məhz bunun nəticəsində də yeni-yeni uğurlara, nailiyyətlərə imza atacaqdır.
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının söylədiyi kimi: “YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB