NATO və Azərbaycan münasibətlərində yeni mərhələ - POLİTOLOQ ŞƏRH ETDİ

NATO və Azərbaycan münasibətlərində yeni mərhələ - POLİTOLOQ ŞƏRH ETDİ

“Bu il Azərbaycanla NATO arasında əməkdaşlığın 30-cu il dönümü qeyd olunacaq. Azərbaycan - NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq 1992-ci ilin oktyabrında Türkiyədə NATO üzvü olan ölkələrin seminarında iştirak edib və NATO-nun Baş katibi Manfred Vernerlə görüşüb. 1993-cü ilin fevralında isə Azərbaycan nümayəndə heyəti Brüsseldə NATO-nun Avropa təhlükəsizliyi problemləri üzrə keçirdiyi konfransda iştirak edib. Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası isə 1994-cü ildə qoyulub. Ümummilli Lider Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan "Sülh naminə tərəfdaşlıq" (SNT) sazişini imzalayıb və həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranıb. Daha sonra, yəni 1997-ci ilin iyulunda Azərbaycan həmçinin NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub. Şimali Atlantika Əməkdaşlıq Şurasından fərqli olaraq təşkilatın bu strukturu Sülh naminə tərəfdaşlıq çərçivəsində məsləhətləşmələr və müzakirələrdən praktiki addımlara keçməyin təminini nəzərdə tutur. Elə həmin il Azərbaycan NATO ilə əməkdaşlığında yeni mərhələ olaraq Planlaşdırma və Analiz Prosesinə qoşulub. Bu proses müdafiə planlaşdırılmasını, yəni əldə olan resurslardan düzgün istifadə olunmasını nəzərdə tutur. 1997-ci il noyabrın 14-də isə Azərbaycan Prezidenti yanında NATO ilə əməkdaşlıq üzrə dövlət komissiyası yaradılıb və elə həmin il noyabrın 21-də ölkəmizin NATO-nun Brüsseldəki mənzil-qərargahında diplomatik nümayəndəliyi açılıb. Azərbaycan 1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. 2004-cü ildən isə ölkəmiz NATO-nun “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulub. Silahlı qüvvələr üzərində tam demokratik nəzarətin yaradılması, müdafiə tədbirlərinin formalaşdırılması, o cümlədən, NATO-nun norma və standartlarına uyğun olaraq bütün silahlı qüvvələrin təşkilati strukturunun yaradılması əməkdaşlığın əsas sahələridir.

Azərbaycan və NATO arasında praktiki əməkdaşlığın əsas istiqamətləri özündə həmçinin müdafiə və təhlükəsizlik sektorunda islahatları, beynəlxalq əməliyyatlarda iştirakı, fövqəladə hallara hazırlığı, təhlükəsizliklə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiyanı da ehtiva edir. Onu da qeyd edim ki, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılıb. 2002-ci ildən etibarən Azərbaycanın 30-dan çox zabiti NATO-nun mənzil-qərargahında və qurumlarında xidmət edib. Hazırda Azərbaycan Ordusunun zabitləri NATO-nun mənzil-qərargahında (Brüssel, Belçika) və NATO Müttəfiq Qüvvələrin Avropadakı Baş Komandanlığının Tərəfdaşlıq İdarəsində (Mons, Belçika) hərbi nümayəndəlik tərkibində milli vəzifələrdə xidmət edir. Azərbaycan və NATO arasında mina və partlamamış silah-sursatların təmizlənməsinə dair “Saloğlu” və “Ceyrançöl” layihələri kimi praktiki layihələr uğurla həyata keçirilib. Burada Azərbaycan Silahlı Qüvvələrinin birləşmələrinin NATO çərçivəsində müxtəlif vaxtlarda Kosovo, İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakını da xüsusi olaraq qeyd etmək lazımdır.

Alyans daim Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verib. Bu dəstək qurumun 9 Zirvə görüşündə öz əksini tapıb. Zirvə görüşlərinin yekun sənədlərində Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunub. Bu sənədlərdə Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb. 2006-cı il noyabr 28-29-da Riqada keçirilən Şimali Atlantika Alyansının toplantısında, 2008-ci il aprelin 2-4-də Buxarestdə keçirilən NATO/EAPC və ISAF, 2009-cu il aprelin 3-4-də Strasburqda keçirilən zirvələrdə verilən bəyannamələr çərçivəsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfəri nəticəsində yaranmış yeni reallıq da NATO tərəfindən qəbul olunub. Belə ki, keçən ilin iyununda NATO-nun Brüsseldə keçirilmiş Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarılıb. Bu onu göstərir ki, Alyans da münaqişəni bitmiş sayır. Ümumilikdə isə qeyd etmək lazımdır ki, Azərbaycan və NATO münasibətləri davamlı olaraq yüksələn xətt üzrə inkişaf edir və NATO üzvü olan Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa bəyannaməsi özü də Azərbaycan və Türkiyə arasınbda hərbi əməkdaşlıqla yanaşı dolayısıyla həm də Azərbaycan və NATO arasında daha geniş əməkdaşlıq imkanlarını da ehtiva edir

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə