Silahı yerə qoyub torpaqlarımızdan rədd olmayana qədər məhv ediləcəklər - SİYASİ EKSPERT AÇIQLADI

Silahı yerə qoyub torpaqlarımızdan rədd olmayana qədər məhv ediləcəklər - SİYASİ EKSPERT AÇIQLADI

“Qəhrəman Azərbaycan Ordusu qanunsuz erməni silahlı dəstələrinin son təxribatlarına adekvat cavab verir və düşmən layiq olduğu cəzanı alır. Başını qaldıran hər bir erməni terrorçusu anında məhv edilir. 44 günlük Vətən Müharibəsi zamanı darmadağın edilmiş separatçı ordunun tör-töküntüləri anlamalıdır ki, Dəmir Yumruq yerindədir və onların istənilən təxribatı Azərbaycan ordusunun öldürücü cavabı ilə nəticələnəcək. Onlar bilməlidirlər ki, silahı yerə qoyub, Azərbaycan torpaqlarından rədd olmayınca tək-tək məhv ediləcəklər”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

O, əlavə edib ki, son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən mövqelərimizi atəşə tutan erməni terrorçu dəstələri bölgədə vəziyyəti gərginləşdirmək, Azərbaycanın əldə etdiyi sabitliyə və təhlükəsizliyə təhdid yaratmağa çalışır: “Bununla nəyəsə nail olmaq istəkləri əbəsdir və qəhrəman ordumuz dəfələrlə sübut edib ki, separatçı meyllərin qarşısı dərhal və qeyd-şərtsiz alınıb və gələcəkdə də alınacaq. Son günlər ordmuzun mövqelərini mütəmadi atəşə tutan separatçılar dərhal susdurulur, dəqiq atəşlə məhv edilir”.

S.Kərimli onu da bildirib ki, İkinci Qarabağ Müharibəsində olduğu kimi, Azərbaycan Ordusu bu gün də düşmənin yalnız hərbi mövqelərini hədəf alır. Mülki obyektlərə və ya dinc əhaliyə atəş açılmır: “Azərbaycanın suveren ərazilərində mövqelənmiş qanunsuz erməni silahlıları son günlərini yaşayır. Əgər ordumuza qarşı bu təxribatlar gələcəkdə də davam edərsə, onların tamamilə darmadağın ediləcəyi şübhəsizdir. Azərbaycan tərəfi həmişə olduğu kimi yenə baş verənlərə təmkinlə yanaşır. Amma, bu bir reallıqdır ki, göstərilən səbr və təmkin sonadək olmayacaq”.

Ekspert əlavə edib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa çalışır. Bölgədə kommunikasiyaların açılması istiqamətində davamlı səylər göstərilir. Hansı ki, bu layihələr Ermənistan dövlətinin var olması üçün son şanslardır: “Belə bir məqamda separatçı və revanşist meyllərin baş qaldırması, qanunsuz erməni silahlı dəstələrinin fəallaşması yaxşı heç nə vəd etmir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu reallığı başa düşməli və düzgün nəticə çıxarmalıdır”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə