Nəsimi rayonunda şəhid Vüsal Kazımovla vida mərasimi keçirilib FOTOLAR

Nəsimi rayonunda şəhid Vüsal Kazımovla vida mərasimi keçirilib FOTOLAR

Şuşa-Laçın yolunda avtomobil qəzası nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımovla vida mərasimi keçirilib. Mərasim şəhidin vaxtı ilə yaşadığı - paytaxtın Nəsimi rayonu, Seyidzadə 15 ünvanında yerləşən evində keçirilib. Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi rayon icra hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimi başa çatandan sonra mərhum İkinci Şəhidlər Xiyabanında dəfn olunub. Qeyd edək ki, hadisə martın 3-də Şuşa-Laçın yolunda qeydə alınıb. Belə ki, hərbi yük avtomobili qəzaya uğrayıb. Nəticədə xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər V.Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Xatırladaq ki, V.Kazımov 2000-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Daha sonra o, ailəsi ilə birgə Bakı şəhərinə köçüb. Ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə gedən V.Kazımovun xidməti başa vurmasına 3 ayı qalmışdı. O, evin tək oğlu olub, bir bacısı var.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə