Paşinyan ağıllanır, yoxsa..? ANALİTİK

Paşinyan ağıllanır, yoxsa..? ANALİTİK

Və ya Ermənistanın baş nazirinin davranış və bəyanatları niyə bir-birinin əksini göstərir?

Ermənistanın 44 günlük müharibədə aldığı məğlubiyyət və 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatın ardınca ictimai rəy sonrakı proseslərin öz axarında gedəcəyini düşündü və belə bir nəticəyə gəlindi ki, bəyanatdakı bənd və müddəaların müqabilində qalib dövlətin kapitulyasiyaya uğrayan tərəfə qarşı irəli sürülən tələbləri və şərtləri zamanında yerinə yetirilsə, böyük sülh sazişinin imzalanması müddəti tez bir vaxtda həyata keçirilə bilər. Yəni nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması, Rusiya sülhməramlıları kontingentinin müvəqqəti məsul olunduqları ərazilərdə qanunsuz erməni silahlılarının öz mövqelərini tərk etmələri, habelə bu ərazilərdə faktiki olaraq Azərbaycanın qanunlarının bərpa olunması məsələsinin qısa müddətdə realizə olunması gözlənilirdi. Amma...

Ona görə də bütün bu kimi çatışmazlıqların aradan qaldırılması tələbləri günü-gündən artır!

Amma sonrakı müddətdə biz nəinki Ermənistanın imzaladığı kapitulyasiya sənədindəki şərtlərə əməl etmədiyini müşahidə etdik, eləcə də, həm Ermənistandan, həm də separatçı-quldur rejim tərəfindən mövqelərimizin atəşə tutulmasını, üstəlik, terror aksiyaları törətmək cəhdlərini gördük. Təbii ki, bu, belə davam edə bilməzdi və əvvəl-axır həmin tör-töküntülərin qarşısının alınması istiqamətində cavab tədbirlərinin görülməsi tələbi yaranırdı.

Əbəs deyil ki, hər belə cəhdlərdə qarşı tərəf kifayət qədər çox itkilər verərək geri çəkilirlər, amma təəssüf ki, müharibədən sonra bizim də tərəfimizdən də şəhidlərimiz, yaralılarımız olur. Bu baxımdan, belə vəziyyətin davam edilə bilinməyəcəyi artıq göz önündədir.

Eyni zamanda, bu məqamda Rusiya sülhməramlıları kontingentinin vasitəçi olmalarına rəğmən, bir sıra hallarda suveren ərazilərimizdə törədilən qanunsuzluqlara göz yummaları, hətta bəzi hallarda hərbi, yaxud müharibəyə hazırlıq məqsədli istehkamların qurulmasını, səngərlərin qazılmasını müşahidə etməsi, həmin qanunsuzluqlara göz yumması Azərbaycan xalqının və dövlətinin hiddətlənməsinə səbəb olurdu. Ona görə də bütün bu kimi çatışmazlıqların aradan qaldırılması tələbləri günü-gündən artır!

Gah Qarabağın “statusundan”, gah da sülh sazişindən dəm vuraraq var-gəl edən Paşinyanın təəccüblü davranışları

Yeri gəlmişkən, bu kimi məsələlər mənzərəsində Ermənistanın baş naziri Nikol Paşinyanın da davranışları, məğzlərini tez-tez dəyişən bəyanatları da suallar doğurmağa başladıb. Gah Qarabağın “statusu” ətrafında var-gəl edən Paşinyanın digər yandan Azərbaycanla sülh danışıqlarına gedilməsi vacibliyindən, sərhədlərin delimitasiyası və demarkasiyasından danışması, bənzər bəyanatlardan sonra isə Ermənistan ərazisindən Azərbaycanın sərhədyanı rayonlarını atəşə tutulması təəccüb doğurur.

Bu arada, daha bir məqamı da xatırlarmaq yerinə düşərdi. Paşinyan bir neçə dəfə işğaldan azad edilmiş ərazilərimizi qondarma erməni “toponimləri” ilə deyil, məhz tarixi Azərbaycan adları ilə səsləndirib. Əslində isə, onun hərdəmxəyallığı həm təəccüb, həm də maraq doğurur. Misal üçün, bugünlərdə parlamentdəki çıxışı zamanı Paşinyan deyib: “Mən tribunaya yaxınlaşmazdım. Amma siz bu sualla israr edirsiniz ki, biz “Arsax”ın 75%-ni düşmənə vermişik”.

Yəni Nikol Paşinyan müxalif partiya üzvlərinə səslənərkən deyib. O, “Emənistan” və “Şərəfim var” partiyalarının parlament təmsilçilərindən Qubadlı rayonunun rəsmi adının Qubadlı və ya “Sanasar” olduğunu deməklərini tələb edib. Daha dəqiq desək, sual edib ki, onlar bu ərazinin toponimini Qubadlı kimi görürlər yoxsa “Sanasar” kimi? SİTAT: “Əgər bu rayonun adı “Sanasardırsa”, onda niyə sizin rəhbərləriniz 20 il ərzində həmin əraziləri Azərbaycana qaytarmaq üçün danışıqlar aparıb? Bu proses gizli olmayıb. Onların da qəbul etdiyi Madrid prinsiplərinin birinci bəndində yazılıb ki, 7 rayon Azərbaycana qaytarılsın”, deyə o bildirib.

Erməni baş naziri ikibaşlı oyunbazlıqla məşğuldur?

Məhz bu kimi davranışların ardınca Ermənistan silahlı qüvvələrinin təmas xətlərində Azərbaycan mövqelərinə atəş açmaları Paşinyanın ikibaşlı oyunbazlıqla məşğul olduğunu göstərir. O, bir tərəfdən ehtiyat tədbiri görməklə Bakının, həmçinin beynəlxalq aləmin qarşısında özünü “dürüst” kimi təqdim etməyə cəhd göstərir, başqa tərəfdən isə erməni ictimaiyyətinin revanşistlər qruplarının qarşısında özünə haqq qazandırmağa çalışır. Lakin ikibaşlı oyunbazlıqların ona hər hansı siyasi dividend gətirəcəyini də düşnmək olmaz.

Belə ki, artıq 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatının üzərindən 1 il 4 aya yaxın vaxt keçib, yerdə qalan 3 il 8 ayda qarşıya qoyulmayan tələblər yerinə yetirilməzsə, demək, bu oyunbaz şəxs artıq öz aqibəti barədə düşünməli olacaq.

Paşinyanın gah sülh sazişi barədə anonslar verməsi, gah da tamamilə əks tərəfdən davranması yuxarıda qeyd edilən bir faktoru və sualı aktuallaşdırır – nə zamana qədər?

Təbii ki, bütün bunların müqabilində yerdə qalan müddətdə də işlər görülməzsə, hətta daha qısa zamanda Paşinyanın türklər demiş icabına baxıla bilər. Əslində, buna da səbəblər var. Paşinyan Qarabağdakı separatçı rejimə Ermənistanın büdcəsindən vəsaitlər ayırır. Qarabağdakı separatçı rejim Xocalıda, Ağdərədə, Xocavəndin bir hissəsində və s. sülhməramlıların yerləşdikləri ərazilərdə yolla çəkir, çoxmənzilli evlər tikir, kiçik qəsəbələr salır və s. Xankəndi və ətraf ərazilərdə separatçıların əski parçaları dalğalanır, polis və hərbçiləri yerləşir, Ermənistandan bu ərazilərə gizli yolla hərbçilər gətirilir və onlar həqiqi hərbi xidmətçilər kimi qeydə alınırlar. Bir sıra xarici ölkələrin təmsilçiləri Ermənistan ərazisindən Laçın dəhlizi vasitəsi ilə Xankəndiyə gedirlər, səfərlər edirlər. Bütün bunlar isə bilavasitə Azərbaycanın suveren ərazilərində qanunsuz şəkildə cərəyan edir.

Nəticədə, Paşinyanın gah sülh sazişi barədə anonslar verməsi, gah da tamamilə əks tərəfdən davranması yuxarıda qeyd edilən bir faktoru və sualı aktuallaşdırır – nə zamana qədər? Ümid edirik ki, çox yaxın vaxtlarda bax həmin bu sualın cavabı veriləcək. Özü də Ermənistanın hərdəmxəyal baş naziri tərəfindən deyil, Azərbaycan dövləti və xalqı tərəfindən!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə