“30 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.
Onun sözlərinə görə, ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi: “Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. Bu dəhşətli zorakılıq aktı nəticəsində uşaqlar - 63 nəfər, qadınlar - 106 nəfər, qocalar - 70 nəfər olmaqla 613 dinc sakin vəhşicəsinə qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi, yüzlərlə insan yaralandı. Lakin onların qanı yerdə qalmadı. Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan ikinci Qarabağ müharibəsində qətlə yetirilən günahsız insanların intiqamı qəhrəman ordumuz tərəfindən alındı. Erməni faşist ordusu darmadağın edildi, döyüş meydanında minlərlə ölü hərbçi buraxan düşmənlərimiz tarixlərinin ən dəhşətli məğlubiyyətini yaşadılar. Bu gün Azərbaycan Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində məqsədyönlü iş aparır”.
A.Səmədov onu da bildirdi ki, hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir: “Məhz bu fəaliyyətin nəticəsində Xocalı qırğınını tam səviyyədə soyqırım kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Ancaq bu nəticələr bizi arxayınlaşdırmamalıdır. Fəaliyyətimizi daha da gücləndirməli və digər dünya dövlətlərinin bu soyqırımı tanıması üçün əlimizdən gələni etməliyik. Nəzərə almalıyıq ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" haqqında konvensiyanı rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanın siyasi səhnəsində hələ də mühüm yer tutmaqda davam edən Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Əsrin ən dəhşətli cinayətlərindən olan Xocalı soyqırımı cəzasız qalmamalıdır. Ermənistanın törətdiyi digər cinayətlər kimi Xocalı faciəsi də dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB