Ukraynaya hər cür dəstək vəd edən ölkələr indi yalnız quru bəyanatlar verməklə kifayətlənir - MÜNASİBƏT BİLDİRİLDİ

Ukraynaya hər cür dəstək vəd edən ölkələr indi yalnız quru bəyanatlar verməklə kifayətlənir - MÜNASİBƏT BİLDİRİLDİ

"Ukrayna ətrafında davam edən hadisələr əlbəttə ki, bütün dünyanı narahat edir. ABŞ və qərb dövlətləri hələ ki, hadisələri seyrici kimi izləyir, prosesə hərbi müdaxilə etməyəcəklərini bəyan edirlər". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, Qərb Rusiyaya daha çox iqtisadi sanksiyalar tətbiq etməklə təsir göstərmək istəyir: "Amma hesab edirəm ki, yeni iqtisadi sanksiyaların tətbiqi hədələri Rusiyanı dayandırmayacaq. Böyük ehtimalla yaxın günlərdə hərbi əməliyyatlar Ukraynanın Kiyev daxil olmaqla bir çox iri şəhərlərinin ələ keçirilməsi ilə nəticələnəcək.
Ukrayna Prezidenti Zelenski meydanda tək qaldıqlarını, dünyanın yetərincə dəstək vermədiyini bəyan edir. Əlbəttə ki, bu bir reallıqdır. Ukraynaya hər cür dəstək vəd edən ölkələr indi yalnız quru bəyanatlar verməklə kifayətlənir. Bu da həmin ölkələrin mahiyyətini ortaya qoyur.
Rusiya-Ukrayna qarşıdurması artıq bögə iqtisadiyyatına da öz mənfi təsirlərini göstərir. Məlumdur ki, tətbiq ediləcək iqtisadi sanksiyalar təkcə Rusiya üçün deyil, həmin ölkələrin özləri üçün də yaxşı nəsə vəd etmir. Bu sanksiyalar belə desək, bumeranq effekti daşıyacaq və ölkələrin ümumi iqtisadiyyatlarında geriləmələr müşahidə ediləcək. Hazırda Rusiya rublu sürətlə dəyər itirir və görünən odur ki, bu proses hələ davam edəcək. Bir məqamı da vurğulamaq lazımdır ki, Ukrayna və Rusiya həm də yükdaşımalar və tranzit baxımdan mühim ölkələrdəndir. Hazırda hərbi əməliyyatlar gedən ərazilərdə həyat demək olar ki, iflic olub. Bu da əlbəttə ki, dünya iqtisadiyyatına çox böyük zərər gətirəcək. Bir sözlə, bölgədə əsl fəlakət yaşanır və yaranan xoşagəlməz situasiya heç kim üçün yaxşı nəsə vəd etmir. Nə Rusiya üçün, nə də digər ölkələr üçün. Düşünürəm ki, böhranın aradan qaldırılmasının bir yolu var. Hərbi müstəvidən danışıqlar masasına oturmaq və münaqişəni diplomatiya yolu ilə tənzimləmək".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə