Rusiya-Ukrayna müharibəsi: bəs sonra nə baş verəcək? ANALİTİK+AKTUAL
İlham Əliyev: “Bu, uzunmüddətli prosesin başlanğıcıdır”
Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması və hadisələrin nə zamana, eləcə də hansı nəticələrlə bitəcəyini ehtimal etmək nə qədər çətin olsa da, müharibənin necə bir ağır bəla olduğunu Azərbaycan xalqı çox yaxşı bilir və dərk edir. Məhz bu xüsusdan qeyd edə bilərik ki, tərəflər arasında qısa zamanda anlaşma yaranmasın və kütləvi insan itkiləri yaşanmasın, uzun illər hesabına insan əməli ilə ərsəyə gələn şəhərlər, kəndlər, qəsəbələr dağıdılmasın...
Bu gün əminliklə deyə bilərik ki, həm Rusiya, həm də Ukrayna ilə tarixi bağlarımız mövcuddur və bu amildən də nəticə hasil edə bilərik ki, nə sadə ukraynalılar, nə də ki, sadə ruslar müharibənin gətirdiyi bəlaları haqq etmirlər. Hər iki ölkənin xalqları İkinci Dünya Müharibəsində ən çox insan tələfatı verən, şəhərləri, kəndləri, qəsəbələri dağıdılan, yer üzündən silinən ölkələrdirlər və bu gün də həmin ölkələrin xalqları o məşəqqətləri unutmurlar.
Bu gün Azərbaycanda da bir çoxları hadisələrin hansı istiqamətdə cərəyan edəcəyi, ölkəmizin sözügedən savaşa necə münasibət göstərəcəyi ilə bağlı narahatlıq nümayiş etdirirlər.
Azərbaycan Prezidenti: “Rusiya ilə çox sıx işləyirik, Ukrayna ilə də bizim münasibətlərimiz inkişaf edir”
Lakin digər tərəfdən, Moskva ilə Kiyev arasında yaşanan gərginliklərə ən yaxşı münasibəti də Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyinə verdiyi müsahibəsində vurğulayıb. Məhz həmin fikirlərdən nəticə çıxarmaqla analitik təhlilimizi apara bilərik. Dövlətimizin başçısı müsahibəsi zamanı qeyd edib ki, istər Rusiya, istərsə də Ukrayna ilə münasibətlərimiz inkişaf edir. SİTAT: “
Rusiya ilə çox sıx işləyirik, Ukrayna ilə də bizim münasibətlərimiz inkişaf edir. Nəyisə təxmin edə bilərəm, lakin əminəm ki, dediyim kimi, bilavasitə cəlb edilənlər hər şeyi proqnozlaşdıra bilməzlər. Bunun üçün planları bilmək lazımdır. Bunun üçün Rusiya rəhbərliyinin planlarını, Ukrayna rəhbərliyinin planlarını, imkanlarını bilmək lazımdır”.
Göründüyü kimi, ölkə rəhbərimiz də mövcud situasiyanın hansı istiqamətə doğru inkişaf edəcəyini yalnız təxmin edə biləcəyini vurğulayıb. Çünki hazırkı zamana qədər dəqiq planlar dünya ictimaiyyətinin diqqətinə çatdırılmayıb və bu baxımdan, indidən sonluğu ehtimal etmək həqiqətən də doğru olmazdı.
Qərblə bağlı: “Biz Qərbin reaksiyasını o, praktik müstəviyə – bəyanatlardan fəaliyyətə keçəndə təxmin edə bilərik”
Amma Prezident İlham Əliyev müsahibəsi əsnasında onu da vurğulayıb ki, proseslərdə Qərbin reaksiyası praktiki müstəviyə keçməyib və yalnız praktiki müstəviyə keçid olduqda hər hansı real məntiqə söykənmək mümkündür. Yeganə məlum olan isə sözügedən prosesin uzun olması amilinə söykənməsidir. SİTAT: “Biz Qərbin reaksiyasını o, praktik müstəviyə – bəyanatlardan fəaliyyətə keçəndə təxmin edə bilərik. Hələ ki, bütün bunları proqnozlaşdırmaq çox çətindir, lakin birmənalıdır ki, bu, uzunmüddətli prosesin başlanğıcıdır”.
Biz buradan Prezident İlham Əliyevin Qərbin daim öz siyasətini bəyanatlar üzərindən yürütməsinə işarə etdiyini deyə bilərik. Daha dəqiq desək, Qərb mövcud müharibə başlayana qədər Ukraynaya dəstək bəyanatlarını nümayiş etdirdi, silah-sursatla təmin etdi və hətta indiki məqamda belə, daha dərin sankaiyalar verməkdə tələsmir. Düzdür, ayrı-ayrı şəxslərə, banklara və s. dairələrə qarşı sanksiyalar qəbul olunsa da, əsaslı sanksiyalar verilmir. Hətta verilərsə belə Rusiyanın dayanıqlı ölkə olduğunu nəzərə alsaq bu ölkənin həmin sanksiyalara davam gətirəcəyini ehtimal etmək mümkündür. Ölkə rəhbərimiz sanksiyaların çoxalacağı halda onların səmərəli olduğunu da düşünmür.
“Rusiya özünün potensialı, coğrafiyası, imkanları ilə istənilən növ sanksiyaya davamlıdır”
Təbii ki, hərbi əməliyyatlara başlanması ilə bağlı Rusiyanın dövlət başçısı Vladimir Putinin də qərarını şərh edərkən, Prezident İlham Əliyev kifayət qədər səlis və dəqiq analitik düşüncələrini paylaşıb. SİTAT: “Birmənalıdır ki, Rusiya Federasiyasının Prezidenti bu qərarı qəbul edəndə, yəqin düşünürəm ki, o da bu prosesin uzun olduğunu nəzərə alıb. Mən hesab edirəm ki, Rusiya özünün potensialı, coğrafiyası, imkanları ilə istənilən növ sanksiyaya davamlıdır. Bu, mənim şəxsi fikrimdir və bu, Rusiyaya tətbiq edilmiş həmin sanksiyalarla təsdiq edilir. Əslinə baxanda həmin sanksiyalar Rusiya istehsalçılarına idxaldan asılılığı azaltmaqda kömək etdi. Yəni, mən birmənalı əminəm ki, sanksiya yolu səmərəsizdir”.
“Lakin bu, həmin sanksiyaları tətbiq edənlərə də birmənalı şəkildə zərər vuracaq”
Daha bir məqam isə budur ki, cənab Prezident İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinin də qərar qəbul etməmişdən əvvəl məntiqi nəticə çıxardığını istisna etməyib, hətta sanksiyaların rus iqtisadiyyatına hər hansı zərərlər vura bilməsinə rəğmən dədiqləşdirilən hərbi əməliyyat qərarı çox yəqin ki, Kremlin beryin mərkəzləri tərəfindən necə deyəlrər, min ölçülüb, bir biçilib. Lakin gəlin-görək, sanksiyaları tətbiq edən Qərb ondan nə əldə edəcək? Yaxud, istədiyini əldə edə biləcəkmi?
“Əlbəttə, o, Rusiya iqtisadiyyatına sözsüz ki, zərər vuracaq. Prezident Putin bu qərarı qəbul edəndə, yəqin ki, o, bunun hamısını hesablayıb. Lakin bu, həmin sanksiyaları tətbiq edənlərə də birmənalı şəkildə zərər vuracaq. Çünki ixrac üçün, özü də yüksək texnologiya məhsulları üçün ikinci belə perspektivli bazar tapmaq çətindir. Mənim deyə biləcəyim maksimum bundan ibarətdir”, deyə Dövlət başçımız vurğulayıb.
“Biz bunu 30 il eşitdik, 30 il çalışdıq, lakin heç nə alınmadı...”
Ölkə rəhbərimiz sülhə çağırış edib və müsahibəsi zamanı Qarabağ münaqişəsinin həlli ilə bağlı 30 il sülh çağırışları etdiyini də xatırladıb. Ancaq təəssüf ki, bu çağırışlara kimsə məhəl qoymadı və Azərbaycan haqq-ədalət mübarizəsi uğrunda müharibə aparmaqla torpaqlarını işğalçı düşməndən azad etdi. SİTAT: “Bu mövzunu 30 il ərzində bizə hər zaman çağırış edilən məlum ifadələrlə bitirmək istəyirəm: “Bütün məsələləri sülh yolu ilə həll etmək lazımdır”. Biz bunu 30 il eşitdik, 30 il çalışdıq, lakin heç nə alınmadı. Buna görə də, əlbəttə, istərdik ki, hər şey sülh yolu ilə həll edilsin, lakin bu, həyatda, təəssüf ki, heç də hər zaman, mümkün olmur”.
Beləliklə, Prezident İlham Əliyev bu müsahibəsində Ukraynada başlayan müharibənin tezliklə başa çatmasına və problemlərin süh yolu ilə həll olunmasına çağırış etdi. O cümlədən, müharibənin ölkələrə, xalqlara ağrı-acıdan, dərd və bəlalardan başqa heç nə vəd etmədiyini də fikirləri ilə izah etdi.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB