Dünyanın onsuz da yüksək olan siyasi hərarəti son hərbi əməliyyatlarla daha da yüksəlib, əsəblər gərilib. Rəsmi Moskvanın tanınmamış Donetsk və Luqansk “xalq respublikaları”nı tanıması, həmin “respublikalar”la hərtərəfli, o cümlədən hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin imzalanmasından sonra dünya iki yerə bölünüb. Nikaraqua, Suriya və Belarusu çıxmaq şərtilə, dünyanın 200-ə yaxın ölkəsi Moskvaya qarşı birləşib. Hələlik ultimatum, hədələr, bəyanatlar şəklində reaksiya verilir, konkret addım isə hələlik yoxdur. Ukrayna Rusiya ilə faktiki olaraq baş-başa qalıb. Rusiyaya qrşı tətbiq olunan sanksiyalar da Qərbin maraqları çərçivəsindədir. Əslində Qərbin marağı heç də Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunması deyil. ABŞ və Avropanın baxışları Ukraynanın təbii sərvətlərinı fokuslanıb. Ukrayna Qərbin tam olaraq nəzarətinə keçsə, bu, Rusiyanın təbii sərbətlərinə daha yaxın olmaq anlamına gəlir. Bir sözlə, ABŞ və onun dostlarını iştahlandıran Rusiyanın yüz illərə yetəcək sərvətləridir. Qərb Ukraynanın - "Seyid Əhmədin" əli ilə ilan tutmaq istəyir. Amma diqtə edən tərəf hələlik Rusiyadır...

Beynəlxalq siyasətin alt qatına varsaq, əslində, Ukraynada baş verənlər BMT Təhlükəzislik Şurasının daimi üzvləri arasındakı qarşıdurmalardan qaynaqlanır. SSRİ-ni dağıtmağa müyəssər olan Qərb xeyli müddətdir ki, Rusiyanın təsir dairəsində olan ölkələri onun əlindən almağa çalışır. Bir az da dəqiqləşdirsək, Rusiya Federasiyasının "qardaş respublikalar"dan düzəldilmiş zirehli paltarını onun əynindən soyundurmaq istəyir. Əvvəlcə Rusiya ilə müttəfiq olan Şərqi Avropa ölkələri Qərbin caynağına keçdi. Rusiyanın zəifliyindən istifadə edən "Qoca Avropa" Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan və parçalanmış Yuqoslaviyanı Rusiyanın təsir dairəsindən qopardılar. “Qardaş respublikalar”ın ələ keçirilməsi isə Rusiyanın son zirehindən məhrum etməkdir. Bunu Rusiyanın siyasi elitasında anlamamış deyillər, zireh artıq deşilib. Uzun illər Rusiyanın sərhədlərindən uzaq tutlan Qərb indi paytaxt Moskvanın bir addımlıqdadırlar. SSRİ-nin parçalanmasından sonra Rusiyanın üzünə ağ olan ilk “qaranquşlar” Baltikyanı ölkələr oldu. Latviya, Litva və Estoniya SSRİ-nin tərkibinə gec qatıldıqları kimi tez də çıxdılar. Bu SSR İttifaqını tərk edib qısa müddət ərzində NATO-nun üzvü də oldular. Rusiya bütün bunlardan xəbərdardır. Ona görə də BMT Təhlükəsizlik Şurasında təmsil olunan digər üzvlərlə bu barədə dartışmaları da az olmayıb.
Əvvəllər BMT-də müzakirə olunan məsələlərdə konsensusa gəlmək mümkün idi, qurumun nüfuzu da az deyildi. Amma SSRİ-nin dağıdılmasına start verilən gündən, yəni 1990-cı ildən bəri BMT-də anlaşma mühitindən əsər-əlamət qalmayıb. Dünyanın harasında baş verməsindən asılı olmayaraq hadisələrə BMT-nin münasibəti qərar və qətnamə, həmçinin bəyanatdan o tərəfə keçə bilməyib. Qərarlar daim havadan asılı qalıb, heç bir qətnamə yerinə yetirilmir. İkili standartlardan isə danışmasaq yaxşıdır. Bu yanaşmalar durduqca BMT-nin nüfuzu da bir o qədər aşağı düşür. Əslində beynəlxalq təşkilatın dişsizliyini “təmin edən”, onu Təhlükəsizlik Şurasının 5 daimi üzvünün yanında rəzil günə qoyan da ABŞ, Fransa, Çin, Rusiya və Böyük Britaniyadır.
Yaxın tariximizə diqqət edək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin 4 qətnaməsi qəbul olunmuşdu. Amma 28 il qətnamələrin icra mexanizmi işə düşmədi. Amma Fransanın təkidi ilə Liviya haqqında çıxarılan qətnamənin mürəkkəbi qurumamış rəsmi Parisin bütün hərbi arsenalı bu müsəlman ölkəsinə qarşı hərəkətə keçdi. Liviya neftinin satışı üzərində hökmranlığını bərpa edəndən sonra Fransa sakitləşdi. Törətdiyi dağıntılar, fəlakətlər isə Fransanı zərrə qədər də narahat etmədi, əsas qazancdır, maraqdır.
Yuxarıda dediyimiz kimi, Rusiya-Ukrayna sərhədində baş verənlər də bu qəbildəndir. Əslində bu münaqişənin adını Rusiya-Ukrayna yox, Rusiya-Qərb qoysaq daha məntiqli olar. Donetskdə, Luqanskidə Rusiya silahlı birləşmələri ilə qarşı-qarşıya dayanan gücləri Qərb-NATO adlandırmaq daha düzgündür. Birinci dünya müharibəsindən sonra təhlükəsizlik baxımından Rusiya paytaxtını Sankt-Peterburqdan ölkənin içərilərinə - Moskvaya köçürdülər. Bu gün öxşar hadisə təkrarlanmaq üzrədir. Rusiya paytaxtı yenidən köçürülə bilər, amma Moskva çox da "həvəsli" görünmür. Xarici hərbi təhlükə artdıqca, Rusiyanın müqaviməti də artır.
Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə Federasiya Təhlükəsizlik Şurasının iclası keçirildi və yekun olaraq Ukrayna ərazisində 2014-cü ildə qanunsuz olaraq elan olunmuş və heç bir ölkə tərəfindən tanınmayan DXR və LXR adlı “respublikalar”ın tanınması ilə bağlı qərar qəbul edildi. Dövlət başçısı Vladimir Putin hər iki “respublika” ilə hərtərəfli əlaqələrin yaradılması, o cümlədən hərbi yardımların edilməsi barədə əmr imzaladı və bölgəyə ordu göndərmək barədə əmr verdi. Ukrayna Prezidenti Zelenski də Moskvaya “heç kimdən qorxmuruq” ismarıcını göndərdi. BMT Təhlükəsizlik Şurası təcili toplanmaq barədə üzv ölkələrə dəvət göndərdi.

Görək, dünyanın aparıcı qəzet və jurnalları, agentlikləri Ukrayna-Putin toqquşmasından nə yazır, dövlət rəsmiləri məsələ barədə nə düşünür.
ABŞ-ın “Financial Times” gəzetinin manşetindəki məqalədə Rusiya dövlət başçısının Ukraynanın şərqinə ordu yeritməsindən yazılıb. Xəbərdə ABŞ dövlətini təmsil edən şəxslərdən birinin “Putin Ukraynanın şərqini işğal etdiyini rəsmi olaraq təsdiqlədi” fikirləri yer alıb.
İsrailin “Haaretz” qəzeti Putinin “Donetsk və Luqansk Xalq Respublkaları”nın müstəqilliyini tanıdıqdan sonar Ukraynadan ayrılmaları üçün əmr verdiyi barədə xəbəri tirajlayıb. Xəbərdə həmçinin ABŞ və Avropa Birliyinin verdiyi reaksiyalar barəsində də yazılıb və Rusiyaya qarşı ciddi addımların atılacağı barədə NATO-nun müqeyi də dərc edilib. “Haaretz” yazır ki, məsələ ilə bağlı açıqlamalarında İsrailin rəsmi dairələri Baydenin yanında olacaqlarını bəyan ediblər. Xarici işlər naziri Yair Lapid isə məsələyə yanaşmada bir az təmkinli olmağı, Rusiyanın hədəfinə çevrilməməyi tövsiyyə edib.
ABŞ-ın tanınmış “Washington Post”un mançetini də Rusiyanın Ukraynanın şərqinə qoşun göndərməsi barədə xəbər bəzəyib. "Putin Moskvadan dəstək alan hər iki “respublika”nı rəsmən tanıdıqdan sonra ora əsgər göndərdi” manşeti ilə dərc olunan qəzetdə yazılan digər xəbərlərdə Rusiya prezidentinin bu qərarı gec ya tez başlanması gözlənilər savaşı körüklədiyi qeyd edilib.
"Putinin Ukraynanın şərqinə ordu göndərməsi Birləşmiş Millətlər Təşkilatında qınanıb" başlığını manşetinə çıxaran ABŞ-ın “New York Times” qəzetinin xəbərində "Putin daha geniş bir hərbi müdaxilə olacağının anonsunu verdi və Ukraynanın Rusiya tərəfindən yaradılmış bir ölkə olduğunu iddia etdi”, yazılıb. ABŞ-ın BMT-dəki səfiri Linda Thomas-Greenfieldin sözlərinin yer aldığı xəbərdə deyilir ki, Putin bu addımları ilə geriyə, SSRİ-yə dönmək istəyini gizlətmir. Hətta bir az da ondan qabağa getmək, Rusiya imperatorluğunu qaytarmaq istəyir. Amma dünyanın geridə qalanlarını qaytarmaq olmaz.
ABŞ-da çıxan “The Wall Street Journal” qəzeti də Rusiya prezidentinin tanınmamış respublikaların təhlükəsizliyini təmin etmək üçün Ukraynanın şərqinə qoşun yeritməsini ilhaq adlandırıb. Qeyd edilib ki, əslində Rusiyanın bu addımı Qərblə münasibətlərin daha da kəskinləşməsinə səbəb olacaq: “Putinin bu addımı Şərqi Avropanın gələcəyinə təhdiddir və bu hərəkət Qərblə münasibətləri baltaladı”.
“Putinin “sülhü qorumaq” məqsədilə Ukraynadan ayrılmaq istəyən bölgələrə ağır texnikalar göndərməsi Qərbi də hərəkətə gətirib. İngiltərənin Baş naziri Boris Conson baş verən hadisələri müzakirə etmək üçün kabineti bir araya gətirəcək”. “Daily Mail” qəzetinin manşetində dərc olunan məqalədə deyilir ki, Putinin “DXR” və “LXR”-I rəsmi olaraq tanımasından bir neçə saat sonra Ukraynanın şərqindəki Donetsk şəhərində tanklar və içi əsgərlərlə dolu yük maşınları görünməyə başlayıb. Şəhər sakinlərindən birinin dediyinə görə, hələ indiyə qədər şəhərdə bu qədər hərbi texnika və əsgər görünməyib.
Avstralyanın “The Australian” qəzeti "Putin tətiyi çəkdi" adlı manşetində yazır: “Ukraynanın şərqindəki Donbassda bölgəsində üsyançıların əlində olan Donetsk və Luqansk şəhərlərini qorumaq məqsədilə Putinin hərbi qüvvə göndərməsi əslində Ukraynanın işğalıdır”.
İtaliyanın “Corriere della Sera” qəzeti isə manşetinə "Putin Rus ordusunu Ukraynaya göndərdi" məqaləsini çıxarıb. Xəbərdə deyilir: "Rusiyanın dövlət başçısının Donbassın müstəqilliyinin tanıdıqdan sonra ordusuna "sülhü təmin etmək adı ilə Ukrayna ərazisinə girməyi əmr etdi.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Komsomolskaya Pravda” radiosunun efirində Moskvanın Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LPR) müstəqilliyini tanımasına Qərb ölkələrinin reaksiyasını proqnozlaşdırıla bilən adlandırıb. Zaxarova Qərb ölkələrinin son iki ayda yalan danışdığını da bildirib: ”Onların necə reaksiya verəcəyini bilmirdik? Təbii ki, elədilər. Və məncə, son iki ay son dərəcə aşkar oldu. Yalan, yalan və yalan olacaq”.
Bəs dünya ölkələrinin məsələyə rəsmi münasibəti necədir?
Bolqarıstanın baş naziri Kiril Petkov Rusiyanın DNR və LNR-nin müstəqilliyini tanımasını pisləyib. Onun
sözlərinə görə, ölkə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək. O, beynəlxalq hüquqa hörmət edilməli olduğunu vurğulayıb: "Biz, Avropa İttifaqı, onun müdafiəsində vahid cəbhə kimi çıxış edəcəyik".
Fransa prezidenti Emmanuel Makron da Rusiyanın qərarını pisləyib. Fransa lideri Moskvanın Donbass “respublikaları”nı tanıması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanın DXR və LPR-nin müstəqilliyini tanımaq qərarından sonra
dünya düzəninin dəyişdiyini açıqlayıb: “Bu, bütün qlobal təhlükəsizlik arxitekturasını, eləcə də siyasi təhlükəsizlik arxitekturasını məhv edir. Bu vəziyyət yəqin ki, bizim üçün ən çətin və yaxın 10-20 ilin ən çətinidir. Dünya nizamı dəyişir”.
Gürcüstan prezidenti Salome Zurabişvili də öz növbəsində DXR və LPR-nin müstəqilliyinin tanınmasını Rusiyanın Abxaziya və Cənubi Osetiyanın suverenliyini tanıdığı 2008-ci il ssenarisinin təkrarı adlandırıb: “Gürcüstan Rusiyanın Donetsk və Luqansk vilayətlərini tanımasını qəti şəkildə pisləyir, bu, ssenarinin təkrarıdır, ardınca ərazimizin 20 faizinin işğalıdır. Gürcüstan sizi, prezident Zelenskini dəstəkləyir, biz isə ərazi bütövlüyünü və sülhü dəstəkləyirik”.
Almaniya Xarici İşlər Nazirliyi Rusiyanı DXR və LXR-in müstəqilliyinin tanınması qərarını ləğv etməyə və Minsk razılaşmalarına uyğun olaraq diplomatiya yoluna qayıtmağa çağırıb. Departamentin rəhbəri Annalena Burbok bildirib ki, Moskvanın qərarı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və “hazırkı münaqişənin sülh və siyasi yolla həlli üçün bütün diplomatik səylərə ciddi zərbə vurur”.
Böyük Britaniyanın baş naziri Boris Conson Moskvanın Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanımasını beynəlxalq hüququn və Ukraynanın suverenliyinin pozulması adlandırıb.
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Moskvanın Donbass respublikalarını tanımaq qərarı “münaqişənin həlli səylərinə zərbə vurur və Minsk razılaşmalarını pozur”. O qeyd edib ki, alyans Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və Rusiyanı “münaqişəni qızışdırmağı dayandırmağa və diplomatiyanı seçməyə” çağırır.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Aleksiy Danilov bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində Kiyevin Rusiya prezidenti Vladimir Putinin DXR və LXR-in müstəqilliyini tanımaq qərarına rəsmi reaksiyasını açıqlayacaq.
Ukraynanın keçmiş prezidenti Petro Poroşenko isə qeyd edib ki, Kreml öz qərarı ilə dünyanı “yeni dünya müharibəsi astanasına sürükləyir”. Siyasətçi vurğulayıb ki, Putin “qarşıdurmanı seçdi və nəhayət, soyuq müharibə dövründən sonra yaradılmış beynəlxalq hüquq və asayiş sistemini məhv etdi”.
Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, ABŞ prezidenti Co
Bayden Rusiyanın DXR və LPR-nin müstəqilliyini tanıması fonunda respublikaların investisiya, ticarət və maliyyələşdirilməsini qadağan edən fərman imzalayacaq: “Biz Rusiyadan belə bir addım gözləyirdik və dərhal cavab verməyə hazırıq. Prezident Bayden tezliklə ABŞ-ın Ukraynanın DXR və LPR bölgələrində və ya bu bölgələrdən yeni sərmayə, ticarət və maliyyələşdirməsini qadağan edən bir İcra Sərəncamı verəcək”.
Beləliklə, dünya yeni və genişmiqyaslı müharibəyə hamilədir. Ağrılarının çox olacağı məlumdur, çünki problemləri zamanında həll etməyiblər. Bir sözlə müharibə ehtimalı çoxdur. Əsas odur ki, ədalət zəfər çalsın, haqlı uduzmasın.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB