Bəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına zidd olan Xocalı soyqırımı TƏHLİL
Dünya tarixində nə qədər qətliamlar, soyqırımlar olsa da, Azərbaycanda baş verən Xocalı soyqırımı yanında sönük görünür. Bir gecədə Xocalının yerlə yeksan olunması tarixdə görünməmiş hadisədir. Eləcə də bir gecənin içində insanların vəhşicəsinə məhvi insanlığa sığmayan vəhşiliyin təzahürüdür. Uşaq, qoca və hamilə qadınlara qarşı qəddarlıq insanlığa qarşı törədilmiş bəşəri cinayət kimi dəyərləndirilir. Beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımından artıq 30 il ötür. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı xalqımızın növbəti faciəsini yaşadığı bir tarixdir. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlanmışdır. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı "Xocalı soyqırımı günü" elan edilmişdir. 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət" beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırmışdır. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılmış, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olmuşdur. Təbii ki, törətdilən vəhşiliklər insanlarda erməni terrorizminə, onların işğalçılıq siyasətinə, insanlığa sığmayan əqidə və məsləkinə qarşı dərin nifrət hissi oyadır. Soyqırımı milli düşüncə tərzimizə, milli dəyərlərimizə, milli əxlaqımıza o dərəcə nüfuz etmişdir ki, faciənin törəmə tarixini keçmiş kimi qəbul edə bilmirik.
Xatırladıq ki, yeddi min əhalisi olan Xocalı, erməni terrorçu qrupları keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasının tərkibində olan 366-cı alayının köməyi ilə müxtəlif növ silahlardan atəşə tutularaq, yerlə yeksan edilmişdir. Qəddarcasına həyata keçirilmiş terror əməliyyatı nəticəsində, 613 nəfər şəhid olmuş, onlardan 56-cı xüsusi qəddarlıqla qətlə yetirilmiş, 487 nəfər ağır yaralanmış, 1430 nəfər əsir götürülərək amansız işgəncələrə məruz qalmış, onların 135 nəfərinin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri isə qocalar olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 27 ailənin hərəsindən yalnız bir nəfər sağ qalmışdır.
70 İLDƏN ÇOX MÜDDƏTDƏ TƏDQİQATÇILAR MƏXFİ ARXİVLƏRƏ YAXIN BURAXILMAMIŞDIR
Tarixi reallıqlar bizə deməyə əsas verir ki, 1917-ci ildə Rusiyada çar hökuməti devrildikdən sonra, Almaniya və Avstriya cəbhələrində xidmət edən minlərlə erməni əsgəri öz silahları ilə daşnaqların niyyətlərini həyata keçirmək üçün Bakıda cəmləşiblər. Bəzən böyük dövlətlər müharibə ocaqlarının yaranmasında ermənilərdən istifadə ediblər. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Cənubi Qafqazdakı tarixi ərazilərində etnik təmizlənmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə Azərbaycan türkləri, erməni daşnakları tərəfindən kütləvi surətdə qətllərə yetirilmiş, ata-baba yurdlarından deportasiyalara məruz qalmışlar. Azərbaycanın taleyi ilə bağlı olan bu tarixi məsələlərin öyrənilməsi 70 ildən çox müddətdə qadağan edilmiş, tədqiqatçılar məxfi arxivlərə yaxın buraxılmamışdır. XX əsrin əvvəllərində türklərin başlarına gətirdikləri qanlı faciələrdən doymayan ermənilər, illər uzunu fürsət düşdükcə, xaricdəki türk diplomatlarına və iş adamlarına qarşı terror əməliyyatları aparmışlar.
Ötən əsrin son illərində isə başlanan hadisələr zamanı ermənilər Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edərək torpaqlarımızın 20 faizini işğal etmişdirlər. Belə ki, 1988-ci ildən başlayaraq, ermənilər tərəfindən dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycanın tarixi torpaqları olan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı kimi məkanlarımız işğal olundu. 44 günlük Vətən müharibəsində Azərbaycan 30 ilə yaxın işğalda olan torpaqlarını azad etdi.
Bir faktdır ki, 1989-cu ilin dekabrında Ermənistanda baş verən zəlzələ nəticəsində, ora xarici ölkələrdən əsasən də, qərbdən, Suriyadan, Livandan, Beyrutdan və başqa yerlərdən, ərzaq əvəzinə, təyyarələrlə silahlar daşınmışdır. Sonralar bu bizlərə bəlli oldu. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanda zəlzələ zamanı, ata-analarını itirmiş 5 yaşından 12, 13 yaşlarına kimi, uşaqların dünya erməniləri tərəfindən qəyyumluğa götürüldüyünün teleefir və mətbuat vasitəsi ilə, şahidi olduq, o cümlədən bu uşaqların bir qismini isə, Macarıstan erməniləri də, qəyyumluğa götürdülər. Bəlkə də, həmin bu, erməni uşaqları indi Macarıstanda lazımi yerlərdə erməni xislətinə xidmət edirlər.
ERMƏNİLƏRİN İLK AZĞIN ƏMƏLLƏRİ 1988-Cİ İL FEVRALIN 12-DƏ ƏSGƏRANDA BAŞLADI
Azərbaycan xalqının başına gətirilən Xocalı faciəsi bəşəri dəyərlər və beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. Qətliamın köçürüldüyü lentlər saxlanılır. Bu kadrlara baxdıqca ermənilərin türk qanına necə susadığının şahidi oluruq. Həqiqətən də, ermənilər türk qövmünə qarşı düşmənçilik mövqeyindədirlər. Bunun isə tarixi kökləri olduqca qədimdir. Ümumiyyətlə, türk dünyasının inkişafını istəməyən ermənilər bizə qarşı informasiya müharibəsində əllərindən gələni ediblər. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuşdur. 1988-ci ildən Qarabağ ətrafında başlayan hadisələr kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Əlbəttə ki, bu hadisələrin həyata keçirilməsinə çoxdan hazırlıq gedirdi. Həmin vaxtlar isə ermənilərə havadarlıq edənlər, xüsusilə də, M.Qorbaçovun hakimiyyətə gəlməsilə bu proses daha da sürətləndi. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar da bunu hiss edirdi. Həmin vaxt Bakıya tez-tez məlumatlar verilirdi, ancaq bu, cavabsız qalırdı. Ermənilərin ilk azğın əməlləri 1988-ci il fevralın 12-də Əsgəranda başladı. Moskva bütün bunlara qarşı nəinki susurdu, hətta ermənilərə kömək də edirdi. Bu cür addımlar 1918-1920-ci illərdə də baş verib. Xocalının coğrafi mövqeyinə gəldikdə isə, bu şəhər erməni yaşayış məntəqələrinin tam əhatəsində idi. Xocalı nisbətən düzənlikdə, erməni yaşayış məntəqələri isə bundan yuxarıda yerləşir. Yəni Xocalıdakı hadisələri ermənilər rahat müşahidə edirdilər. Xocalı 1991-ci il noyabrın 1-dən 1992-ci il fevralın 25-nə qədər mühasirə şəraitində qaldı. Bütün əlaqələr vertolyotla, telefonla qurulurdu. Hadisə baş verəndə qaçıb canını qurtarmaq istəyən Xocalı sakinlərinin qabaqcadan xüsusi düzəldilmiş pusqulardan avtomat, pulemyot və digər silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilməsi ermənilərin azərbaycanlılara qarşı soyqırımı niyyətini bir daha sübuta yetirir. Beynəlxalq hüquq normalarına görə soyqırımı cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB