"Hakimiyyət Qarabağın Azərbaycanın tərkibində qalmasına razıdır" - Andranik Tevanyan

"Hakimiyyət Qarabağın Azərbaycanın tərkibində qalmasına razıdır" - Andranik Tevanyan

Ermənistan Parlamentinin xarici əlaqələr daimi komissiyasının iclasında Azərbaycan və Türkiyə parlamentləri tərəfindən “Şuşa bəyannaməsi”nin ratifikasiyası ilə bağlı “Ermənistan” fraksiyasının təklif etdiyi Ermənistan Milli Məclisinin bəyanatının layihəsi müzakirə edilib. “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Qurgen Arsenyan bildirib ki, fraksiyanın deputatları “Ermənistan” fraksiyasının təşəbbüsü ilə irəli sürülmüş bəyanat layihəsinə qoşulmayacaqlar.

O qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyi bu məsələyə ictimai bəyanatlar və şərhlər şəklində müraciət edib: “Ermənistan Parlamenti və Xarici İşlər Nazirliyi ümumi xarici siyasət yürüdürlər. Ermənistan hökumətinin proqramının əsas bəndi regionda davamlı sülhün bərqərar olmasıdır. Bu məqsədə çatmaq üçün və heç bir halda bu prosesin uğursuzluğa düçar olmaması üçün Ermənistan hakimiyyəti bütün riskləri və imkanları nəzərə alan müvafiq xarici siyasət yürüdür”.

“Ermənistan” fraksiyasından olan deputat Andranik Tevanyan bildirib ki, Ermənistan Milli Məclisi Türkiyə və Azərbaycan parlamentlərinin ratifikasiya etdiyi “Şuşa bəyannaməsi”nə cavab vermək və qiymətləndirmək məcburiyyətindədir. Andranik Tevanyanın sözlərinə görə, bu sənədin müddəaları Ermənistanın Müstəqillik Bəyannaməsinə, Ermənistanın və Qarabağın mövcudluğuna meydan oxuyur.

A.Tevanyan hesab edir ki, bu gün hakimiyyət Parlamentdə “rüsvayçı və biabırçı” qərar qəbul edib: "Bunun sürpriz olduğunu deyə bilmərəm. Amma mən hətta türkyönlü siyasətin hakim fraksiya tərəfindən bu qədər açıq və aydın qarşılanacağını gözləmirdim, çünki onların mahiyyətinə bələdəm”.

O qeyd edib ki, hakim “Vətəndaş müqaviləsi” əslində “Şuşa bəyannaməsi”nin lehinə səsə verib: “Onlar deputatları Qarabağın Azərbaycanın tərkibində qalmasına, Erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasının rədd edilməsinə, Zəngəzur dəhlizinə açılmasına çağırıblar. Biz bütün Türkiyə-Azərbaycan ilkin şərtlərini dəstəklədik. Bu, bizi yeni faciəyə aparacaq, vətəndaşlarımız bilməlidir ki, indi Ermənistan hakimiyyəti 1915-ci ilin təkrarını hazırlayır”.

Andranik Tevanyanın sözlərinə görə, Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycanla əməkdaşlıq edərək Ermənistanı yeni kapitulyasiyaya aparır.

Xatırladaq ki, parlamentin xarici əlaqələr daimi komissiyasının bu gün keçirilən iclasında “Şuşa bəyannaməsi”nin Azərbaycan və Türkiyə parlamentləri tərəfindən ratifikasiyası ilə əlaqədar “Ermənistan” fraksiyasının təklif etdiyi layihəsi müzakirə edilib.

“Vətəndaş müqaviləsi” fraksiyası “Ermənistan” fraksiyasının bəyanat layihəsinə səsvermədə bitərəf qalıb.
Fevralın 23-də Ermənistan parlamenti növbədənkənar iclas keçirəcək, onun gündəliyinə bir məsələ – “Şuşa bəyannaməsi”nin Azərbaycan və Türkiyə parlamentləri tərəfindən ratifikasiyası ilə bağlı Ermənistan Parlamentinin bəyanat layihəsi daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə