Azərbaycan-Çin əlaqələri: yüksələn xətlə inkişaf edən uğur tandemi ANALİTİK
Qarşıdakı illərdə münasibətlərin daha da dərinləşməsi yönündə münbit imkanlar həyata keçiriləcək
Azərbaycanla Çin Xalq Respublikası (ÇXR) arasında münasibətlərin qurulmasının 30-cu ildönümü ərəfəsindəyik. Bu tarix 2 aprelə təsadüf edir. Məhz iki ölkə - Azərbaycanla Çin arasında yaranan əlaqələrin inkişafı ötən illər ərzində kifayət qədər böyük yol qət edərək möhkəm təməllərə söykənir. Bu baxımdan da əminliklə qeyd etmək olar ki, Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimad üzərində qurulmuşdur. Yüksələn xətlə inkişaf edən ikitərəfli əlaqələrdə iki dost ölkənin siyasi bağlılıqları da belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, qarşıdakı illərdə münasibətlərin daha da dərinləşməsi yönündə münbit imkanlar həyata keçiriləcək.
O da təsadüfi deyildir ki, Azərbaycanda iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası (YAP) ilə Çin Kommunist Partiyası (ÇKP) arasında sıx əməkdaşlıq mühiti mövcuddur.
Tarixi bağlılıq!

Ölkələrimiz arasındakı əlaqələrimizin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tarixi addımları mövcuddur. Belə ki, məhz 1994-cü ilin martında Onun Çinə rəsmi səfəri münasibətlərimizin dayanıqlı təməlini qoydu.

Ulu Öndər Heydər Əliyev siyasi strategiyasının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə etdiyi dövlət səfərlərindən sonra isə əlaqələrimiz keyfiyyətcə daha yüksək səviyyəyə tərəf yüksəlib.

Bu illər ərzində həyata keçirilən layihələr də bu cür qənaətə gəlməyə əsaslar verməkdədir. 2019-cu ilin aprelində “Bir kəmər, bir yol” forumunda iştirak etmək üçün Azərbaycan Prezidentinin Çinə səfəri zamanı bu ölkə ilə 820 milyon ABŞ dolları dəyərində 10 saziş imzalanmışdır.
Son illərə qədər isə iki ölkə arasında çoxsaylı hüquqi sənədlər imzalanıb. Əbəs deyil ki, Azərbaycanda onlarla Çin şirkətləri qeydiyyatdan keçmişdir. Azərbaycan eyni zamanda, ÇXR-in Sədri Si Cinpinin Bir Kəmər Bir Yol təşəbbüsünü ilk dəstəkləyən ölkələrdəndir.
Si Cinpin: “Bizim əməkdaşlığımızın artıq bir sıra nəticələri var və bu əməkdaşlıq xalqlarımıza real fayda verir”

Əbəs deyil ki, Si Cinpin Prezident İlham Əliyevin Çinə etdiyi rəsmi səfəri zamanı Azərbaycanın Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb. “Siz həm də “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən birisiniz”, deyə dövlət başçımıza xitabən deyən ÇXR-in Sədri onu da vurğulayıb ki, Azərbaycan Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. SİTAT: “Bizim əməkdaşlığımızın artıq bir sıra nəticələri var və bu əməkdaşlıq xalqlarımıza real fayda verir. Sizinlə birlikdə ortaq səylərimizlə “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram.
Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram. Çin Kommunist Partiyası da Yeni Azərbaycan Partiyası ilə əlaqələri fəallaşdırmağa, dövlət idarəçiliyi təcrübəsini mübadilə etməyə, iki ölkə arasında qarşılıqlı etimadı möhkəmlətməyə hazırdır”.
İlham Əliyev: “Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik, bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edirik”
Daha bir mühüm məqam budur ki, müstəqil Azərbaycan qlobal əhəmiyyət kəsb edən neft və qaz kəmərlərinin çəkilişinin fəal iştirakçısıdır. Artıq ölkəmiz Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini uğurla reallaşdırmışdır. O cümlədən, Azərbaycan Çinlə enerji, qeyri-neft, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu bəyan edib.

Dövlətimizin Başçısı görüş əsnasında vurğulayıb: “Biz “Bir kəmər, bir yol” Forumunda iştirak etməyə dəvət olunmağımızı ölkəmizə xüsusi hörmət əlaməti, mənə münasibətdə dostluq əlaməti hesab edirik. Siz qeyd etdiniz ki, mən Sizin ölkənizin dostuyam, Azərbaycanda da Sizi Azərbaycanın xeyirxah dostu kimi tanıyırlar. Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik, bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edirik”.
Qeyd edək ki, Çinlə mədəni, humanitar sahələrdə əlaqələrin genişlənməsi günün tələbidir. Ölkəmizdə Çin dilinə, mədəniyyətinə maraq artmaqdadır.
Daha bir mühüm məqam Azərbaycanın Milli Məclisinin Çin parlamenti ilə sıx və davamlı əlaqələr qurması ilə bağlıdır. Bu gün parlamentlər arasında işçi qruplar fəaliyyət göstərir və eyni zamanda, deputatların çoxsaylı qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində görüşləri zamanı onları düşündürən məsələlərin müzakirəsi baxımından önəmlidir.
Qo Min: “Çin şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər”
Artıq sirr deyil ki, həm Çin Azərbaycanla, həm də Azərbaycan Çinlə həyatın ən müxtəlif sahələrində əlaqələri dərinləşdirmək niyyətindədir. Bu uğurlu tandemin məntiqi nəticəsidir ki, Çinlə Azərbaycan arasında mövcud olan yüksək siyasi dialoq iqtisadi-ticari münasibətlərə də müsbət təsirlərini göstərir. Bu kontekstdə kənd təsərrüfatı, nəqliyyat, təhsil, mədəniyyət sahələrindəki əməkdaşlığı da xüsusilə vurğulamaq olar.

Ən diqqətçəkən məqamlardan biri isə budur ki, daim Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edən ÇXR bu dəfə Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda - Qarabağ regionunun dirçəldilməsində iştirak etmək üçün aparıcı şirkətlərini təhkim etmişdir. Əbəs deyil ki, Çinin Azərbaycandakı səfiri, xanım Qo Min mövzu ilə bağlı münasibətini açıqlayarkən vurğulayıb: “Azərbaycan ilə Çin arasında dostluq münasibətləri mövcuddur. Çin şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər”.
O cümlədən, Azərbaycanın çox gözəl və əsrarəngiz ölkə olduğunu vurğulayan səfir deyib ki, Qarabağa, Şuşaya səfərdən çox məmnundur.
“Mən çox heyrətləndim. Qısa müddətdə bu qədər nəhəng işlər görülüb. Təəssüratlarım çox zəngindir”, deyə Qo Min qeyd edib.
Beləliklə, ikitərəfli əlaqələrin tərəqqisi hər iki ölkə üçün qarşıda daha münbit, geniş şəraitlər yaradır və bu əlaqələrin daha da möhkəmləndirilməsi paralel olaraq bütövlükdə böyük regional layihələrin reallaşdırmasına vüsət və təkan verəcək.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB