Qarabağ erməniləri beynəlxalq qaçqın statusu almaq istəsələr də... ANALİTİK

Qarabağ erməniləri beynəlxalq qaçqın statusu almaq istəsələr də... ANALİTİK

Ermənistan hakimiyyəti onların tələblərini rədd edir - səbəbi isə bəllidir

Qarabağ erməniləri İrəvanın mərkəzi meydanında mitinq keçirməklə “beynəlxalq qaçqın” kimi qeydə alınmalarını tələb edirlər və üstəlik, onu də tələb edirlər ki, onlara heç də material kömək lazım deyil, əksinə, Ermənistan hakimiyyəti qaçqın olduqlarına görə onlara biznes-kreditlər verməlidir. Bu da son deyil. Mitinq keçirən ermənilər Ermənistan hökumətindən qondarma “DQR”in tanınmasını da tələb edirlər. Maraqlıdır, son 30 ildə qondarma qurumu tanımayan Ermənistan 44 günlük müharibədən sonra həmin qərarı verməklə özünü birdəfəlik məhv etmək qərarınıa gələ bilərmi? Təbii ki, yox!

Ermənistan bu cür əlavə xərcləri də üzərinə götürsə, ümumiyyətlə, bir dövlət kimi xəritədə qalmaq şansını itirəcək

Lakin göründüyü kimi, mövcud vəziyyət və yaranmış situasiya bir sıra nəticələrə gəlməyə zəmin yaradır. Daha dəqiq desək, Qarabağ ermənilərinin məqsədləri başqadır. Belə ki, “qaçqın statusu” almaq onların qızıl xəyallarıdır. Ancaq başqa tərəfdən, İrəvan heç vaxt və əsla onlara bu rahatlığı təqdim etməyəcək. Çünki bu gün Ermənistan hakimiyyəti də yaxşı bilir və dərk edir ki, yaxın vaxtlarda BMT-nin xüsusi qiymətləndirmə komissiyası Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edərək həmin torpaqların işğal altında olduğu 30 ilə yaxın müddətdə hansı dağıntılara məruz qaldığını hesablayacaq. Bir sıra mənbələr həmin rəqəmin 100 milyard və daha çox olacağını bildirirlər və Ermənistan bu və ya digər şəkillərdə həmin vəsaiti Azərbaycana ödəməli olacaq. Bu baxımdan, İrəvan bütün bunları yaxşı bilir və onu da anlayır ki, heç bir iqtisadi və s. imkanları olmayan Ermənistan bu cür əlavə xərcləri də üzərinə götürsə, ümumiyyətlə, bir dövlət kimi xəritədə qalmaq şansını itirəcək.

Həmçinin, fakt budur ki, hazırda Ermənistanı on minlərlə insan tərk edir və belə bir demoqrafik sarsıntının qarşısında aciz qalan Ermənistanın Qarabağdan gələn qaçqınlara ayrıca status verməsi onların da ölkəni tərk etmələri ilə nəticələnəcək. Çünki qarabağlı ermənilərə beynəlxalq qaçqın statusu da məhz ona görə lazımdır ki, dərhal Fransaya, Belçikaya, Hollandiyaya, ABŞ-a və s. Qərb ölkələrinə üz tutarkən problemlər yaşamasınlar.

Qarabağdan Ermənistana getmiş ermənilər bundan sonra hələ çox müddət havadan asılı halda qalmalı olacaqlar

İrəvan həm də ona ümid edir və xəyallara dalır ki, guya o, Qarabağla bağlı “status” məsələsini gündəmdə saxlamağa və həmin erməniləri prosesə cəlb etməyə müvəffəq olacaq və s. Yəni Ermənistan hakimiyyəti belə düşünür ki, Qarabağ ermənilərinə beynəlxalq qaçqın statusunu verərsə, sonradan onları geri qaytara bilməyəcək. Lakin əvvəlcədən məlumdur ki, Bakı öz qətiyyətli sözünü deyib və heç Qarabağla bağlı heç bir status müzakirə mövzusuna çevrilə bilməz və çevrilməyəcək də! Azərbaycan üçün bu mövzu birdəfəlik qapanıb, ona görə də Qarabağdan Ermənistana getmiş ermənilər bundan sonra hələ çox müddət havadan asılı halda qalmalı olacaqlar. Sadəcə, bu, ermənilərin yeganə və gələcək müqəddəratlarını müsbət yöndə həll edə biləcək çıxış yolları mövcuddur - bu, Azərbaycan vətəndaşı olmaq statusudur. Ancaq onların bu imkandan da istifadə edəcəkləri inandırıcı görünmür. Ona görə də Ermənistanda mitinq keçirməklə “beynəlxalq qaçqın statusu” adını alacaqlarını düşünürlər. İrəvan isə göründüyü kimi, onların həmin tələblərini rədd edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə