Ağdamda yeni həyat

“Ağdam”sözü qədim türk dilində “kiçik qala”deməkdir. Uzaq keçmişdə bu ərazidə türkdilli qəbilələr özlərini müdafiə etmək üçün kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin bir növ oriyentinə çevrilib. Bu mənada “Ağdam” günəş şüaları ilə nurlanmış işıqlı ağ ev deməkdir.

Qədim zamanlardan oğuz yurdu olan Ağdam otuz ilə yaxın erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmişdir. Ağdam şəhərinin və rayon ərazisinin 73 faizini işğal edən ermənilər ərazidə görünməmiş vandalizm həyata keçiriblər. 27 il ərzində Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdam şəhərində səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırmışlar.

Azərbaycan Prezidenti İlham Əliyev erməni vəhşiliyi ilə bağlı danışarkən demişdir: Ağdam şəhəri yoxdur, o dağıdılıb. Qismən dağıdılmamış bir məscid qalıb. Şəhər azad ediləndə Azərbaycan bayrağını qaldırmağa bircə bina olmayıb. Bu, hərbi cinayətdir!

Ağdam indi yenidən qurulur. Rayonun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verir ki, qısa müddət ərzində Ağdam dirçəlsin. Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılır. Qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq. Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Artıq beş rezident işə başlayır. 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlar atır. Şəhərin gələcək inkişaf planlarında, ilk növbədə yaşayış binalarının inkişafı və iş yerlərinin açılması var.

Bu gün Azərbaycanda sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir. Onlar Ağdamda və digər işğaldan azad olunmuş ərazilərdə öz sahibkarlıq fəaliyyətini daha da genişləndirib bu yerlərin inkişafına təkan verəcəklər.

Bununla yanaşı, tarixi və dini abidələrin bərpa olunması işləri Heydər Əliyev Fondunun imkanları hesabına həyata keçirilir. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir.

Artıq Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilib. Bu gün görülən işlər, Azərbaycanı daha da gücləndirəcək, Dünya arenasında mövqeyini möhkəmləndirəcəkdir.

Şükufə Əhmədova

Xəzər rayonu, 125 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə